Bakı yollarında piyadalar sürücülürə qarşı - ARAŞDIRMA
Kim günahkardır - piyada, yoxsa sürücü?
Paytaxt Bakıda mütəmadi olaraq piyadaların iştirakı ilə yol-nəqliyyat hadisələri baş verir. Bu qəzaların bir çoxunda insan tələfatı qeydə alınır. Avtosfer.Az xəbər verir ki, bu yaxınlarda bakucity.az-a açıqlama verən DYP rəsmisi Vaqif Əsədov bildirmişdi ki, yol qəzalarının 60%-nə səbəb piyadalar olur. Yəni qəza çox vaxt küçəni düzgün qaydada keçməyənlərin ucbatından baş verir. Amma piyadanın günahı olduğu təqdirdə belə sürücülərində cəzalandırılması barədə iddialar dolaşır. Əksər sürücülər bu qənaətdədirlər və onlar bu prosesdən şikayətçidirlər. Bakucity.az mövzu ilə bağlı mütəxəssislərlə söhbətləşib. Materialımızı təqdim edirik.
Ekspert: “Piyadalar hesab edirlər ki, hamı onlara yol verməlidir!”
“SİPƏR-HOO” sürücülərə yardım ictimai birliyinin sədri Fazil Məmmədov paytaxt yollarındakı vəziyyəti şərh edərkən bildirib ki, yol hərəkəti qanunları bir çox hallarda düzgün icra olunmur: "Bizim təşkilat piyadaların günahı ucbatından sürücülərin cəzalandırılmaması ilə bağlı 300-dən çox imza toplayıb və sənədləri demək olar, bütün instansiyalara: Prezident Aparatına, Ali Məhkəməyə, Baş Prokurorluğa, Daxili işlər Nazirliyinə göndərib, amma sorğumuza konkret cavab gəlməyib".
Ekspertin sözlərinə görə, “Yol hərəkəti haqqında Qanun”un 6-ci fəslində dəqiq göstərilir ki, yol hərəkəti qaydalarının pozulmasında günahkar olan şəxs qanunvericilikdə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyır. Piyadanın zərər çəkdiyi qəzada günahkar sürücüdürsə cəza almalıdır. Bədən xəsarətinin ağırlıq dərəcəsindən asılı olaraq sürücü Cinayət Məcəlləsinin və İnzibati Xətalar Məcəlləsinin maddələrinə uyğun cəzalandıra bilərlər. "Əgər qəza piyadanın günahı ucbatından baş veribsə, onda sürücü fiziki olaraq toqquşmanın qarşısını almağa qadir deyil. Bu, 200 manatdan 400 manatadək pul cəriməsi, bir il müddətinə sürücülük hüququndan məhrumetmə, yaxud böyük cərimə ödənilməsi ilə həbs cəzası nəzərdə tutan inzibati cəza şəklində özünü göstərə bilər", - deyə ekspert davam edib. “Məcəllənin “Yüksək sürət"lə bağlı 328-ci maddəsinə əsasən sürücü yolverilən sürətlə getməyə borcludur ki, lazım gələrsə, maşını tez dayandırmağa müvəffəq ola bilsin", - ekspert deyir və amma əlavə edir ki, yol nəqliyyat hadisəsi piyadanın günahı ucbatından baş verəndə belə, polis idarələrində əksər hallarda sürücünü günahkar bilirlər və deyirlər ki, sürət həddi aşılıb, əks halda, qəzadan qaçmaq olardı. Bu ədalətli deyil! Əgər qəza piyadanın günahı ucbatından baş veribsə: yola qəfil çıxıbsa, təyin olmayan yerdən yolu keçibsə və s. onda sürücü fiziki cəhətdən toqquşmanın qarşısını almağa qadir deyil. Lakin, nəticədə, məhkəmə bəzən sürücünü günahkar bilən qərar çıxarır. Belə çıxır ki, Azərbaycanda qanunlar var, amma onlar düzgün icra olunmur! Əgər sürücülər istənilən halda cəzalandırılırsa, onda piyadalar hesab edirlər ki, hamı onlara yol verməlidir!”.
Polis: "Əgər qəza piyadanın günahı ucbatından baş veribsə, o, məsuliyyətə cəlb olunur"
Dövlət Yol Polisi idarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Rüfət Quliyev Bakucity.az-a açıqlamasında bildirdi ki, hər bir yol nəqliyyat hadisəsi diqqətlə araşdırılır: "Yol nəqliyyat hadisələri təhqiqat və ya istintaq orqanı tərəfindən araşdırılır. Qəza zamanı baş verən halların qiymətləndirilməsi aparılır. Bütün nüansları nəzərdən keçirdikdən sonra hadisənin səbəbi müəyyənləşdirilir.
Rüfət Quliyev də 2018-ci il ərzində yol nəqliyyat hadisələrinin statistikasını açıqlayıb: "Cari ilin 11 ayı ərzində 1642 yol qəzası qeydə alınıb. Onlardan 760-ı piyadaların iştirakı ilə olan yol-nəqliyyat hadisələridir ki, nəticədə 310 nəfər ölüb və 500 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb. Piyadaların öz günahı ucbatından baş verən 97 yol-nəqliyyat hadisəsi faktı qeydə alınıb. Həmin qəzalarda 34 nəfər ölüb, 64 nəfər yaralanıb", - deyə ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi fikrini yekunlaşdırıb. Sonda qeyd edək ki, insan öz həyatına görə ilk növbədə özü məsuliyyət daşıyır. Vətəndaş ilk növbədə öz təhlükəsizliyi barədə düşünməli, həmçinin başqalarının həyatını və taleyini təhlükəyə atmamalıdır.