Bakıda marşrutlarda gediş haqqı oyunu: Pul da gedir, can da… - FOTO
Bakıda son illər sərnişin avtobuslarında gediş haqqları artırılmasa da müxtəlif variantlarla insanların “ciblərinə girilir”. Avtosfer.az musavat.com-a istinadən xəbər verir ki, sərnişin ünvan başına çatana qədər əlini bir neçə dəfə cibinə salmalı olur. Belə ki, 2014-cü ildə Dövlət Avtomobil Nəqliyyati Xidməti və Bakı Sərnişin Nəqliyyat İdarəsi mətbuat vasitəsi ilə xəbər yaydı ki, bəzi marşrut xətlərinin son dayanacağı kimi istiqamətdə olan ilk metrostansiyası müəyyən ediləcək. Elə bununla da haqqında danışdığımız prosesin əsası qoyuldu. Nəticədə Xırdalan istiqamətində şəhərə gələn bir çox avtobusların son dayanacaqları metronun “20 yanvar” stansiyası, Maştağa, Ramana və digər bu istiqamətdə yerləşən kəndlərdən gələn avtobusların isə son dayacaqları “Koroğlu” stansiyası oldu.
Nəticə etibarı ilə bu gün də insanlar kəndlərdən şəhərin mərkəzinə gəlmək üçün iki avtobus dəyişməli olurlar ki, bu da dolayısı ilə elə qiymət artımı deməkdir. Məsələ ilə bağlı redaksiyamıza xeyli sayda şikayət də daxil olub. İnsanlar eyni zamanda avtobusların natəmizliyindən, sürücülərin qeyri-peşəkarlıqlarından da şikayətlənirlər. Xüsusilə də sərnişinlərin sözlərinə görə, kəndlərə işləyən əksər avtobuslarda tutacaqlar qırılıb, oturacaqlar isə oturulası vəziyyətdə deyil.
Metronun “Koroğlu” stansiyasının yaxınlığında yeni qurulan dayanacaqlarda olduğumuz zaman məsələ ilə bağlı sərnişinlər aşağıdakı narazılıqlarını bildirdilər.
Buzovna sakini Asif Kərimov bildirdi ki, mövcud vəziyyətdən olduqca narazıdır: “Əvvəllər bir avtobusa minib, şəhərə qədər gələ bilirdik. İndi isə həm kəndə gedərkən, həm də kənddən gələn zaman burada düşüb, ya metroya minməliyik, yaxud da digər bir marşruta. Bu isə o deməkdir ki, əgər əvvəllər kənddən şəhərə misal üçün 30 qəpik verib, 40 dəqiqəyə gəlirdiksə, indi isə 50-60 qəpiyə, 1 saata gəlirik. Həm vaxt, həm də maddi baxımından itki ilə üzləşirik”.
Digər sakin Ruslan Bayramovun sözlərinə görə, ötən ildən etibarən Heydər Əliyev prospekti ilə birbaşa şəhərə yalnız bir avtobus gəlir: “Halbuki, əvvəllər belə deyildi. Misal üçün əvvəllər Şüvəlandan 136 nömrəli, Buzovna istiqamətindən 107 nömrəli, Binə istiqamətindən isə 160 nömrəli avtobusla şəhərə gəlmək mümkün idi. İndi isə sadaladığımız avtobuslar yalnız “Koroğlu” metrostansiyasına qədər gəlirlər. Bu hal “Bakubus”ın avtobusları xəttə çıxandan sonra yaşanmağa başladı. İndi də Heydər Əliyev prospekti ilə yalnız 1 nömrəli avtobus şəhərə gəlir. Onda da yer tapmaq olmur. Xüsusilə də səhər işə, axşam evə tələsən zaman qalırıq yollarda”.
Sərnişinlərin “Bakubus”la bağlı səsləndirdikləri iddia ilə bağlı Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Nuridə Allahyarovanın fikirlərini aldıq.
N.Allahyarova bildirdi ki, səslənən iddia əsassızdır: “Bakubus” konkret olaraq şəhərin mərkəzində hərəkət edir. Onların Ramanadan, Bilgəhdən və digər yerlərdən gələn avtobuslarla ortaq xətti yoxdur. Bakı Nəqliyyat Agentliyi “Koroğlu” metrostansiyası yaxınlığında XAB yaratdı. Bütün şəhər istiqamətində hərəkət edən avtobusların son dayanacağını metronun “Koroğlu” stansiyasının arxasına saldı. Buna da səbəb şəhər istiqamətində hərəkətdə sıxlığın aradan qaldırılmasdır. Əvvəllər xüsusilə də qəsəbədən gələn avtobuslar kifayət qədər uzun intervallarla stansiyanın qarşısındakı dayanacaqlarda dayanırdılar, tıxac və sıxlıq yaradırdılar. İndi isə orada heç bir avtobusun dayanmasına icazə verilmir. Qeyd etdiyim kimi bu tədbirlər sıxlığın qarşısını almaq üçün görülüb və “Bakubus”la da heç bir əlaqəsi yoxdur”.
Nəqliyyat üzrə ekspert Azər Allahverənov bildirib ki, avtobus xətlərinin qısaldılması və bu cür halların yaranması müxtəlif səbəblərlə bağlıdır: “Hər bir avtobus marşrutu hansısa bir şirkətə məxsus olur. Şirkət üçün rentabelli olmayan zaman bu və ya digər ünvan üzrə hərəkət etməkdən imtina edir. Müxtəlif şirkətlərə istinadən bir məsələni qeyd edim ki, onlar daha qısa məsafədə marşrut xəttinin fəaliyyətində maraqlıdırlar. Uzaq məsafəyə hərəkət edən zaman onun məsrəfləri daha çox, gəlirləri isə az olur. Bu baxımdan şirkətlər maraqlıdırlar ki, avtobuslarının bir qismi misal üçün “Koroğlu” stansiyasına qədər getsin. Bu məsafədən o tərəfə isə digər avtobuslarını buraxa bilərlər. Yəni, burada müəyyən iqtisadi elementlər də var. Məsələ təkcə sıxlığın aradan qaldırılması deyil. Sərnişinlər istəyirlər ki, daha az məsrəflərlə daha uzaq məsafəyə gedə bilsin. İndiki iqtisadi vəziyyətdə, onları da anlamaq olar. Hər bir tərəfin özünəməxsus arqumentləri var. Təəssüflər olsun ki, bu arqumentlər bəzi hallarda ziddiyyət təşkil edir. Bir məqam da var ki, ölkədə nəqliyyat sistemi getdikcə inkişaf edir. Bakı Nəqliyyat Agentliyinin avtobus hərəkəti olmayan qəsəbələrlə bağlı da müəyyən planları var. İnanıram ki, bu problem də öz həllini tapacaq. Bu, kifayət qədər aktual bir məsələdir və hər birimizə müəyyən təsirləri var. Bu baxımdan düşünürəm ki, yerli icra qurumları da bu prosesdə aktiv olmalıdırlar. Məsələdə dövlətin də müdaxiləsinə, şirkətlərə əlavə dəstəyinə ehtiyac var. Qeyd etdiyim kimi, problem kifayət qədər aktualdır”.