Banner

Bakıda piyada keçidlərinin vəziyyəti qənaətbəxşdirmi? - FOTO

Yazarlar 28 Fevral 2024 15:14 Oxunub 586
Bakıda piyada keçidlərinin vəziyyəti qənaətbəxşdirmi?   - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Piyada yönümlü şəhər anlayışının əsas prinsiplərindən biri də piyada keçidlərinin düzgün formada qurulmasıdır. Azərbaycanda "Yol hərəkəti haqqında" qanuna əsasən, avtomobil yollarında piyada keçidləri təhsil, tibb, iri ticarət müəssisələrinin, nəqliyyatın dayanacaq məntəqələrinin, idman, istirahət və turizm obyektlərinin və insanların kütləvi toplaşdığı digər obyektlərin yaxınlığında yaradılır.

Bəs paytaxtda piyada keçidlərinin vəziyyəti qənaətbəxşdirmi?

Nəqliyyat məsələləri üzrə ekspert Rauf Ağamirzəyev “Report”a açıqlamasında qeyd edib ki, şəhər daxilində piyada keçidləri eyni səviyyəli olmalıdır:

“Şəhərdaxili yerlər insanların daha sıx yaşadığı məntəqələrdir. Şəhərdə eyni səviyyədə işıqforla idarə edilən və iki zolaqdan artıq olan küçələrdə piyada adacığı ilə təmin olunmuş keçidlər olmalıdır. Şəhərdə insanlar daha çox yaşayır və hərəkət edirsə, onların qısa məsafədən eyni səviyyədə keçidi təmin edilməlidir. Nəzərə alaq ki, şəhər əhalisinin 30 %-i az mobilli insanlardır, yəni qoca, yaşlı, əlil və uşaqlı şəxslərdir. Onların yolun digər tərəfinə keçmək üçün yuxarı çıxması və ya yerin altına düşməsi çətindir. Çünki keçidlərdəki qurğular, yəni liftlər, eskalatorlar bir çox hallarda ya işləmir ya da tez xarab olur. Onların saxlanılma xərcləri də çox olur. Amma eyni səviyyəli keçidlərin olması həm piyada hərəkətinə, həm də tıxacın azalmasına təsir edir".

Ekspertin fikrincə, səkilərin baryersiz olması, hər 300-350 metrdən bir keçidlərin təmin edilməsi insanların küçənin bir yerindən digər sahəsinə uzun məsafə qət etmədən təhlükəsiz keçməsini təmin edir. Təhlükəsizlik məsələləri də qabardılaraq bu keçidlər təşkil olunmalıdır".

Müxtəlif səviyyəli keçidlər əlverişli deyil

"Biz daha çox avtomobil yönümlü qərarlar qəbul edəcəyiksə, nəticə olmayacaq. O zaman Bakıda aqressiv və tıxaclı mühit olacaq. Amma şəhərin daxilində eyni səviyyəli, şəhər kənarında müxtəlif səviyyəli keçidləri təşkil etməklə müəyyən irəliləyişlərə nail ola bilərik. Son illərdə yollarda panduslar quraşdırılıb. Həmin panduslardan nəinki qüsurlu və uşaqlı şəxslər, velosipedçilər də rahat istifadə edə bilir”, - R. Ağamirzəyev qeyd edərək, vurğulayıb ki, şəhərdaxilində eyni səviyyəli keçidlər təşkil edilməli, müxtəlif səviyyəli keçid praktikasından uzaq durulmalıdır. Çünki bu praktikanın effektivliyi yoxdur.

Piyada səkilərin problemləri

R.Ağamirzəyev piyada səkilərinin də problemlərini önə çıxarıb:

“Lazımi şərait olmadıqca yüz dəfə çağırış etsək, vətəndaşlar buna cavab verməyəcək. İnsanlar görəndə ki, avtomobillər üçün daha rahat şərait qurulub, piyada hərəkətə yönəlməyəcək. Bizdə avtomobillərin hərəkəti üçün problem yalnız tıxacdır. Amma piyada səkisinin önündə ağıla gələn hər cür maneə var. Piyada səkilərinin üstündə reklam şiti, ağac, köşk olur, səki davamlı olmur, zəbt edilir və ya ətrafında restoran və ya bina tikilir ki, onların da parkinqi səkidən başlayır".

Tikinti şirkətlərinə tələblər olmalıdır

Ekspert hesab edir ki, belə məsələlər kökündən həll edilməlidir ki, insanlar daha rahat hərəkət edə bilsin: "Bu qaydaları pozanlara da sərt cəza tətbiq edilməlidir. Xüsusən də bu tikinti zamanı yol verilmiş qayda pozuntularına görə cəzalar olmalıdır. Yeni tikili tikilirsə, deməli yeni reallıq formalaşır. Bu yeni reallıqda insanın hərəkəti rahat olmalıdır. Köhnə infrastrukturu dağıdıb yeni reallıqda piyada hərəkət üçün əlçatmaz mühit yaratmazlar. Əksinə daha rahat şərait yaradarlar ki, insanlar daha çox piyada gəzsinlər”.

Dayanacaqlarda anticib olmalıdır

R.Ağamirzəyevin fikrincə, Bakıda səkilərdə təşkil edilən cib formasında dayanacaqlar funksional deyil: "Həmin dayanacaqlar çox hallarda zəbt edilir və avtobus ora yan ala bilmir. Amma anticib qoyulanda fiziki olaraq dayanacaqlar parkinq sahəsindən ayrılır. Bu, insanlar üçün də rahat olur. Onlar eyni səviyyədə avtobusun yan aldığı bir platforma ilə avtobusa minib-enə bilir. Bu, təhlükəsizlik baxımından da çox önəmli həldir”.

Qeyd edək ki, ötən il Bakıda 510 nöqtədə mövcud piyada keçidləri yenilənib, 40 yeni piyada keçidi təşkil edilib.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh