Bakıda motosiklet və moped qəzaları durmadan artır, çıxış yolu nədir? - AÇIQLAMA
2021-ci il Azərbaycan a üzrə moped və motosiklet sürücüləri tərəfindən yol hərəkəti qaydalarının pozulması nəticəsində 47 yol nəqliyyat qəzası baş verib. 13 nəfər ölüb,37 nəfər isə müəyyən bədən xəsarətləri alıb. 2022-ci ilin yanvar-fevralında isə moped və motosiklet sürücüləri tərəfindən yol hərəkəti qaydaları pozulması nəticəsində 9 yol nəqliyyat hadisəsi baş verib,1 nəfər ölüb 8 nəfər xəsarət alıb. Bunu Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimai qurumlarla əlaqə şöbəsinin inspektoru Toğrul Nəsirli cavab olaraq bildirib. "Mühərrikinin həcmi 50 kubmetrdən həcmi çox olmayan nəqliyyat vasitəsi moped hesab edilir. Bu nəqliyyat növünə dövlət qeydiyyat nişanı verilmir və bu qanunvericiliklə tənzimlənir. Azərbaycanda mopedlərdən ən çox kuryer işi ilə məşğul olan şəxslər istifadə edir və sürətli çatdırma edərkən yol hərəkət qaydalarını necə gəldi pozurlar. Nəticədə qəzalar baş verir”, - Nəsirli deyib.
İnzibati Xətalar Məcəlləsinin 338.4-cü maddəsinə görə velosipedçilər və moped idarə edən şəxslər tərəfindən yol hərəkəti qaydalarının pozulmasına görə 40 manat cərimə nəzərdə tutulub.
Deputat Hikmət Babaoğlunun fikrincə, moped və bu kimi digər kiçik nəqliyyat vasitələri bütün dünyada meqapolislərin probleminə çevrilir. "Mopedlərlə törədilən qəzaların sayının artması dünyanın əksər ölkələrində problemə çevrilib. Beynəlxalq təcrübəni öyrənməklə onların fəaliyyətini nizama salmaq lazımdır. Həm də bu onların təhlükəsizliyi üçün də çox önəmlidir. Qanunvericilikdə bununla bağlı dəyişiklik etmək zərurəti yaranıb və gələcəkdə bununla bağlı tədbirlər görülə bilər”, - deputat deyib. Yol hərəkəti üzrə ekspert Elməddin Muradlı isə hesab edir ki, moped və motosikletlərin inşəhər daxilində hərəkətinini nizamlayan qanunlarda çoxlu boşluq var.
Bundan başqa, ekspert hesab edir ki, moped və motosikletlərin hərəkətinin təhlükəsizliyi ilə bağlı təbliğat işi az görülür. "Moped sürücülərindən sürücülük vəsiqəsi almaq tələb edilmədiyindən onlar bundan sui istifadə edir. Bu da qəzaların baş verməsinə şərait yaradır. Bəzi mopedlərin mühərriki adi maşınları ötəcək qədər sürətlidir. Belə hallarda da onlar radara düşmürlər, kamera çəkmir və qaydanı rahat poza bilirlər. Bu məsələ ilə bağlı təbliğatı gücləndirmək, qanunvericiliyi isə təkmilləşdirmək lazımdır”, - ekspert vurğulayıb. Muradlı hesab edir ki, bu istiqamətdə əhali arasında təbliğat zəif aparılır. Rayonlarda geniş təbliğata ehtiyac var "Bizdə təbliğat deyəndə "qırmızı işıqda keçməyin, kəməri bağlayın, sərxoş vəziyyətdə maşın sürməyin" və sair kimi fikirlər təkrarlanır. Türkiyədə təbliğat işi ilə ayrıca bir idarə məşğul olur. Azərbaycanda isə təbliğata vəsait ayrılmır, düz-əməlli sosial çarxlar hazırlanmır, posterlər yapışdırılmır, küçələrdə normal şüarlarla plakatlara rast gəlmirik. Köhnə təbliğat çarxlarının da dövrü keçib. Yol polisinin video çarxında cəkilən uşaq bəlkə də evlənib və özünün uşaqları var. Amma biz hələ də o çarxa baxırıq”, - Elməddin Muradlı qeyd edib.
2021 və 2022-ci ilin cari dövrü ərzində moped və motosikletlərin iştirakı ilə baş verən qəzaların qarşısını almaq üçün aparılan təbliğat işi ilə bağlı yol polisinin 30-dan çox sujeti, 100 yaxın maarifləndirici radio verlişləri, mediada 10-dan çox xəbərdarlıq və açıq kontekstdə müraciəti, 6 sosial-analitik verlişdə müzakirələri, real qəza görüntülərinin sosial media seqmentlərində 10-larla paylaşımı , "bilmirsiz öyrədək” uşaqların dili ilə videorolik formasında 10-a yaxın maarifləndirici çarxlar və s. yayımlanıb. Bunu Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) baş inspektoru, polis mayoru Araz Əsgərli deyib. "Biz bu problemin yaranma səbəblərini həlli yollarını və məsuliyyət hissini aşılayan xeyli informasiyanı əhaliyə çatdırmışıq . Bloqqerlərə müraciət etmişik. Amma dəstək görməmişik. Məqsəd cəmiyyəti narahat edən məsələlərə layiqli tövhə verməkdi", - Araz Əsgərli bildirib.
anews.az