Banner

Bakıda bahalı parkinq qiymətləri: Narazılıq yaradır

Yazarlar 17 Noyabr 2023 13:09 Oxunub 718
Bakıda bahalı parkinq qiymətləri: Narazılıq yaradır
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Azərbaycanda yeni yaradılan parklanma sistemi vətəndaşların narazılığına səbəb olub. 

Çünki “AzParking” tətbiqi tariflərinin baha olması diqqət çəkir. Belə ki, Bakı şəhərinin mərkəzində parklanma tarifi saat üçün 1 manat müəyyən olunub. Digər ərazilərdə isə 1 saat üçün həmin tarif 30, 40 və 70 qəpikdir. Əlbəttə ki, bu rəqəmlər kifayət qədər yüksəkdir.

Qiymətlər saatlıq hesablandığını nəzərə alsaq, işə şəxsi avtomobilləri ilə gedənlər üçün böyük vəsait tələb olunduğunu görərik. Sözügedən sistemə şəhərin bütün küçələrində rast gəlmək mümkündür. 

8 saatlıq iş rejimi zamanı avtomobillərini park edənlərdən olduqca yüksək ödəniş tələb olunur. Əgər şəxsin iş yeri şəhərin mərkəzindədirsə, parkinq xidməti üçün ödəniş 8 manat, digər ərazilərdə isə orta hesabla 3-6 manat arası dəyişəcək. Bu rəqəm orta hesabla ayda 120-200 manat edir. Təbii ki, bu da minimum əmək haqqı ilə işləyənlər üçün gəlirinin yarısını parkinq xidmətinə vermək deməkdir.

Axı nə üçün müəllim, həkim və ya digər peşə sahibləri avtomobilin parkinqi üçün ayda 120-200 manat ödəməlidir? 

Nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı “Cümhuriyət”ə açıqlamasında bildirib ki, işləyən insanların parklanma xidmətindən istifadə etməsi üçün hansısa yol tapılmalıdır: 

“Düşünürəm ki, tariflər qısamüddətli parkinq edənlər üçün normaldır. Amma indi iş yerləri parklanma yerlərinin yanında olanların məsələsi gündəmdədir. Yəni gündəlik 8-10 saat işləyən şəxslər avtomobillərinin parklanması üçün qiymətlərin çox baha olduğundan şikayət edirlər. Aidiyyəti qurumlar isə bunun nəzərə almasının yaxşı nəticə verməyəcəyini deyirlər.

Onlar parklanma yerlərinin daim boş qalmasını istəyirlər ki, digərləri də ondan istifadə edə bilsinlər. Əslində məntiqlə düzgün yanaşmadır. Dövlət qurumlarının nümayəndələri deyir ki, işə gələn şəxslər avtomobillərini 8 saat avtomobili park edirlərsə, ictimai nəqliyyatdan istifadə etsinlər. Bu zaman isə ictimai nəqliyyatın xidmətinin keyfiyyəti ilə bağlı suallar ortaya çıxır. Onlar söyləyirlər, avtomobilinizi şəhərin kənarında saxlayaraq, ictimai nəqliyyatla işə gedin. Yəni arqument bundan ibarətdir.

Lakin bəzi adamlar ictimai nəqliyyatdan istifadə etməyi özlərinə sığışdırmırlar və ya sıxlıq olduğu üçün metroya və avtobusa minə bilməməkdən gileylənirlər. Bu kimi problemlər də var. Hamının ictimai nəqliyyatdan istifadə etməsini o vaxt tələb etmək olar ki, avtobus və metro saat kimi işləməlidir. Lakin bu gün pik saatlarda metro və avtobuslara minmək olmur. Ona görə də insanları qınamaq olmaz”. 

Həmsöhbətimiz qeyd edib ki, parklanma tarifləri müəyyən olunandan sonra parkinq yerlərində boş yerlər tapmaq mümkündür: 

“Əvvəl xəstəxanaya gedən adam ətrafda parkinq yeri tapa bilmirdi. İndi isə boş yerlər tapmaq olur. Çünki insanlar parklanma xidməti üçün pul vermək istəmirlər. Maşınla işə gələnlər çıxış yolu olaraq avtomobillərini gedib məhəllələrdə saxlayırlar. Yəni yoldakı problem aradan qaldırmışıq, amma onu məhəllələrə, binaların həyətinə göndərmişik. İndi də sakinlər ətrafda şirkətlərin, ofislərin nümayəndələri avtomobillərini onların həyətlərində saxlamasından narazılıq edirlər.

Onda isə ekoloji problemlər ortaya çıxır. Bu gün məhəllələrdə maşın əlindən tərpənmək olmur. Məsələn, bizdən 300 metr kənarda işləyən şəxslər avtomobillərini gəlib ofisimizin həyətində saxlayırlar. Soruşanda isə işinin yanında yeni yaradılan parkinq yerinin çox baha olduğunu deyirlər. Amma bu da çıxış yolu deyil”. 

Elməddin Muradlı vurğulayıb ki, aidiyyəti qurumlar bu məsələlərə bir daha baxmalıdır: 

“Çünki qiyməti baha qoyaraq, insanları parkinqdən uzaqlaşdırılar. Sürücülər indi binaların həyətini zəbt edirlər. Bəs sonra nə olacaq? İctimai nəqliyyat isə alternativ ola bilmir. Əgər ictimai nəqliyyat yaxşı işləsə, onda bu barədə sual verə bilməyəcəyik. Bu gün isə həmin alternativ göstərə bilmirik. Məsələn, Mərdəkandan şəhərə işləməyə gələn şəxs “Koroğlu” metrostansiyasının yaxınlığında avtomobilini park edib, ictimai nəqliyyatla yoluna davam edə bilməlidir.

Yəni aidiyyəti qurumların dediyi fikir budur. Amma “Koroğlu” metrostansiyasının ətrafında 3 maşın saxlayan kimi aləm bir-birinə dəyir. Orada geniş parkinq də yoxdur. Amma “Avtovağzal”da təxminən 2 min avtomobil saxlamaq üçün parkinq yeri var. Sumqayıt, Abşeron, Xırdalan şəhərlərindən Bakıya gələnlər avtomobillərini orada saxlaya bilərlər. Fikrimcə, onun üçün də simvolik bir qiymət qoyulmalıdır. Yüksək qiymət olacağı təqdirdə yenə sərf etməyəcək”. 

Ekspert başqa nümunələr də göstərib: 

“Məsələn, şəhərə xəstə gətirən adama avtomobilini ““Avtovağzal”da saxla, piyada gəz” demək olmaz. Rayonlardakı tibbin və təhsilin vəziyyəti də məlumdur. Ona “Xəstəni avtobusla apar” demək də mümkün deyil. Yəni burada çox qarışıq məsələlər var. Məsələn ki, Respublika Klinik Xəstəxanasının qarşısında və ətrafında bir dəfə də boş yer tapmaq mümkün deyil.

Həkimlərin və işçilərin maşınları axşama kimi orada olur. Ora gələn xəstələr və ya xəstə yanına gələnlər də parkinq yeri tapa bilmirlər Onlar da məcburi şəkildə maşınlarını müxtəlif yerlərdə saxlayırlar. Nəticə etibarilə, vəziyyət nəzarətsiz qalır. Belə çıxır ki, xəstəyə və xəstə yanına gələn üçün həkim avtomobili ilə işə getməməlidir. Bu da düzgün yanaşma deyil”. 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh