Banner

Bakıda cəncələ düşənlər: var, amma yoxdur... - REPORTAJ

Yazarlar 14 Avqust 2015 13:43 Oxunub 1993
Bakıda cəncələ düşənlər:  var, amma yoxdur... - REPORTAJ
WhatsApp kanalımıza abunə ola bilərsiniz
"Kart üçün validator aparatlar yerləşdiriləcək dedilər, ancaq yerləşdirilməyib"

İctimai nəqliyyatlarda kartla ödəniş sisteminin tətbiqinə artıq çoxdan başlanılıb. Avtosfer.az xəbər verir ki, həmin tarixdən etibarən isə 743 ədəd avtobusda kart sisteminin tətbiqinə keçmək üçün validator qurğuların yerləşdiriləcəyi nəzərdə tutulmuşdu.

Ancaq sərnişinlər yenə də köhnə qayda ilə nağd pul ödənişi edirlər. Sərnişinlərin çoxu isə buna məcburdur,  çünki kartdan istifadə etmək üçün avtobusların əksəriyyətində validator qurğular mövcud deyil. "Kart üçün validator aparatlar yerləşdiriləcək dedilər, ancaq yerləşdirilməyib", - deyə  11 nömrəli marşrutun sürücüsü bildirir.

Halbuki, may ayının sonuna kimi kart sisteminin tətbiqi nəzərdə tutulan avtobuslardan biri də 11 nömrəli marşrut idi.

Dayanacaqda dayanıb validator qurğuların yerləşdirildiyi başqa bir avtobus gözləyirəm. Dayanacağa yaxınlaşan 88 nömrəli avtobusda həmin aparatlardan görən kimi dərhal minib maraqlanmaq istədim. Ancaq sürücü işləmədiyini dedi: 

"Kart sisteminə keçirik" deyilən vaxtdan bu aparat quraşdırılıb, ancaq həmin gündən işləmir".

Sürücü ilə sağollaşıb növbəti avtobusu gözləyirəm.

Müşahidə etdiyim avtobusların əksəriyyətində həmin kart sistemi üçün nəzərdə tutulan qurğulardan görmədim. 

"Bizə də o yeni avtobus sürücüləri kimi maaş verilsə, kart, ya nağd pul olduğuna önəm vermərik", - deyə 46 nömrəli avtobusun sürücüsü dayanacaqda gözləyən yeni sərnişin avtobusunu işarə edir.

Qeyd edək ki, həmin sərnişin avtobuslarının sürücülərinə aylıq təxminən 600 manat ödənilir və 8 saatlıq iş rejimində çalışırlar.

Dayanacaqda gözləyən 85 nömrəli avtobusa yaxınlaşdım ki, kart sisteminin işləyib-işləmədiyini öyrənim, burada da qurğu yox idi.

Sürücünün kart sisteminin sərf edib-etməyəcəyi ilə bağlı fikrini öyrənmək istəyəndə isə  çəkinərək: "Maaş sistemi olsa, yaxşı olar", - dedi. Daha bir 11 nömrəli avtobus sürücüsü isə kart sistemi ilə bağlı ürəyi dolu imiş sanki.

"Kart olsa, pulu verməyib orta qapıdan qaçan sərnişinlərdən canımız qurtarar", - deyən bu gün kart sistemini dəstəkləyən ilk sürücü idi.

Onun fikrincə, sürücülərə aylıq maaş verilsə, sərnişinlərin nazı ilə də oynamaq olar.

-  Bizə dedilər ki, kart olandan sonra maaş veriləcək. Elə olsa, yaxşıdır. Həm əlimiz pula dəyməyəcək.  Pulu verməyib qaçan sərnişinlərdən canımız qurtaracaq. Sürücülərə hörmət artar".

Elə sürücü ilə kart sistemi haqqında söhbət edirdik ki, avtobusa minən sərnişin:  "Soyğunçuluq edirlər", - deyə etiraz etdi.

O, gündə bir kart icad edirlər deyə narazılıq edir.

- 3 manat verib o biri kartı aldıq. Hanı, heç işləmir. İndi də 2 manata bu kartı satırlar. Camaatı soyurlar ancaq.

Kart qurğularının yerləşdirilməsi nəzərdə tutulan 49 nömrəli avtobusda heç bir qurğuya rastlamadıq. 49 nömrəli avtobusun sürücüsü isə kart sistemi ilə  razıdır, bircə maaş sistemi tətbiq olunsa.

Sürücülər maaşlarının 85%-ni gündəlik plana verirlər. Bununla kart sisteminin heç sərf etməyəcəyini deyən 85 nömrəli avtobus sürücüsü bildirir ki, əgər kart sistemində kart dolmasını gözləyib, dolandan sonra yarısını plana versək, sərf etməz.

Bütünlüklə kart sisteminə keçən yeni avtobuslarda isə bununla bağlı heç bir narazılıq yoxdur. Sərnişinlər də kart sisteminə əməl edirlər.

Bəzən sərnişinlərin bəziləri məlumatsız olduğu üçün problem yaranır, kartları olmur. Belə halda dayanacaqlarda yerləşdirilən "BakıKart" terminallarından müvəqqəti  kart alıb minirlər.

Məsələ ilə bağlı Nəqliyyat Nazirliyinin də münasibətini öyrəndik. Qurumun mətbuat xidmətinin rəhbəri Namiq Həsənov lent.az-a açıqlamasında bildirdi ki, hazırda Bakıda fəaliyyət göstərən sərnişin avtobuslarının yarıdan çoxunda kart sistemi üçün lazım olan aparatlar quraşdırılıb: "Avtobuslarda olan aparatlar işləyir, sadəcə kart sisteminə tam keçilməyib deyə hələ aktivləşdirilməyib. Bu proses mərhələ-mərhələ tətbiq olunacaq. Bu işləri birdən-birə tətbiq eləmək mümkün deyil".

Nazirliyin sözçüsü deyib ki, artıq 1000-dən çox avtobusa bu aparatlar yerləşdirilib.

N.Həsənovun sözlərinə görə, "Baku bus"ın avtobuslarının hamısında artıq kart sistemi tam tətbiq edilir. Digər avtobuslarda da yaxın zamanlarda tam olaraq kart sisteminə keçilməsi nəzərdə tutulub. Sözçü onu da bildirib ki, kart sisteminə keçirilən avtobusların hamısının sürücüləri maaşla işləyəcək və plan vermək məsələsi aradan qalxacaq: "Köhnə avtobuslar da kart sistemi ilə işə başlayandan sonra onların sürücüləri də maaş alacaq.  Bu məsələ də nazirlik tərəfindən gündəmdə saxlanılır. Sürücülərə verilən maaşların miqdarını isə biz yox, sahibkarlar özləri müəyyənləşdirəcək. Çünki sürücüləri Nəqliyyat Nazirliyi yox, marşrut sahibləri işə götürür".

Namiq Həsənov onu da qeyd edib ki, kart sistemi tətbiq olunandan sonra sahibkarlar gəlir vergisini elektron şəkildə dövlət büdcəsinə ödəyəcəklər: "Avtobuslar kart sisteminə keçəndən sonra sahibkarlar gələn qazanc əsasında dövlət büdcəsinə vergi ödəyəcək. Ona görə əvvəlki sistem kökündən dəyişdirilir. Hazırda kart sistemi tətbiq olunmadığı  üçün həmin vergi büdcəyə nağd olaraq köçürülür. Kart sisteminin tətbiqindən sonra isə həm sürücülərin maaşı, həm də  gəlir vergisi elektron olaraq büdcəyə köçürüləcək".

Nəqliyyat Nazirliyinin mətbuat xidmətinin rəhbəri kart sisteminin bu ilin sonuna qədər yekunlaşdırmaq istədiklərini bildirib: "Avtobuslarda kart sisteminə keçid bu ilin sonuna və yaxud da gələn ilin əvvəllərinə qədər tam başa çatacaq. Prosesin gecikməsinə səbəb Bakı və Bakı ətrafı ərazilərdə 2800-dən artıq avtobusun fəaliyyət göstərməsidir.  Avtobuslara bu avadanlıqların qoşularaq hazır vəziyyətə gətirilməsi zaman tələb edir. Biz istərdik ki, bu ilin sonuna qədər bu məsələni həll edək.  Bu proses yaxın zamanda çox sürətlə görüləcək".

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh