Bakıda başabəla dairə - Sürücülərin cərimələnmə yeri - FOTOLAR
Son günlər sürücülər Bakıda “Atletlər kəndi” kimi tanınan ərazidə ("Koroğlu" metrosstansiyasının yaxınlığında) ötən il salınmış dairəvi yolayrıcında tez-tez DYP əməkdaşları tərəfindən saxlanılaraq cərimə olunmalarından şikayətlənirlər. Orada söhbətin nədən getdiyini və hansı problemin olduğunu aydınlaşdırmaq üçün həmin yerə baş çəkərək vəziyyəti təhlil etdim. Maraqlı mənzərə yarandı.
Avtosfer.az bildirir ki, “Atletlər kəndi”nin arxası ilə Heydər Əliyev prospektinə paralel olaraq Xəlil Rza Ulutürk küçəsi yerləşir. Bu küçədən Z.Bünyadov prospekti, daha sonra Böyükşor parkı və Olimpiya stadionu istiqamətinə geniş bir yol ayrılır. X.R.Ulutürk küçəsinin həmin yerində dairəvi hərəkət təşkil olunmuş geniş yolayrıcı var. Bu yolayrıcında dairədə üç yol birləşir. Maraqlıdır ki, bu dairədə hərəkətin təşkilində ən azı iki ciddi qüsur var.
1. Hər üç yola dairəyə daxil olarkən baş yol statusu verilir. Birincisi, belə nizamlamanın hansı zərurətdən irəli gəldiyi məlum deyil. Çünki orada hərəkət intensivliyi o qədər aşağıdır ki, istiqamətlərdən hansısa üzrə hərəkət şiddətini digərlərindən fərqləndirmək və ona baş yol statusu vermək üçün hər hansı meyar yoxdur. İkincisi, dairəyə daxil olan yolların üçü də dairədə iki istiqamətə şaxələnir və buradan belə bir sual çıxır ki, baş yol daha sonra hansı istiqamət üzrə davam edir? Yəni əslində belə yerlərdə baş yolun istiqamətini bildirən 7.13 lövhəciyi də olmalıdır. Hazırda bu lövhəcik yoxdur.
2. Hər üç istiqamətdə dairə boyunca hərəkətdə olan nəqliyyat vasitələrinin qarşısına 2.5 “Dayanmadan keçmək qadağandır” nişanı qoyulub. Yəni dairədə hərəkətdə olan sürücü dairədən çıxmaq istəyərkən yol vərəcəyi nəqliyyat vasitəsi olmasa da, stop-xətt qarşısında dayanmalı və yalnız bundan sonra hərəkətini davam etdirməlidir. Sürücülərin cərimələnməsinin səbəbi də elə budur. Dairə boyunca hərəkət edən sürücü görür ki, həmin yollarda ümumiyyətlə nəqliyyat vasitəsi yoxdur və stop-xətt qarşısında dayanmadan hərəkət edir. Bunu görən DYP əməkdaşı isə sürücünü saxlayaraq cərimə yazır. Burada yol hərəkətinin təşkilinin ən ciddi problemi də elə budur. Çünki yol nişanlarının tətbiqinə dair beynəlxalq və milli qanunvericiliyin tələbinə əsasən, 2.5 nişanı qapalı sahələrdən (binaların, təpəciklərin, hündür ağacların arxasından və s.) çıxış yerlərində o halda qoyulur ki, belə yerdən yola çıxmaq istəyən sürücü kəsişən yolda nəqliyyat vasitələrinin olub-olmadığını zəruri məsafədən görə bilməsin. Haqqında danışdığım dairədən isə kəsişən yollar göz işlədikcə, yəni bir neçə yüz metr məsafədən aydınca görünür. Belə olan halda həmin yerə uzaqbaşı 2.4 “Yol verin” nişanı qoyulmalıdır.
Ümumiyyətlə, həmin dairədə yol hərəkətinin bu qaydada təşkilinin heç bir məntiqini və qanunauyğunluğu görmürəm. Həmin dairədə də yol hərəkəti əksər digər dairələrdə olduğu kimi təşkil edilməlidir, yəni dairəyə daxil olan sürücü dairə boyunca hərəkət edənlərə yol verməlidir. Bu isə o deməkdir ki, həmin dairədən hazırda qoyulmuş bütün 2.1 “”Baş yol”, 2.5 “Dayanmadan keçəmək qadağandır” nişanlarını yığışdırmaq, dairədə çəkilmiş stop-xəttləri də silmək lazımdır. Bir daha vurğulamaq istəyirəm ki, orada hazırda mövcud olan hərəkət şiddəti, yəni müxtəlif istiqamətlər üzrə nəqliyyat axını, habelə görünmə şəraiti belə hərəkət sxemini tam olaraq inkar edir.
Həmin ərazidə xidmət edən DYP əməkdaşları isə hərəkətin təşkilindəki belə qüsurdan istifadə etməsələr, daha yaxşı olar.
Ərşad Hüseynov,
hüquqşünas