Bakı küçələrində ölüm yarışı: Qanadlı yeməkdaşıyanlar - VİDEO
Çoxumuz rahatca evimizdə oturub onlayn yemək sifarişi veririk. Və həmin yeməyi qapımıza ən qısa müddətdə çatdırmaq üçün kuryerlər sözün əsl mənasında sürət yarışına girirlər. Və bu yarış əksər hallarda ölümlə nəticələnir.
Sifarişin çatdırılma müddəti isə şirkət tərəfindən kuryerlərin telefonuna yüklənən tətbiq vasitəsi ilə təyin olunur. Beləcə gecikmə olmasın deyə, marafon başlayır. Bellərində yemək, sanki yollarda ölümlə yarışa çıxırlar. Kuryerlərin çoxu deyir ki, onların işində tələsməmək mümkün deyil.
Nəqliyyat eksperti Rövşən Həsənov deyir ki, şirkətlər kuryerləri işə qəbul edən zaman onların yaş həddini nəzərə almır. Həddi-buluğa çatmayan şəxslər kuryer kimi işə cəlb olunur. Onlar isə gecikməsinlər deyə, piyadalar üçün nəzərdə tutulan səkilərdən belə istifadə edirlər: “Hazırda paytaxtımızda kuryer xidmətləri kifayət qədər çoxalıb. Ələlxüsus da bunlar həddi buluğa çatmamış şəxslərdir. Əksər hallarda kuryer xidmətləri mühərrik həcmi az olan və sürücülük vəsiqəsinə ehtiyac olmayan moped və motosikletlərə üz tuturlar ki, bu da qəza şəraitlərinin, ölümlərin sayının artmasına səbəb olur. Təsəvvür edin ki, hətta piyada səkiləri üzərində hərəkət edən nəqliyyat vasitələri ilə kifayət qədər təhlükəli manevrlər edən kuryerləri müşahidə edirik. Bu da çox təhlükəli bir məqamdır”.
Ekspert deyir ki, Milli Məclisdə məsələ qaldırılmalı, şirkətlərin kuryerləri işə götürməsi qanunla tənzimlənməlidir. Əks halda qəzalar daha da çoxalacaq.
Əvvəllər yemək çatdırılma şirkətində kuryer kimi çalışan İsa Şiriniov da deyilənləri təsdiqləyir. Onun sözlərinə görə, çalışdığı bir il ərzində kifayət qədər qanunsuzluqlarla qarşılaşıb: “Çalışdığım bir il ərzində kuryerlərin haqları çox tapdalanıb. Müştərinin ünvanı uzaq olsa da, bizə verilən məsafə 10-15 dəqiqə olur. Buna görə də moped və motosiklet sürücüləri məcbur qalır ki, sürətlə sürsünlər. Moped sürmək üçün sürücülük vəsiqəsi lazım deyil. Bəzən təcrübəsiz insanlara da moped, motosiklet verirlər. Bunun da qarşısı alınsa yaxşı olar”.
İsa Şirinov deyir ki, onları tələsdirən təkcə şirkətlər deyil, həm də müştərilərdir: “Sifariş verən insanlar belə bizim haqqımızı tapdayırlar. Yağışlı, küləkli havada motosiklet sürmək çox çətin olur. Onlar bizə deyir ki, tələsin, biz yenə də məcbur qalırıq ki, sürətlə sürək, öz canımızı təhlükəyə ataq”.
“Norma” Hüquq Mərkəzinin direktoru Şamil Paşayev deyir ki, müştəriyə sifarişi çatdırmağa tələsən bu kuryerlərin şirkət tərəfindən nə həyatları, nə də sağlamlıqları sığortalanır: “15 dəqiqə ərzində yeməyi çatdırmasan bu pulu sənin əmək haqqından çıxılacaq kimi şərt qoymaq, adamları tıxacın bu həddində ölümə göndərmək, xəsarət almağa göndərmək kimi bir şeydir. Onların nə həyatları sığortalanır, nə fəaliyyətləri, nə də sağlamlıqları sığortalanmır. Konkret olaraq bu, həmin kuryerlərin istismarı deməkdir. Həyat, sağlamlıq sığortaları olmalıdır. Bu insanlar gündə 8 saatdan artıq işləməli deyillər. Biz onlar ilə söhbət edən zaman deyirlər ki, həftəlik iş normasının 60 saata qədər qalxdığını müşahidə edə bilirik”.
Söhbətləşdiyimiz kuryerlərin əksəriyyəti iş başında olduqlarından şirkətlər tərəfindən istismar olunduqlarını etiraf edə bilməsələr də, həmin şirkətlərin kuryerləri ölümlə yarışmağa göndərdikləri heç kimə sirr deyil. 2020-ci ildə “Dominos Pizza”nın təşkil etdiyi "30 dəqiqəyə çatmasa, ödəniş etməyin" aksiyası da buna əyani sübutdur. Həmin aksiya zamanı Ülvi adlı gənc “30 dəqiqəlik” kampaniyanın qurbanı oldu. O, “Atatürk” prospektində motosikleti ilə qəzaya düşərək vəfat etdi. Gəncin yaxınları, sosial şəbəkələrdə bu tip kampaniyalara etiraz etdilər. Amma bu etirazlar Ülvi kimi gənclərin ölümünə əngəl olmağa yetmir.
Yeri gəlmişkən qeyd edək ki, son bir ayda motosiklet, moped və skuter qəzası nəticəsində 54 nəfər yaralanıb. Onlardan 5-nin vəziyyəti ağır olduğu üçün xəstəxanaya yerləşdirilib, 49 nəfər isə ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb. Bu şəxslərin 24-ü motosiklet, 7-si moped, 23-ü isə skuter qəzası zamanı yaralanıb.