Bakıda nəfəskəsən istidə çalışanlar: “Texnikanın kölgəsində dincəlirik” – FOTO
Son günlər ölkə ərazisində havaların kəskin isti keçməsini müşahidə edirik. Yayın bir hissəsinin sərin keçməsinə baxmayaraq, hazırda anomal istilər hələ də davam edir. İyun ayının əvvəlindən bu günə qədər 10-a yaxın insanı gün vurub, hətta onlardan bir neçəsi xəstəxanaya yerləşdirilib.
Dövlət qurumları kəskin istilərdə açıq havada işin dayandırılması ilə bağlı xəbərdarlıq etslər də, bəzi sahibkarlar, iş adamları insanların həyatını heçə sayırlar. İşin dayanmaması naminə qızmar günəş altında işçiləri istismara məruz qoyurlar.
Qanunvericiliyə əsasən, havanın temperaturu 41 dərəcəyə yüksələrsə, işəgötürən şəxs işi dayandırmalıdır. Əgər işi davam etdirmək məcburiyyətində qalsa, bunun üçün xüsusi əlavə tədbirlər görməlidir. Məsələn, kənarda çətirlər qurmalı, tez-tez fasilələr verməli, işçiləri sərinləşdirici içkilərlə təmin etməlidir. İnzibati Xətalar Məcəlləsinin 54-cü maddəsinə əsasən, işçilər üçün normal iş şəraiti yaradılmalıdır. Bunu nəzərə almayanlar 1000 manatdan 2000 manata qədər cərimə oluna bilər.
Bəs görəsən, bütün bu qaydalara əməl olunurmu? Temperaturun bəzi yerlərdə 42 dərəcəyə yüksəldiyini nəzərə alsaq, Günəşin zenitdə olduğu saatlarda iş dayandırılırmı? İşlər üçün xüsusi şərait yaradılırmı?
Avtosfer.az xəbər verir ki, musavat.com günorta saatlarında paytaxt Bakıda kiçik bir eksperiment keçirdik. Müşahidələrimiz göstərdi ki, kəskin istilərdə müxtəlif peşə sahibləri olan insanlar özlərini təhlükə qarşısında qoyaraq çörək qazanmağa çalışırlar. Bəlkə də sağlamlıqlarına dəyən ziyanın fərqində belə deyillər. Yol kənarlarında səyyar ticarətlə məşğul olanlar, açıq havada çalışmaq məcburiyyətində qalan müxtəlif xidmətlər sahələrinin işçiləri, özəl və dövlət layihələri üzrə aparılan tikinti yerlərində müşahidə etdiyimiz mənzərə eyni oldu. İşçilərin sözlərinə görə, nə onların sağlamlığı nə də istirahəti nəzərə alınmır.
Günorta saat 14:00 radələrində 50-55 yaşlı bir vətəndaşın Fəhlə prospektində yerləşən mebel mağazasının şüşələrini yuduğu diqqətimizi çəkir. Yaxınlaşıb hal-əhval tuturuq. Bəlli olur ki, maddi çətinliklər onu işləməyə vadar edir: “İsti olsa da, olmasa da, bunu etməliyəm. Yaşım çox olsa da, əməyimin qarşılığında pul qazanıram. Bu iş hələ mənim çalışdığım ən asan işdir. Ötən il 41-42 dərəcədə tikintidə beton boşaldırdıq. Siz narahat olmayın, məni də narahat etməyin, xahiş edirəm. İşimi bitirməliyəm”.
Bu məqamda onu da deyək ki, bəzi işçilər günəmuzd işlədiyindən onu işi davam etdirməyə sahibkar yox, maddi imkansızlığı vadar edir.
Saat 14:30-dur. Nəfəskəsici istidə “Sovetski” adlanan ərazidə yol çəkişilində işləyən usta və fəhlələr də boş durmayıblar. Abadlıq işləri aparılan ərazidə ağır texnikalar işləyir. Kimi asfaltlama işi aparır, kimisi isə yük boşaldır. İş prosesi zamanı onlara yaxınlaşıb həmsöhbət oluruq.
Adının çəkilməsini istəməyən işçi vəziyyəti belə izah edir: “İstirahət vaxtımız saat 13:00-dan, 14:00-dəkdir. Bu müddət ərazində dincəlmək imkanımız olur. Lakin işin gedişatından asılıdır. Elə olur ki, işi yarımçıq qoyub, dincəlməyə gedə bilmirik. Bu səbəbdən də elə işlədiyimiz texnikaların kölgəsində dincəlirik”.
Xətai rayonu ərazisində tikintidə çalışan onlarla fəhlə də günün ən qızmar vaxtında dayanmadan çalışırlar. Onlar işlədikləri tikinti yerində ayaqüstü nahar edib, yenidən işə başlayırlar.
Özlərinin də dediyi kimi gündəlik qazanc üçün dəridən-qabıqdan çıxırlar: “Biz gördüyümüz işə uyğun olaraq pul alırıq. Ona görə də, iş icraçısı bizə isti havada işi dayandırmağı tapşırsa da, buna əməl edə bilmərik. O zaman pulumuzu vaxtında ala bilməyəcəyik. İstilər hələ bir həftə davam edə bilər. Bu o deməkdir ki, bir həftə evimizə çörək girməyəcək”.
Müşahidəmiz də göstərir ki, işçilərin nəinki sərinlməsi və sərin içkilər içməsi üçün, hətta normal istirahəti və yuyunması üçün rahat şərait yaradılmayıb.
Xatırladaq ki, iki gün öncə Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi bununla bağlı Dövlət Əmək Müfəttişliyi Xidməti işəgötürənlərə müraciət ünvanlayıb. Müraciətdə bildirilir ki, yay mövsümündə kəskin isti hava şəraitinin mövcud olduğu vaxtlarda işçilərin həyat və sağlamlığının qorunması üçün qanunvericiliyin tələblərinə əsasən, zəruri tədbirlər görülməlidir: “Belə ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 233-cü maddəsinə uyğun olaraq, havanın temperaturu + 41 dərəcədən çox olduğu hallarda açıq havada və sərinləşdirici qurğular olmayan örtülü binalarda, otaqlarda və digər iş yerlərində bütün növ işlərin görülməsi dayandırılmalıdır. Belə hallarda işçilərin həyat və sağlamlığının mühafizəsi məqsədilə onlara sərinləşmək üçün imkan yaradılmaqla fasilələr verilməli və işəgötürənlə həmkarlar təşkilatının birgə qərarı əsasında fasilənin sayı, müddəti müəyyən olunmalı, eyni zamanda iş zamanı verilmiş fasilələr iş vaxtına daxil edilməlidir. Həmin fasilələr zamanı əmək haqqı işçilərin tarif maaşına görə ödənilməlidir. İş dayandırıldıqda boşdayanma vaxtının haqqının işçinin təqsiri üzündən baş verməyən boşdayanma kimi, tarif maaşının üçdə iki hissəsindən az olmayaraq ödənilməsi təmin edilməlidir”.
Qeyd edək ki, nazirlik isti havada işləməyə məcbur edilənlər üçün 142 qaynar xətt də yaradıb.