Bakıda “sırat körpüləri” – Günahımız özümüzdən qabaq addımlayır
Maşın yolunu keçməyə çalışan piyadaların vurulması ilə bağlı xəbərləri az oxuyub, eşitmirik. Təəssüf ki, söhbət Bakı yollarından gedirsə, bu bəladan nə mənzilə çatmağa tələsən piyada, nə də sürücü sığortalanıb. Elə bir neçə gün əvvəl Heydər Əliyev prospektində ana və balanın ölümü ilə nəticələnən ağır yol qəzası baş verdi. Piyadalar saatda 110-120 km sürətlik bir neçə zolaqlı yolda bir tərəfdən digər tərəfə keçməyə çalışıblar. Görünür, əraziyə ən yaxın piyada keçidi üçün bir kilometrdən artıq dolanbac yolu qət etmək istəməyiblər, ya da piyadalar üçün illərdir ölüm saçan bu yolu keçmək üçün keçidin olmasından, ümumiyyətlə, xəbərsiz olublar.
Bəs təqsirkar kimdir: sürücü, piyada, yoxsa üçüncü, dördüncü... tərəflər?
Bunun üçün, əvvəla, öyrənməyə çalışdıq ki, ölkəmizdə piyada keçidlərinin salınmasında gözlənilməli olan qanunauyğunluqlar nələrdir? Bizdə bunlara nə dərəcədə əməl edilir?
AYNA-nın suallarını cavablandıran yol-nəqliyyat eksperti Elməddin Muradlı xatırladıb ki, piyada keçidlərinin salınması ilə bağlı Azərbaycan Respublikasının “Yol hərəkəti haqqında” Qanununda öz əksini tapmış müddəalar var: “Qanunun tələbinə görə, yaşayış məntəqələrində piyada keçidləri 150-300 metr məsafədə, yaşayış məntəqələrindən kənarda isə 700-1000 metr məsafədə olmalıdır. Bu standartlar vətəndaşların piyada keçidlərindən rahat şəkildə istifadə edə bilmələri üçün nəzərdə tutulub. Lakin görünən budur ki, bizdə mənzərə bir qədər fərqlidir. Xüsusilə magistral yollarda, Bakının yaşayış məntəqəsi hesab edilən ərazilərindən keçən prospektlər var ki - məsələn, “Heydər Əliyev”, “8 Noyabr”, “Ziya Bünyadov” prospektlərində - piyada keçidləri ilə bağlı vətəndaşların ciddi narazılığı var”.
Ekspert bildirib ki, keçidlərlərlə bağlı vətəndaşların əsas narazılıqları, adətən keçidlərarası məsafənin çox uzaq olması, eskalatorların və liftlərin olmaması və ya işləməməsi ilə əlaqəlidir: “Düzdür, bütün keçidlərdə lift, eskalatorun olması ilə bağlı tələb yoxdur, amma müasir mexanizmlərdə bunlardan istifadə olunur. Bizdə də bəzən bunlardan istifadə edilmir və insanlarda da narazılıq olur. Vətəndaşlar da bəzi hallarda liftin, eskalatorun olmamasını və ya işləməməsini əsas gətirirlər, amma hər bir halda keçid varsa, ondan istifadə etmək lazımdır. Adətən piyada vurulmaları da bu cür səhlənkarlıqlara görə olur”.
“Məsələn, “Nargilə” kafesinin yaxınlığında üç piyada keçidi tikilib ki, ara məsafəsi, təxminən 500 metrdir. Lakin həmin ərazidə müşahidə apardığımızda görürük ki, nə qədər adam keçiddən istifadə edirsə, bir o qədər də adam keçiddən istifadə etmir. Həmin ərazidə dəfələrlə piyada vurulması olub. Bu baxımdan piyadalar da məsuliyyətli olmalıdırlar. Məsafənin uzaqlığını yox, həyatın dəyərli olduğunu düşünməlidirlər”, - deyə Muradlı fikrini davam etdirib.
Həmsöhbətimiz aidiyyəti qurumların fəaliyyətinə də toxunub: “Bu işlə məşğul olan aidiyyəti qurumlar keçidlərarası məsafəni düzgün tənzimləməlidirr. Heydər Əliyev prospektində piyada vurulması bizi bir daha silkələdi. Bütün qurumlar da ayılmalıdır, bu işlərə ciddi nəzarət olunmalıdır. Həmin ərazidə təxminən 500 metr məsafədə piyada keçidi var, amma həmin adamlar keçiddən istifadə etməyiblər. 14 zolaqlı yolun 13 zolağını keçiblər, sonuncu zolaqda maşın vurub. Düzdür, hava məsafəsindən ölçdüyümüzdə deyirik ki, 500 metr yaxındır, amma oraya gedib çıxmaq üçün 1.5 km yol qət etmək lazımdır. Bu məsələlər düzgün tənzimlənməlidir”.
“Dövlət Bayraq Meydanının yanında keçid var, Bayıl tərəfdən 49 nömrəli məktəbin arxasından keçidə düşən adamlar avtobus dayanacağına yox, Bulvara çıxırlar. Yenidən də Bulvardan 300-500 metr məsafə qət etməlidirlər ki, Dövlət Bayraq Meydanının qarşısındakı avtobus dayanacağına çıxsınlar. Buna görə də günün pik saatlarında insanlar yolun üstü ilə hərəkət edirlər”, - deyə müsahibimiz vurğulayıb.
Muradlı piyadaların vurulmasında əsas səbəbin fərdi məsuliyyətsizlik və aidiyyəti qurumların üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirə bilməməsində görüb: “Piyadaların vurulmasında iki səbəb var: İnsanların fərdi məsuliyyətsizliyi və aidiyyəti qurumların üzərlərinə düşən vəzifələri doğru-düzgün yerinə yetirməməsi. Bəzən aidiyyəti qurumlar da səhlənkarlıq edir - piyada keçidlərini kortəbii şəkildə tikirlər. Lazımsız yerlərdə və ya lazımsız formada tikilən keçidlər də var. Məsələn, Ukrayna dairəsində tikilmiş keçid heç də əlverişli deyil. Həmin ərazidə hərəkət intensivliyini nəzərə alsaq, orada o tipdə keçid tikməyə ehtiyac yox idi. Sadə mexanizmlə, yüngül konstruksiya ilə bir piyada keçidi tikmək kifayət edərdi. Oraya xərclənən pulla sadə mexanizmli üç-dörd piyada keçidi tikmək mümkün olardı. Ukrayna dairəsinə beş nöqtədən giriş-çıxış var. Belə çıxır ki, hərəsinə bir keçid tikmək lazımdır? Bu yanaşma düzgün deyil axı. Ona görə də xronometraj aparmaq, piyadaların nəqliyyata nisbətən intensivliyini hesablamaq lazımdır. Bəlkə işıqforla nizamlanan piyada keçidi qoymaq olardı və ya “zebra” çəkməklə təkmilləşdirmək olardı? Yəni əlverişli variantları gözdən keçirmək olardı, yoxsa o boyda layihəni oraya salmağın mənası yox idi”.
“Hardasa piyada keçidinin salınması aidiyyəti qurumların fərdi ideyası olmamalıdır, digər qurumlarla da müzakirə edib yekdil qərar qəbul etdikdən sonra icra etmək lazımdır. Dünyada ucuz və keyfiyyətli üsul hansıdırsa, ondan istifadə edilir. Bər-bəzəkli keçiddən yağ-bal içində üzən ölkələr istifadə edir, bizə bu tip keçidlər lazım deyil”, - deyə mütəxəssis fikrini yekunlaşdırıb.
Piyada vurulmalarından sonra əksər hallarda sürücü günahkar hesab olunur. Elə buna görədir ki, tez-tez özünü yollarda maşınların önünə atanların videogörüntüləri yayılır, sürücülər bir-birini diqqətli olmağa səsləyir. Piyada keçidinin olmadığı yerdə şütüyən maşınları ötürərək keçməyə çalışan şəxs vurulursa, sürücü niyə günahkar hesab olunur? Qaranlıq küçədə anidən hərəkət edən maşının qarşısına çıxan piyadanın nə qədər təqsirkar olub-olmadığı araşdırılırmı? AYNA-nın suallarını vəkillərə ünvanladıq.
Səbuhi Axundovun dediyinə görə, bu gün Azərbaycan təcrübəsində piyadanın harada, necə vurulması, təqsirin kimdə olduğunu müəyyənləşdirmək üçün avtotexniki ekspertizadan savayı başqa bir üsuldan istifadə olunmur: “Yol-nəqliyyat hadisəsinin araşdırılmasında onun baş vermə şəraiti və səbəbi cinayət işinin əsas elementi olmalıdır. Məsələ araşdırılanda istintaq təqsiri müəyyən etməlidir. Təcrübə onu göstərir ki, təqsirin müəyyən olunması yükü ekspertizanın verdiyi rəyin üzərinə qoyulur. “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 07.10.2004-cü il tarixli qərarında göstərilir ki, bu qəbildən olan cinayət işləri üzrə şəxsin təqsirlilik məsələlərini həll edərkən məhkəmələr işin bütün faktiki hallarını hərtərəfli, tam və obyektiv araşdırmaqla yanaşı, həm də təqsirləndirilən şəxsin “Yol hərəkəti haqqında” Qanunun məhz hansı normasının tələblərini pozduğunu və bu pozuntunun konkret nədə ifadə olunduğunu göstərməli, həmin qayda pozuntuları ilə baş vermiş nəticə arasında səbəbli əlaqənin mövcudluğunu, habelə təqsirləndirilən şəxsin yol nəqliyyat hadisəsinin qarşısını almaq üçün texniki cəhətdən imkanının olub-olmadığını müəyyənləşdirməlidir. Hazırda Azərbaycan təcrübəsində piyadanın harada, necə vurulması, təqsirin kimdə olduğunu müəyyənləşdirmək üçün başqa üsullardan istifadə olunmur. Hər şey yol nəqliyyat hadisəsinin sxemi və hadisə yerinə baxış protokolundan, tərəfin ifadəsindən və onun əsasında verilmiş rəydən asılı olur”.
Vəkil bildirib ki, sürücünün təqsirkar oldu-olmadı günahlandırılması bununla bağlı prosedur qaydanın dəyişməli olduğunu zəruri edir: “Qanun piyada tərəfindən o qədər iştahlandırıcıdır ki, biz tez-tez özünü maşınların qabağına atan piyadalarla bağlı görüntülər görürük. Çünki qəza baş verdisə, sürücü mütləq qaydada təqsirli çıxır. Yol hərəkəti iştirakçıları arasında sürücü ilə bərabər piyada da var. Bəlkə piyada özünü öldürmək istəyir, ya “pul qazanmaq” üçün özünü maşının altına atır? Bu faktlar araşdırılmalıdır. Mən hesab edirəm ki, faktiki olaraq sürücülərə qarşı tam əsassız şəkildə formalaşmış bir istintaq təcrübəsi var və bu, mütləq qaydada dəyişməlidir”.
“Daha bir məqam da şəxslərə nisbətdə qanunun tətbiqində ədalətin dərəcəsinin dəyişməsidir. Bu məsələlərdə şəxsin kimliyi çox şeyi dəyişir. Bu, yolverilməzdir. Qanun qarşısında hər kəs bərabərdir. Əməli törədən şəxsin sosial statusu törətdiyi əmələ qiymət verilərkən fərqli yanaşmalar, ayrıseçkilik yaratmamalıdır”, - deyə Axundov vurğulayıb.
Digər vəkil həmsöhbətimiz Roman Qaraşov da deyib ki, təqsirləndirlən şəxsləri müdafiə edərkən ən ciddi narahtlıq törədən məqam ekspert rəylərinin verilməsi ilə bağlıdır: “Adətən ekspert rəylərində qeyd olunur ki, sürücü nəqliyyat vasitəsini dayandırmaq iqtidarında olub, amma bunu etməyib. Ona görə də sürücü təqsirləndirilən şəxs qismində cəlb edilir və barəsində məsuliyyət müəyyənləşdirilir. Lakin əksər hallarda ekspertizanın tərtib etdiyi düstür onların qeydləri eyni şəkildə olmur. Həqiqət ondan ibarətdir ki, qəflətən yolun hərəkət istiqamətinə daxil olan piyadanın vurulması halları da olur. Lakin bu zaman dediyim kimi, ekspert rəyi ciddi maneə kimi qarşımıza sədd çəkir”.
Mütəxəssisin sözlərinə görə, mülki işlərlərlə bağlı müstəqil ekspertiza dəvət edə bildikləri halda, cinayət işləri ilə bağlı belə bir səlahiyyətləri yoxdur: “Buna görə də biz müstəqil ekspertiza təşkil edə bilmirik ki, həmin şəxsin təqsirinin olub-olmaması barədə rəy verilsin. Adətən praktikada bu cür halların piyadaların təqsiri ucbatından baş verdiyi özünü göstərir”.
“Şəhərdə piyadaların hərəkəti ilə bağlı zolaqlanma qaydaları, nizamlayıcıların lazımi səviyyədə təşkil olunmaması, sürücülərin yol hərəkəti ilə bağlı qaydalardan az məlumatlı olması, bəzi insanların nəqliyyat vasitələrini idarə etdiyi zaman aqressivlik nümayiş etdirməsi – piyadalara yol verməmək, sürət həddinin aşılması kimi hallar da qəzaların baş verməsinə səbəb olur. Bunun nəticəsində də qəzalar olduğu halda hər iki tərəfin təqsiri araşdırılmalıdır, hər iki tərəf də eyni dərəcədə məsuliyyətə cəlb olunmalıdır. Lakin praktika onu göstərir ki, əksər hallarda belə olmur. Sürücü məsuliyyət daşıdığı halda piyadanın həmin məsələdə təqsirli olub-olmaması ciddi müzakirə, mübahisə mövzusu olmur”, - deyə Qaraşov söyləyib.
Vəkil əlavə edib ki, qanunvericilikdə həm piyadaların, həm də sürücülərin kifayət qədər səlahiyyətləri var, əsas problem müstəqil ekspertiza üçün müraciət imkanının olmamasıdır: “Vətəndaşa imkan yaradılmalıdır ki, ekspert rəyindən narazı qaldığı halda özləri də müstəqil ekspertə müraciət edərək rəy ala bilsinlər. Çünki burada əsas həlledici rolu ekspertiza oynayır. Qanunvericilikdə hər iki tərəflə bağlı kifayət qədər səlahiyyətlər verən normalar var və xüsusi olaraq nəyinsə dəyişdirilməsinə ehtiyac yoxdur. Yalnız ekspert rəylərinin daha ədalətli, şəffaf olmasına çalışmaq lazımdır”.