Bakı marşrutlarında avtobusların sayı günbəgün azalır - sanki kiminsə qəsdi var...
Bakıda hər gün marşrut xətləri üzrə gecikmələr az qala bir ənənəyə çevrilib. Elə bir istiqamət yoxdur ki, ora işləyən avtobuslar gecikmə ilə hərəkət etməsin. Müşahidələr göstərir ki, günü-gündən müxtəlif marşrut xətləri üzrə hərəkət edən avtobusların sayı azalır, nəticədə də gecikmələr baş verir, sərnişinlər bəzən 40-45 dəqiqə, 1 saat dayanacaqda dayanıb avtobus gözləyirlər.
Qeyd etdyimiz kimi, avtobuslar arasında bəzən interval 1 saata yaxın olur. Çoxlarımızın gündəlik istifadə etdiyimiz 205 saylı avtobuslar da son günlər intensiv olaraq gecikmə ilə hərəkət edirlər. Sərnişinlər sürücülərdən ləngimənin səbəbini soruşduqda onlar cavab verirlər ki, “BakuBus” bu xətt üzrə cəmi 8 avtobus buraxır. Onlar qeyd etdilər ki, təkcə 205 deyil, bütün marşurut xətləri üzrə 6-8 avtobus işləyir, şirkətlər avtobusları xəttə buraxmır. Hətta bəzi şirkətlərin sürücüləri ixtisara saldığı iddia edilir. Şəhərin ictimai nəqliyyat sistemi yenə niyə iflic duruma salınıb? Avtobusların gecikməsinin səbəbi nədir? Nə baş verir və bu problem nədən qaynaqlanır?
“Camaatı ictimai nəqliyyata səsləyə-səsləyə ictimai nəqliyyatı da bərbad vəziyyətə qoyublar”
Nəqliyyat üzrə ekspert Elməddin Muradlı “Bakı-Xəbər”ə bildirdi ki, bu sahədə çox ciddi problemlər var: “Bu gecikmələr artıq intensiv hal almağa başlayıb. Bakı Nəqliyyat Agentliyi (BNA) yarıtmaz fəaliyyətini ortaya qoyub və ortaya qoymaqdadır da. Onun nəticəsidir ki, sərnişinlər hər gün yollarda qalır, problemlə üzləşirlər. Əslində nə baş verir? Təsəvvür edin ki, cənab Prezidentin sərəncamı ilə milyonlarla vəsait ayrılıb və ölkəyə 2015-ci ildən bu yana 715 ədəd “BakuBus”da indi idarə olunan IVECO və BMC markalı avtobuslar gətirilib. Bu yaxınlarda Hesablama Palatası üzə çıxardı ki, bu avtobusların 300-ü hazırda heç bir işə yaramır. Çünki Bakı Nəqliyyat Agentliyi həmin o 300 avtobusu söküb bərbad hala salıb və başqa avtobuslar üçün ehtiyat hissələri kimi istifadə edib. Yəni bu birbaşa xəyanətdir, cinayətdir, bunun da cavabı verilməlidir. Biz ictimai nəqliyyatın inkişafına çalışarkən Bakı Nəqliyyat Agentliyi həmin o 300 avtobusu niyə bərbad vəziyyətə salıb? İndi “BakuBus” Azərbaycan İnvestisiya Holdinqinin tərkibinə keçib və orada yenə də avtobusların bir hissəsi BNA-nın əlində qalıb, bir hissəsi isə “BakuBus”a verilib. Bu avtobusların BNA-da qalmasının da səbəbi odur ki, o vaxt ölkəyə gətiriləndə “Bakubus”ların texniki pasportuna BNA ya bilərəkdən, ya bilməyərəkdən hüquqi şəxs kimi BNA-nı yazdırıb. Yəni öz adlarını qeyd etdirib. Bu tamamilə qanunsuz hərəkət idi və publik hüquqi şəxs olaraq onlar özləri bu işlə məşğul ola bilməzdilər, çünki o avtobuslar “BakuBus” üçün gətirilib”.
E.Muradlının sözlərinə görə, BNA qanunsuz olaraq o avtobusların texniki pasportunda qeydiyyat zamanı öz adını yazdırıb, indi də təhvil-təslim məsələsində bu, problem olaraq ortaya çıxır. E.Muradlının qeyd etdiyinə görə, BNA zamanla demək olar ki, əksər marşurutları digər daşıyıcı şirkətlərin əlindən alıb tender elan etdi və elə şərtlər qoydu ki, bütün tenderlərin hamısında özü qalib gəldi: “Bu gün dediyimiz 715 avtobusun 300-ü istismara yararsızdır, qalan 415-nin də ən azı 100-ü, 110-u gündəlik xəttə çıxmır. Yəni “BakuBus” bu avtobusları xəttə buraxmır, çünki qənaət rejiminə keçiblər. Yanacağın qiyməti bahalaşıb, xərclər arıb, ehtiyat hissələrinin qiyməti qalxıb, xərcləri ödəyə bilmirlər (yəni istismar xərcləri var-E.M) ona görə də xəttə buraxılan avtobusların sayını azaldıblar. Mümkün qədər az avtobus buraxırlar. Hətta məndə olan məlumata görə, “BakuBus”un hazırda 415 avtobusu olduğu halda şənbə-bazar günləri 280-290 avtobusu xəttə buraxır. Adi günlərdə isə 300, 310 arası avtobus buraxılır, yenə 100 avtobusu “yeyirlər”, xəttə buraxmırlar. Eyni proses digər daşıyıcı şirkətlərdə də gedir”.
E.Muradlının bildirdiyinə görə, yanacağın qiyməti bahalaşdı və dövlət də elan etdi ki, daşıyıcı şirkətlərə dotasiya veriləcək, onlar qiymətləri artırmasın, amma bu gün həmin dotasiyanı almaq mümkün deyil:“Çünki o şirkətlərin əksəriyyəti qanuni fəaliyyət göstərməyib, rəsmi iş qurmayıb, işçilərlə əmək müqaviləsi bağlamayıb və sair. İndi onların rəsmi göstəriciləri olmadığına görə onlara o dotasiyanı vermirlər. Əvvəllər 40-50 qəpiyə aldıqları dizeli indi 80 qəpiyə alırlar, ehtiyat hissələri bahadır. Təsəvvür edin ki, bir təkər komplektində ən azı 300-500 dollar arası bahalaşma var, ehtiyat hissələrində də hımçinin. Daşıma şirkətləri də belə qalıb ki, niyə 30 qəpiyə sərnişin daşıyım? Dövlətə təkliflər verirlər, dövlət onlara əlavə dotasiya kimi vəsait ayırmır, ayıra bilmir, yaxud maraqlanmır, ya da gediş haqqı bahalaşmalıdır. Bax, ona görə belə düşünürəm ki, məqsədli şəkildə əhalini narazı salırlar, sərnişinləri incidirlər, avtomobilləşməyə məcbur edirlər. Yəni hərəkətlərlə dolayısı ilə sərnişinləri məcbur edirlər ki, imkan düşən kimi gedib özlərinə maşın alsınlar. Halbuki, BNA dünənə qədər avtomobilləşmə lazım deyil, mümkün qədər ictimai nəqliyyata üstünlük vermək lazımdır deyirdi. Camaatı ictimai nəqliyyata səsləyə-səsləyə ictimai nəqliyyatı da bərbad vəziyyətə qoyublar. Problem budur, gecikmə ona görə baş verir, interval bu səbəbdən yaranır...”