Bakıda 92 il əvvəl baş vermiş qəzanın təfərrüatları – İSTİNTAQ MATERİALLARI ƏSASINDA

Yazarlar 11 Yanvar 2022 08:16 Oxunub 2586
Bakıda 92 il əvvəl baş vermiş qəzanın təfərrüatları – İSTİNTAQ MATERİALLARI ƏSASINDA
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Keçmiş SSRİ-də təyyarə bir çox rayonun başlıca nəqliyyat vasitəsi olub. 70-ci illərdə avtobus reysləri intensivləşənədək Bakıdan rayonlara təyyarə ilə gedib-gəlmək norma idi. Elə “Yol əhvalatı” filmini yada salmaq kifayətdir. Təbii ki intensiv istismar zamanı təyyarə qəzaları  da baş verirdi. Lakin senzura dövründə bu xəbərlərdən yalnız dövlət orqanlarının xəbəri olur, hadisə barədə məlumatlar məxfi xarakter daşıyırdı. 
Azərbaycan SSR-də ilk təyyarə qəzalarından biri 18 yanvar 1930-cu ildə Bakıda baş verib. Rus mənbələrində əldə etdiyimiz mənbələrdə qəza belə təsvir edilir:
“Добролёт” (Aeroflotun sələfi) cəmiyyətinin pilot və bortmexanikdən ibarət heyəti saat 06.05-dən Bakıdan Tiflisə uçuşa başlayır. Ələtdə güclü dumana düşən təyyarə geri qayıdaraq 06.50-də Keşlə aeroportuna enir. 08.00-da təkrar havaya qalxan təyyarə Tiflisə yol alır və saat 12.05-də təhlükəsiz şəkildə təyinat aeroportuna enir. Saat 12.33-də göyərtəsində 2 sərnişin olan təyyarə geriyə, Bakıya yola düşür və yolüstü Gəncə stansiyasına 46 kq poçt bağlaması atır. Təyyarə saat 16.10-da Bakı aeroportuna yaxınlaşır. Keşləyə çatmağa 1 km qalmış təyyarə alatoranda qəzaya uğrayır. Pilot və 2 cərnişin həlkak olur, bortmexanik 3 saat sonra təyyarənin qalıqları arasından yaralı halda çıxır. 
İstintaq müəyyən edib ki, təyyarə Bibiheybət mədənləri tərəfdən aerodroma yaxınlaşıb. Görmə şəraiti pisləşdiyi üçün eniş zamanı qanad dəmir yol xəttinin kənarındakı teleqraf dirəyinə dəyərək aşırıb. Təyyarə dəmir yol xəttindən 50 metr aralıda arxası üstə yerə çırpılıb. 
İstintaq materiallarına görə, Bakı-Tiflis hava xəttinin texniki təchizatı aşağı səviyyədə olub. Cəmi 2 pilot və 2 təyyarə olduğu halda, bakılı pilotlar əlavə olaraq ayda 2 dəfə  Tiflis-Bakı-Pəhləvi (İranın Ənzəli şəhərinin 1925-1980-ci illərdəki adı) beynəlxalq reysini yerinə yetiriblər.  Məlum olub ki, qışda havanın tez qaralmasını nəzərə almadan aerodrom rəisləri təyyarənin Bakıya uçuşuna icazə veriblər. Pilot isə özünəarxayınlıq nümayiş etdirib.
Bu yerdə bir haşiyə çıxaq ki, 50-ci illərədək təyyarələr gündüz uçuş həyata keçirirdilər. Naviqasiya cihazları təkmil olmadığından hava gəmiləri alçaqdan uçur və, aviasiya termini ilə desək, vizual uçuş edirdilər. Yəni, teleqraf dirəkləri, dəmir və avtombil yollarına baxaraaq uçurdular. Bu da dumanlı havada uçuşu qeyri-mümkün edir.   
Hadisə yerindən çəkilən fotolara gəlincə, bu materiallar əlçatan deyil. Hətta qəzada zərər çəkənlərin də adları istintaq sənədlərində dəyişdirilib. 
TEXNİKİ MƏLUMAT
Təyyarəni tipi - K-4 
Istehsal ili  - 1933
Qeydiyyat No - СССР-225
Avtosfer.az olaraq xatırladaq ki, K-4 tipli təyyarələri sovet konstruktoru Konstantin Kalinin layihələndirib. 1929-cu ildə istismara verilmiş təyyarələr Xarkov aviasiya zavodunda cəmi 39 ədəd istehsal olunub.

 

Vüqar Yaşaroğlu

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh