Banner

Bakıda inşa edilmiş piyada keçidləri özünü doğruldurmu? - YENİDƏN BAXILMALIDIR

Yazarlar 13 Dekabr 2023 13:44 Oxunub 912
Bakıda inşa edilmiş piyada keçidləri özünü doğruldurmu? - YENİDƏN BAXILMALIDIR
WhatsApp kanalımıza abunə ola bilərsiniz

2000-ci illərin əvvəlindən başlayaraq neft ixracından böyük gəlirlər əldə edən Azərbaycan bu müddətdə nəqliyyat infrastrukturunun inkişafına milyardlarla manat investisiya qoyub, ölkədə yeni magistral yollar çəkilib, yol ötürücüləri və piyada keçidləri inşa olunub.

Bu baxımdan insanların rahat, təhlükəsiz hərəkəti üçün nəzərdə tutulmuş, inşasına milyonlarla manat xərclənmiş yeraltı və yerüstü piyada keçidləri xüsusilə qeyd olunmalıdır.

Bəs onlar özlərini doğruldurmu? Bu ilin mart ayında Bakının Nərimanov rayonunun Koroğlu Rəhimov küçəsindəki piyada keçidinin sökülməsi göstərdi ki, bəzən bu cür infrastruktur obyektləri nə cür gəldi, hesablamalar aparmadan tikilir, Ümumiyyətlə, piyada keçidlərindən istifadə vətəndaşlar üçün nə dərəcədə rahatdır? "Report" mövzunu nəqliyyat sahəsi üzrə ekspertlərlə müzakirə edib.

Onlardan biri Rauf Ağamirzəyev deyir ki, Bakıda piyada keçidlərinin təşkil edilməsi ilə bağlı məsələyə yenidən baxılmalıdır: “Paytaxtda eyni səviyyəli keçidlərin təşkil edilməsinə ehtiyac var. Çünki insanların təqribən 30 %-i az hərəkətlidir. Az hərəkətli qrupa uşaqlar, qocalar, fiziki məhdudiyyətli insanlar daxildir. Hazırda şəhərdə olan yeraltı piyada keçidlərin çoxunda ya eskalator, ya da lift işləmir. Fiziki məhdudiyyətli insanlar üçün xüsusi qurğular yaradılsa da, həmin qurğular işləmir. Bu cür keçidlər piyada yürüşlərini əlçatmaz edir".

"Bakıda hərəkət piyadalar üçün rahat və əlçatan olmalıdır. İki zolaqdan artıq olan küçə və prospektlərdə düyməli işıqfor və təhlükəsizlik adacığı təşkil edilməlidir. Küçənin bir tərəfindən digər tərəfinə daha qısa məsafədə hərəkət təşkil edilərsə, bu halda insanlar daha çox piyada gəzməyə üstünlük verər və keçiddən istifadə edər. İstər yeraltı, istərsə də yerüstü keçidlər 800-900 metrdən bir olanda bir tərəfdən digər tərəfə keçmək üçün iki dəfədən çox məsafə qət etmək lazım gəlir. İnsanlar isə uzun məsafə getmirlər, bu isə fərqli fəsadlara yol açır. Son illər şəhərin mərkəzi hissələri sürətli magistrala çevrilib. Elə bir sistem formalaşdırmaq lazımdır ki, həmin ərazilərdə sürətli sürmək imkansız olsun”, - deyə ekspert əlavə edib.

Digər ekspert Elməddin Muradlı da hesab edir ki, hazırda piyada keçidləri ilə bağlı hər şey qaydasında deyil: “Təkcə Bakıda deyil, bütün ölkədə qanunvericilikdə nəzərdə tutulan yeraltı, eyni səviyyəli yerüstü piyada keçidləri yoxdur. Bu istiqamətdə problemlərimiz çoxdur. Piyadaların keçidlərdən istifadə səviyyəsi yüksək deyil. Keçidlərin daha əlverişli olması üçün infrastruktur yaradılmalıdır. Bununla yanaşı, piyadalar keçidlərə məsuliyyətsiz yanaşırlar. Yol nəqliyyat hadisələrinin təhlili göstərir ki, piyadaların vurulması ilə nəticələnən qəzalar əsasən keçidlərin yaxınlığında başa verir. Bu hal yalnız Bakıya xas deyil, bölgələrdə də bu cür hallar müşahidə edilir.

"Keçidlərdən istifadə etməyən piyadalar ciddi şəkildə cəzalandırılmalıdır. Hazırda tətbiq edilməyən 20 manatlıq cərimə sistemi lazımi effekt vermir, istənilən yaş kateqoriyasında güzəşt olmadan cəzalar tətbiq edilməlidir. Azyaşlılara xəbərdarlıq edilməlidir, valideynləri polis bölmələrinə çağrılmalıdır. Bu sahədə ciddi nəzarət olduğunu hər bir kəs hiss etməlidir. Təhlükəli vəziyyət yarandıqda isə inzibati həbs sistemi tətbiq edilməlidir. Sürücü qayda pozuntusuna yol verəndə, insanların həyat və sağlamlığı üçün təhlükə yaradanda cərimə edilir, ağır cəzalandırılır, inzibati həbs edilir. Piyadalara da bu cəza mexanizmləri tətbiq edilməlidir. Bir çox hallarda piyada vurulanda sürücü günahkar olur, amma qəzanı araşdırarkən görünür ki, piyada məsuliyyətsizliyi qəzaya səbəb olub. Ümumiyyətlə, sərt qəza mexanizmləri tətbiq etməklə qəzaların qarşısını almaq olar”.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh