Reklam

Bakıda cərimələnən piyadaların sayı 250 minə çatır

Yazarlar 7 Fevral 2015 12:38 Oxunub 2032
Bakıda cərimələnən piyadaların sayı 250 minə çatır
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Vaqif Əsədov: «Piyadalar sürücülərə nisbətən yol hərəkəti qaydalarının pozulmasında davamlı hərəkət edir»

 

Ərşad Hüseynov: «Gün ərzində bir neçə milyon piyada yol hərəkəti qaydalarını pozsa da, 50-100 nəfəri məsuliyyətə cəlb olunur»

 

Yol nəqliyyat hadisələri nəticəsində sürücü və sərnişinlərlə yanaşı həyatını itirən, müxtəlif xəsarətlər alan piyadalar da çoxdur. Sürücü ehtiyatsızlığı nəticəsində müəyyən hadisələr baş verirsə, çox zaman piyadalar yol hərəkəti qaydalarına əməl etmədiyi üçün həyatını təhlükəyə atmış olurlar. Gündəlik müşahidələr də piyadaların yol hərəkəti qaydalarına riayət etmədiyini göstərir.

Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov “Üç nöqtə”yə bildirdi ki, piyadalar üçün yol hərəkəti qaydaları sadə olsa da, bu gün Azərbaycanda orta statistik vətəndaşlar bu qaydaları çox primitiv şəkildə bilir, bəzən isə heç bilmir: “Bilənlər də elə düşünür ki, bu qaydalara cərimələnməməkdən ötəri riayət etmək lazımdır. Azərbaycanda ölkə üzrə yol-nəqliyyat hadisələrində ölənlərin 40 faizə yaxını piyadalar olur. Hər il demək olar ki, bu statistika təkrarlanır. Hər il Azərbaycanda 400 nəfərdən çox piyadanı maşın vurub öldürür. Bundan iki dəfə çox piyada şikəst olur, xəsarət alır”.

Ekspertin sözlərinə görə, piyadaların maarifləndirilməsi işinin genişləndirilməsi vacibdir: “Əslində işıqforun piyadalar üçün qırmızı işığı yandıqda yolu keçməyin qadağan olunduğunu bilənlər var. Maarifləndirmə yolu ilə bunu elə təbliğ etmək lazımdır ki, vətəndaş bu qaydalara riayət etməyin nə dərəcədə vacib olduğunu anlasın. Maaifləndirmə yox dərəcəsindədir. Bu istiqamətdə işləmək lazımdır».

Piayadaların yol hərəkəti qaydalarını pozması zamanı cərimələnməsinə gəlincə, Ə.Hüseynov bildirdi ki, qaydalara riayət etməməyə görə cərimələmək axırıncı variantdır: “İnsan canlı davranış nümayiş etdirməlidir. Cərimə ondan ötəridir ki, bu insan şüurludur, ağlı kəsir, amma ictimai qaydalara biganə yanaşır. Belə olan halda cərimə tətbiq olunur. Azərbaycanda gün ərzində bir neçə milyon piyada yol hərəkəti qaydalarını pozsa da, onlardan 50-100 nəfər məsuliyyətə cəlb olunur. Qaydaları pozanların hamısını cərimələmək də mümkün deyil. 20 manatlıq cərimə kifayət qədər böyük məbləğdir. Piyadalar məsuliyyətli olmalı və bilməlidirlər ki, icazə verilməyən yerdən keçərlərsə, mütləq cəzalanacaqlar. Amma indi polislər müəyyən yerlərdə dururlar və bir piyadanı cərimələyirlər, üçünü yox. Bu da normal yanaşma deyil. Bu, mədəniyyət, yanaşa məsələsidir və təbliğ etmək lazımdır”. 

Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polkovnik Vaqif Əsədov deyir ki, hər kəs piyadalar üçün nəzərdə tutulan yol hərəkəti qaydalarını bilməli və ona riayət etməlidir: «Bakı şəhərində piyadaların avtomobillə vurulması yol nəqliyyat hadisələrinin 51 faizini təşkil edir. Bu, artıq çox ciddi narahatlıq doğurur. Eyni zamanda, piyadalar sürücülərə nisbətən yol hərəkəti qaydalarının pozulmasında davamlı hərəkət edir. Bu da yaxşı hal deyil. 2014-cü il ərzində piyadalara 139 mindən artıq protokol yazılıb və onlar qanunvericiliyin tələbinə uyğun məsuliyyətə cəlb edilib. İlin əvvəlindən bu günə qədər isə Bakı şəhəri üzrə 500-dən artıq piyada məsuliyyətə cəlb edilib. Piyadalar da sürücülər kimi işıqforun tələblərinə uyğun hərəkət etməli, yolu keçərkən diqqətli olmalı, yaxınlaşmaqda olan nəqliyyat vasitəsinin sürətini təyin etməlidir. Ən azından özünün təhlükəsizliyinin təmin edilməsi və başqa hərəkət iştirakçılarının da hərəkətinə mane olmaması üçün yol hərəkəti qaydalarını öyrənməlidir”. 

Vaqif Əsədovun sözlərinə görə, 2013-cü ildə piyadaların avtomobillə vurulması ümumi hadisələrin 52,6 faizini təşkil edirdisə, 2014-də bu rəqəm 51 faizə düşüb: «Bu da onunla əlaqədardır ki, hər il piyadaların məsuliyyətə cəlb edilməsi işində müsbət göstəricilərin əldə edilməsi nizam-intizamın yüksəldilməsinə səbəb olur. 2013-cü ildə 100 min piyadanı saxlayıb məsuliyyətə cəlb etmişdiksə, 2014-də bu rəqəm 139 min oldu. İstər-istəməz piyadaların avtomobillə vurulması hallarının sayı aşağı düşdü. Bu da «Yol hərəkəti haqqında» qanunun tələbinin yerinə yetirilməsi ilə bağlıdır. Hansı ki, bütün hadisələri təhlil edirik və görürük ki hadisələrin baş verməsinə səbəb tələblərin pozulmasıdır. Yol hərəkəti ilə bağlı tələblər yerinə yetirilirsə, deməli, yol hərəkətində mədəniyyət səviyyəsi yüksəkdir və mədəniyyət formalaşır».

V.Əsədov deyir ki, jurnalistlər də təbliğat işinin aparılmasında DYP-nin işinə yardımçı olmalıdırlar: “Cənab Prezidentimiz tərəfindən xüsusi tapşırıq verilib ki, təbliğat və maarifləndirilmə işləri gücləndirilsin. Bu baxımdan, biz də yol polisi olaraq fəaliyyətimizi 3 istiqamətdə qurmuşuq. Birinci, hərəkətin təşkilini təmin etməyə çalışırıq. Gündəlik ərazini dəfələrlə müayinə edirik, çatışmamazlıqların aradan qaldırılması üçün təkliflər veririk və hərəkətin təşkili ilə bağlı bütün tələblərin yerinə yetirilməsi istiqamətində işlər görürük. İkincisi, təbliğat işlərini yaymağa, maarifləndirmə işlərini yüksəltməyə çalışırıq. Bu da təkcə yol polisinin məlumatı hansısa qəzet, TV, radio və ya hansısa internet şəbəkəsi ilə elan etməsindən asılı deyil. Bütün media bu informasiyaların yayılmasında maraqlı olmalıdır. Üçüncüsü, biz ərazi dislakasiya üzrə təhkim edilmiş yerlərdə təbliğat işlərinin aparılması ilə yanaşı, intizam məsuliyyətinə cəlbetmə işlərini aparırıq ki, bunu da yol hərəkətində nizam-intizamın yüksəldilməsi kimi qiymətləndirmək lazımdır».

 

Aygün Asimqızı,

Ucnoqta.az

ŞƏRH YAZ
Ad

E-mail

Şərh