Banner

Bakıda elektrik mühərrikli avtobuslara keçiləcək? - Açıqlama

Yazarlar 12 May 2023 15:42 Oxunub 862
Bakıda elektrik mühərrikli avtobuslara keçiləcək? - Açıqlama
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Ötən ay Bakında marşrut xəttinə ilk elektrik mühərrikli avtobus buraxılıb.

Çindən alınan avtobus hazırda sınaq müddətindədir.

Bəs, Bakıda bu avtobuslardan istifadə əlverişli ola bilərmi? Gediş haqlarında fərq olacaqmı?

 

 

Mövzu ilə bağlı nəqliyyat üzrə ekspert Elməddin Muradlı Bakupost.az -a bildirib ki, test mərhələsində olan layihə müvafiq qurumlar tərəfindən bəyənilsə də, hələ ki konkret qərar verilməyib:

“Bakıda bu cür avtobuslardan istifadə uyğundur. Hətta buna görə “Xaliq Faiqoğlu” şirkəti ilə bir layihə hazırladıq. Layihəni bir sıra dövlət qurumları da bəyənib. İqtisadiyyat Nazirliyi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Bakı Nəqliyyat Agentliyi bu layihə ilə tanış olub. Hələ ki konkret cavab verilməyib. Pilot layihə kimi də qəbul oluna bilərdi. Sadəcə, belə müsbət, ətraf mühiti çirkləndirməyən, insanların rahatlığına xidmət edən layihələr bəzən hansısa kabinetlərdə ilişib qalır”.

Ekspertin sözlərinə görə, yanacaq işi ilə məşğul olanlar elektrik mühərikli nəqliyyat vasitələrinin ortaya çıxmasını qısqanclıqla qarşılayacaq. Ancaq buna baxmayaraq, o, artıq bu sistemə keçməli olduğumuzu vacib sayır:

“Bu, dünyada gedən bir prosesdir. Hər halda buna keçid etməliyik. İndiyə qədər yanacaq və dizellə işləyən avtobuslar fəaliyyət göstərib. Amma BNA sıxılmış təbii qazla işləyən avtobuslara keçid edib. Çoxları bunun təhlükəli olduğunu, partlaycağını deyirdi. Zaman bunun əksini göstərdi. İndi isə qazla işləyən avtobuslara tam keçid etməmiş, elektrik mühərrikli avtobuslar qapımızın ağzındadır”.

E.Muradlı bildirib ki, bu avtobuslara keçid etdikdə gediş haqlarında müəyyən fərqlər olacaq

“Bu avtobusların biri 1 milyon manata başa gəlir. Sadəcə, bir hissəsini dövlət, bir hissəsini daşıyıcı şirkətlər qarşılasa, buna keçid edə bilərik. Qiyməti baha olduğu üçün gediş haqlarında da fərq olacaq. Ümumilikdə, qiymətləri Tarif Şurası tənzimləyir. Uyğun variant seçib işləyə bilərlər. Amma bir nüansı nəzərə çatdırım ki, bu gün Bakı-Sumqayıt arasında 100 mindən çox insan get-gəl edir. Rəsmi daşımada isə cəmi 5 avtobus işləyir. Ona görə də, insanlar qeyri-rəsmi daşımanın ümidinə qalıb. Onlar da 1 manatdan aşağı deyil. Bu layihədə isə Bakı-Sumqayıt arasında interval üzrə 20 elektrik mühərrikli avtobusun işləməsi nəzərdə tutulub”.

 

 

E.Muradlı sonda yanacaqla işləyən avtobusların ətraf mühitə ziyanından da danışıb:

 

 

“Bir avtobus gün ərzində ən azı 20-30 dəfə dövrə vurur. Hər dövrədə atmosferə müəyyən miqdarda zəhərli qazlar atılır. Elektrik mühərrikli avtobuslar isə zərərsizdir. Düzdür, Fransada elektrik mühərrikli avtobusların yanması halı baş verib. Ona görə də, servis xidməti, zəmanəti və s. məsələlər nəzərə alınmalıdır”.

 

 

Ekspert mövcud sistemdə bəzi sahələr üzrə çatışmazlıqlara da diqqət çəkib:

 

 

“BNA çox pis ənənəni ortaya qoyub. “Baku Bus” yeni yarananda cəmiyyət ona böyük ümidlə yanaşdı. Düşündü ki, dövlət şirkətidir, neqativ hallar baş verməyəcək. Əksinə, ilk çökən dövlət şirkəti oldu. Ora qoyulan rəhbər fikirləşdi ki, nəyimə lazımdır, dövlətin şirkətidir, yeyib dağıdacam. “Baku Bus” MMC-nin tabeliyndə 1000-ə yaxın avtobus var. Onların 400-ü hazırda xarab vəziyyətdə qarajda yatır. Çünki işi düzgün qura bilmədilər, yeyinti hallarına yol verdilər. Texniki xidmətlər göstərilmədi, yaxud ehtiyat hissələrini sənəd üzrə alsalar da, ya gətirib çıxarmadılar, ya da satdılar. Amma özəl şirkət bu cür yanaşmır. Çünki özünə ziyan vurmaq istəmir, daha da inkişaf etməyə çalışır”.

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh