Bakı-Sumqayıt yolunun çökməsinin ŞOK səbəbi

Yazarlar 8 Oktyabr 2015 10:54 Oxunub 4361
Bakı-Sumqayıt yolunun çökməsinin ŞOK səbəbi
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Ən təhlükəlisi odur ki yaratdıqları süni təpəcikdəki yaşıllıq mütəmadi olaraq suvarılır

Bakı-Sumqayıt yolu sürücü və sərnişinlərin ən çox əzab çəkdiyi yollarımızdan biridir. Dünəndən bu yolun avtovağzal qarşısındakı hissəsisndə baş verən sürüşmə isə bunu cəhənnəm əzabı səviyyəsinə çatdırıb.

Bu yolda xeyli problemlər var ki, onlar yolu əzab məkanına çevirir. Amma bu səbəblərdən bəziləri, özü də ən ciddiləri süni olaraq yaradılıb. Söhbət bir neçə il əvvəl bu yolun Biləcəri yaxınlığındakı hissəsində yaradılan süni təpələrdən gedir. Doğrudan da, bunu sağlam təfəkkürə sığışdırmaq olmur: axı necə ola bilər ki, ölkənin ən gərgin yüklənmiş şose yolunun hərəkət hissəsi də qismən zəbt olunmaqla dəmir-beton və daş hasar çəkilir, daha sonra onun arxasına min tonlarla torpaq tökülərək təpə yaradılır? Bunu edənlər şübhəsiz ki, nə etdiklərini dərk etmirlər. Bəs DYP-yə və bu yolun sahibi olan “Azəryolservis”ə nə deyək? Axı onlar gözəl bilirlər ki, belə yolun hərəkət hissəsindən sonra ən azı 3 metr enində yol çiyni olmalı, bundan sonar isə 30 metrlik mühafizə zonası saxlanılmalıdır. Həmin mühafizə zonasında iki daşı da bir-birinin üstünə qoymaq qadağandır, nəinki yol boyu dəmir-beton və daş hasar çəkmək. Görün iş nə yerə çatıb ki, ötən il milyonlar hesabına körpü tikilərək yol genişləndirildi, amma xəstə təfəkkürün məhsulu olan həmin təpələri sökməmək üçün körpünün qulağındakı yol körpünün özündən düz bir hərəkət zolağı (təxminən 2-3 metr) ensiz qaldı. İnanın ki, dünyanın heç yerində körpü qulağında yolun körpüdəkindən ensiz olduğunu görə bilməzsiniz, amma bizə bunu da göstərdilər.

Qayıdaq dünənki sürüşməyə. Əminliklə deyirəm ki, bu sürüşmənin də əsas səbəbi həmin əcaib təpələrdir. Hər şey çox sadədir. Sürüşən yerdə yolun kənarı yarğan olduğundan ora (avtovağzalın qarşısına) istinad divarları çəkilib. Amma elə orada yolun kənarında həmin süni təpəcik uzanıb gedir. Təpəciyin enini, uzunluğunu və hündürlüyünü nəzərə alsaq görərik ki, onu yaratmaq üçün yolun həmin qırağına bir neçə yüz (bəlkə də bir neçə min) ton torpaq tökülüb. Bax həmin torpaq istinad divarı üçün əlavə yükdür. Amma bu hələ hamısı deyil. Ən təhlükəlisi odur ki bu təpəcikdəki yaşıllıq mütəmadi olaraq (yəqin ki, hər gün) suvarılır. Həmin suyun bir qisminin sürəkli olaraq yol kənarında örtüyün altına və istinad divarının arxasına sızmasına isə heç bir şübhə ola bilməz. Abşeron ərazisində islanmış torpağın necə yumşaldığını isə bilməmiş olan yoxdur. Ümumiyyətlə, yolun örtüyünün altına su keçirsə və yolun yatağı islanırsa, həmin yolun sıradan çıxması qaçılmazdır. Belə sızma kifayət qədər hündür yarğan olan yerdə baş verdikdə isə hətta istinad divarlarının da dağılması, çatlaması və ya çökməsi mümkündür.

Beləliklə, mənim fikrimcə, ölkəmiz üçün strateji əhəmiyyət daşıyan və nəinki respubluka əhəmiyyətli, hətta beynəlxalq əhəmiyyətli yol olan Bakı-Sumqayıt yolunun çökməsinin yeganə səbəbi yol kənarında yaradılan təpə və onun suvarılmasıdır. Bu fikri Ekologiya və Təbii sərvətlər Nazirliyinin təmsilçisi də səsləndirib.

Amma bunun belə olub-olmadığı araşdırılmalıdır. Özü də araşdırmanı ekoloqlar yox, hüquq-mühafizə orqanları aparmalıdır. Söhbət strateji əhəmiyyət daşıyan dövlət mülkiyyətinə xüsusilə külli miqdarda ziyan vurulmasından, vətəndaşların rahatlığının ciddi şəkildə kütləvi pozulmasından gedir. Ona görə də Respublika Prokurorluğu bu fakt üzrə cinayət işi başlamalı, ekoloqlordan, mühəndislərdən ibarət mütəxəssisləri də dəvət edərək araşdırma aparmalıdır. Əminəm ki, obyektiv və təfsilatlı araşdırma aparılsa, bu təpəciklərin müəlliflərinin və buna yol verənlərin əməllərində Cinayət Məcəlləsinin bir neçə maddəsində təsbit olunan cinayətlərin əlamətləri tapılacaq. Bu, həm də belə qanunsuzluqlara son qoymaq, yollarımızı bərbad günə qoyanları durdurmaq üçün yaxşı imkan olar.

İndi isə gözləyək, görək necə olur.

 

Ərşad Hüseynov,

hüquqşünas

ŞƏRH YAZ
Ad

E-mail

Şərh