Banner

Bakı-Quba yolunda qəzaların sayı niyə birdən-birə artdı – Ekspert səbəbləri AÇIQLADI

Yazarlar 21 İyun 2022 20:00 Oxunub 1952
Bakı-Quba yolunda qəzaların sayı niyə birdən-birə artdı – Ekspert səbəbləri AÇIQLADI
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Son vaxtlar Bakı-Quba yolunda tez-tez yol-nəqliyyat hadisələri baş verir və xüsusən, ağır qəzaların şahidi olmaqdayıq. Demək olar ki, qəzaların əksəriyyəti ölümlə nəticələnir. Son vaxtlar bu hadisələrin çoxalması ciddi narahatlıq doğurmağa başlayıb. Bəs hadisələrin səbəbi nədir? Nə üçün birdən-birə həmin yolda qəzaların sayı artmağa başlayıb? 
Bu suallara yol-hərəkəti qaydaları üzrə ekspert Elməddin Muradlı cavab verib. O, Avtosfer.az-a bildirib ki, Bakı-Quba yolunda baş verən yol-nəqliyyat hadisələri bir daha onu göstərir ki, yolda yol hərəkətinin təşkili və digər məsələlər düzgün tənzimlənməyib: “O yolda hazırda təmir işləri aparılır və bəzi sürücülər buna heç bir əhəmiyyət vermir. “Yol-hərəkəti haqqında” qanuna görə, təmir işləri aparılan ərazidə xüsusi və müvəqqəti yol nişanları quraşdırılır, nişanlanma xətləri çəkilir. Sürücülər üçün xəbərdarlıq nişanları qoyulur ki, bu qaydalara əməl eləsinlər. Hal-hazırda bir istiqamətdə qarşılıqlı iki hərəkət zolağı təşkil olunub ki, sürücülər həmin zolaqlar üzrə qarşılıqlı hərəkət edirlər. Amma bəzi təmkinsiz sürücülər var ki, mütləq iki-üç maşın qabağa düşmək üçün qaydaları pozur, ötmə əməliyyatı aparır. Hansı ki, həmin nöqtədə ötmə etmək ümumiyyətlə, qadağandır. 
Düzdür, başa düşürəm ki, bəzən asta hərəkət edən ağırtonnajlı nəqliyyat vasitələri  qabağa düşür, sürücülər də hövsələsizlik edib onu ötməyə çalışırlar. Amma bu, düzgün deyil, çünki bu yol başdan-başa təmirə bağlanmayıb. Yolun bir hissəsi təmirə bağlanıb və həmin hissədə də təmkinlə hərəkəti davam etdirmək lazımdır”.
Elməddin Muradlı deyir ki, əvvəllər də həmin yolda hadisələr olub. Çünki yolun konfiqurasiyasına uyğun sürət ejimi tətbiq edilmirdi. Bakı-Quba 110 km/saat sürət qoyulması səhv addım idi. Ona görə ki, həmin nöqtədə yolların tez bir zamanda sıradan çıxması, sürücülərin tez-tez dağılmış zolaqdan digər zolaqlara manevr etməsi qəzalara səbəb olurdu: “Ona görə də sürət həddi aşağı salındı, indi 90 km/saat sürət müəyyənləşdirilib və hadisələrin sayı nisbətən azalmağa başlayıb. Amma son vaxtlar başlayan təmir işləri ilə bağlı sürücülərdə hövsələsizlik, təmkinsizlik var, düşünürəm ki, hadisələrin baş verməsi sırf bununla əlaqədardır. Ona görə yol polisinin etdiyi çağırışlara biz də qoşuluruq, sürücüləri səbirli olmağa çağırırıq. Həmin ərazidə hər metrdən bir polis qoyub nəzarət eləmək mümkün deyil. Nəzarət üçün insanlarda şüur var və bu şüuru ərazidə mövcud vəziyyətə uyğun istifadə etmək lazımdır. Əgər bir insan başa düşürsə ki, bu təhlükəlidir, o zaman o əməli etmək olmaz. Biri tələsib qarşı yola çıxırsa onun kimi düşünən başqa bir sürücü də qarşı tərəfdən yola çıxır və bir də görürsən qarşı-qarşıya toqquşma baş verir. Bir neçə gün öncə baş vermiş toqquşmada iki xanım həlak oldu, yaralılar da oldu. 
Belə hadisələr artıq narahatlıq doğurmaqdadır. Ötən həftənin elə günü olub ki, bir gündə yeddi nəfər yol-nəqliyyat hadisəsində ölüb. Digərində dörd nəfər həyatını itirib. Son şənbə-bazar gününün statistikasına baxırıq ki, iki gün ərzində səkkiz nəfər yol-nəqliyyat hadisələrində ölüb. Bunlar çox böyük itkidir. Bunun qarşısını almaq öz əlimizdədir. Səbrli, təmkinli olmaq, yol-hərəkəti qaydalarına əməl etmək lazımdır”.


Nərminə Əli

ŞƏRH YAZ
Ad

E-mail

Şərh