Banner

Bakıda avtomobil sıxlığını azaldacaq təklif

Yazarlar 14 May 2015 18:31 Oxunub 2057
Bakıda avtomobil sıxlığını azaldacaq təklif
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Bu ideya kreativ olsa da, təəssüf ki, qanunvericiliyə ziddir

Son vaxtlar yollarımızda svetoforla nizamlanan bəzi yolayrıclarında maraqlı mənzərəyə rast gəlirik. Svetoforun yanında düzünə hərəkət nəzərdə tutulan zolaqlar qarşısında 1.2 nişanlanma xətti (stop-xətt) qoyulur, sağa dönmək üçün nəzərdə tutulan zolaqda isə stop-xətt qoyulmur. Amma yolun sağ tərəfində həm də 2.5 “Dayanmadan keçmək qadağandır” nişanı qoyulur. Bunu edənlər demək istəyirlər ki, svetofor yalnız düzünə və ya sola hərəkət edənlərə aiddir, sağa hərəkət edənlər isə 2.5 nişanının tələbinə uyğun, yəni nişanın yanında dayanaraq yol verilməli olan hərəkət iştirakçısı varsa, ona yol verdikdən sonra hərəkət etməlidirlər. Başqa sözlə, demək istəyirlər ki, sağa dönmə istiqamətinə svetoforun aidiyyəti yoxdur.

Belə mənzərə Mətbuat prospekti ilə Ə.Haqverdiyev küçəsinin kəsişməsində, Balaxanıdan Zabrat yoluna çıxan kəsişmədə və bir neçə başqa yerdə var. 

Öncə qeyd etmək istəyirəm ki, bu ideya kreativdir. Amma təəssüf ki, qanunvericiliyə ziddir. Çünki hazırda mövcud olan qanunvericilik eyni yolayrıcında istiqamətlərdən birinin svetoforla tənzimlənməsini, digərinin isə üstünlük nişanı ilə tənzimlənməsini nəzərdə tutmur. 2.5 nişanının bu məqsədlə tətbiqi də nəzərdə tutulmur. Şübhəsiz ki, belə tənzimləmənin başqa hüquqi məqamları da açıqdır. Nəticədə həmin ideya heç bir səmərə vermir. Çünki sürücülər üçün bunun nə demək olduğu aydın deyil. Ümumiyyətlə, bu tipli məsələlərə münasibətdə sürücülərimizi iki qrupa bölə bilərik: a) hərəkət qaydalarından bəsit anlayışı olanlar; b) qaydaları yaxşı bilənlər. Birincilər onsuz da svetoforun qırmızı işığını çıxmaqla çox az şey bilirlər və hərəkətin belə təşkilinin nəyi ifadə etdiyini anlamayaraq bundan istifadə etməyəcəklər. İkinci qrupa aid olan sürücülər isə qaydalarda belə bir şeyə rast gəlmədiklərinə görə həmin sxem üzrə hərəkətdən çəkinirlər (cərimədən qorxurlar). Nəticədə, belə kreativ ideya heç bir əhəmiyyət daşımır. 

Bəs bunu necə həyata keçirmək olar?

Sualın çox asan və sadə cavabı var: Bunu əvvəlcə qanunvericiliyə daxil etmək, daha sonra ictimaiyyətə izah etməklə icrasına nail olmaq lazımdır. Dünyanın xeyli ölkəsində bunun gözəl nümunəsi də var. Yolayrıclarının buraxıcılıq qabiliyyətinin artırılmasında çox əhəmiyyətli olan və şəhərlərdə tıxacları və sıxlığı azaldan belə tənzimləmə “qırmızı işıqda sağa dönmə” adlanır. Onun tətbiqi də çox asandır. Bunun üçün nə əlavə svetofor bölməsinə, nə də 2.5 nişanına ehtiyac var. Belə tənzimləmənin mümkün olduğu yolayrıcında şəkildə gördüyünüz kimi svetoforun qırmızı işıq bölməsinin yanına üstündə sağa istiqamətlənən yaşıl ox olan sadə bir nişan qoymaq yetərlidir. Təbii ki, bunun mümkünlüyünü və nəyi ifadə etdiyini qanunvericilikdə təsbit etmək əsas şərtdir. Həmin nişan sürücülərə bildirir ki, bu yolayrıcında svetoforun qırmızı və sarı işığı yananda da sağa dönərək hərəkət etmək olar. Lakin bu zaman sağa dönərkən döndüyün yolu keçən piyadalara və hərəkətinə icazə verilən nəqliyyat vasitələrinə yol vermək lazımdır.

Əminəm ki, bunu qısa müddətdə qanunvericiliyə gətirmək və real həyata keçirmək olar. Bunu edə bilsək, Bakının xeyli yolayrıclarında sıxlığı əhəmiyyətli dərəcədə azaltmaq olar. Bu ideya qeyd etdiyim şəkildə icra olunduqda sürücülərimizin əlavə sualları da ortaya çıxmaz.

 

 

Ərşad Hüseynov,

Yol hərəkəti üzrə ekspert

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh

Vüqar 15 May 2015 11:05
Hörmətli avtosfer.az. Bu metod Gürcüstanda sovet dövründən tətbiq edilir. Sağa daimi yaşl işıq prinsipi