Banner

Bakıda velosipedlərin evakuasiya olunması xəbəri yayıldı - FOTO

Yazarlar 17 İyun 2015 12:13 Oxunub 2413
Bakıda velosipedlərin evakuasiya olunması xəbəri yayıldı - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Velosiped hərəkəti ilə bağlı həm qanunvericilikdə, həm də yollarımızda kifayət qədər problemlər var

Son vaxtlar Bakı dənizkənarı bulvarı ətrafında velosipedçilərin cərimələnməsi haqqında xəbərlər gəlir. Avtosfer.az-ın məlumatına görə, hətta bir fotoda velosipedlərin evakuasiya avtomobilinə yüklənilərək harasa aparıldığı da əks olunub. Belə məlumatlar həm sevindirici, həm də məyusedicidir.

Sevindirici odur ki, ölkəmizdə, xüsusən də Bakıda velosipedə nəqliyyat kimi baxmağa başlayanların sayı artır. Bu, çox vacib bir prosesdir. Dünyanın inkişaf etmiş ölkələrində yerdəyişmə vasitəsi kimi velosipedin necə kütləviləşdiyi və hətta sayca avtomobilləri üstələməkdə olduğu hər kəsə bəllidir. Ölkəmizdə bu prosesin, rüşeym halında olsa da, başlanmasına sevinmək lazımdır.

Velosipedçilərin cərimələnməsi barədə məlumat ona görə məyusedicidir ki, həm qanunvericilikdə, həm də təcrübədə bunula bağlı çox ciddi problermlər var. Problemin ən böyüyü Bakı şəhərinin küçələrində velosiped hərəkəti üçün zolaqların və ayrıca velosiped yollarının olmamasıdır. Ona görə də velosiped həvəskarları çox vaxt səkilərdə, parklarda və başqa bu kimi yerlərə velosiped sürməyə məcbur olurlar. Nəticədə yol hərəkəti qaydalarını pozurlar. 

Küçə və prospektlərdə velosiped zolaqları olmadığına görə velosipedlər üçün ayrıca duracaq yerləri də yoxdur. Bu səbəbdən bəzən velosipedlərin piyadalara maneə olan yerlərdə, hətta müxtəlif  binaların və obyektlərin girişində qoyulduğunun da şahidi oluruq. 

Velosiped hərəkəti ilə bağlı qanunvericilikdə də kifayət qədər problemlər var. Bu problemlərdən ən ciddisi velosipedçinin hüquqi məsuliyyəti, onun məsuliyyətinin avtomobil sürücüsünün məsuliyyətindən fərqləndirilməsi və başqa bu kimi məqamlarla bağlıdır. 

Bununla belə, hazırda qüvvədə olan “Yol hərəkəti haqqında” Qanunda velosipedlə yollarda hərəkət üçün xüsusi qaydalar nəzərdə tutulur. İnzibati Xətalar Məcəlləsi (İXM) isə bu qaydalardan xeylisinin pozulmasına görə məsuliyyət müəyyən edir. Velosiped həvəskarlarının diqqətinə bir neçə maraqlı məqamı çatdırmaq istəyirəm. 

Əvvəla, hər kəs bilməlidir ki, səkilərdə velosiped sürmək qadağandır. Ümumiyyətlə, velosiped nəqliyyat vasitəsidir və onun yolda yalnız bunun üçün nəzərdə tutulan yerlərdə və qaydalar çərçivəsində hərəkətinə yol verilir. Əgər yol hərəkəti qaydalarında, yol nişanlarının və ya nişanlanma xətlərinin tətbiqi ilə bağlı qanunvericlikdə müvafiq qaydanın nəqliyyat vasitələrinə aid olduğu qeyd olunursa və velosiped üçün istisna yoxdursa, yaxud belə istisna həmin qaydanın mahiyyətindən irəli gəlmirsə, onda bu qayda velosipedlə hərəkətə də aiddir. Deməli, hər bir velosipedçi həmin qaydalara riayət etməlidir. Velosipedlə hərəkət vaxtı, yaxud velosipedlərin parklanması ilə bağlıə qaydalara riayət etmək lazımdır. 

Belə qaydaları pozan velosipedçi İXM-in 153.3-cü maddəsi ilə məsuliyyətə cəlb olunacaq. Məsələn, velosipedçi svetoforun qırmızı işığını keçərsə, yoldə əksinə hərəkət edərsə, 3.1 “Giriş qadağandır”, 3.2 “Hərəkət qadağandır”, 3.9 “Velosipedlə hərəkət qadağandır” və bəzi başqa nişanların tələbini pozarsa, səki ilə hərəkət edərək piyadalara mane olarsa və bir sıra başqa qayda pozuntuları törədərsə, İXM-in 153.3-cü maddəsi ilə 40 manat cərimə olunacaq. Buna əsasən güman edirəm ki, dənizkənarı bulvar ətrafında velosipedçilərin cərimələnməsi həmin konkret qayda pozuntuları ilə bağlıdır.

Başqa bir məsələyə - velosipedlərin evakuasiya məsələsinə də münasibət bildirmək istərdim.

Hazırki məzmunda İXM-in 406-cı və 407-ci maddələri müvafiq əsaslar olduqda nəqliyyat vasitələrini idarə edən şəxsin nəqliyyat vasitəsinin idarə olunmasından kənarlaşdırılmasını və müvafiq nəqliyyat vasitəsinin mühafizə olunan duracağa (cərimə meydançasına) aparılmasını nəzrdə tutur. Bu əsaslar da ümumi olmaqla bütün nəqliyyat vasitələrinə aiddir və onlardan bəziləri velosiped, hətta at arabası barəsində də tətbiq oluna bilər. Məsələn, velosipedçi sərxoş vıziyyətdə yolda velosiped idarə edərək yol hərəkəti qaydalarını pozduqda DYP əməkdaşı tərəfindən saxlanılaraq tibbi müayindən keçirilə bilər. Onun sərxoş olduğu müəyyən edildikdə barəsində İXM-in  153.5-ci maddəsinə uyğun olaraq 70 manat cərimə tətbiq edilməklə həmin şəxs velosipedi idarə etməkdən kənarlaşdırıla bilər. Amma İXM-in 406-cı və 407-ci maddələrində göstərilən əsaslardan xeylisi, o cümlədən dayanma və durma qaydalarını pozmaya görə mühafizə olunan duracağa yerləşdirmə velosipedə tətbiq edilərkən başqa məqamlar da nəzərə alınmalıdır. Mövcud məzmunda İXM-in 407.1-ci maddəsi  dayanma və durma qaydalarını pozmaqla duracağa qoyulmuş velosipedin də saxlanıla bilməsini ehtiva edir. Lakin dayanma və durma qaydalarını pozan nəqliyyat vasitəsinin evakuasiyasının məqsədi müvafiq nəqliyyat vasitəsini təhlükəli yerdən və digər nəqliyyat vasitələrinə maneə olan yerdən yığışdırmaqdır. Bu məqsədlə velosipedi evakuatora yükləyərək cərimə meydançasına aparmaq məntiqli deyil. Həm də nəzərə almaq lazımdır ki, velosipedin eyniləşdirmə nömrəsi olmur və mühafizə olunan duracağa yerləşdirilmiş velosipedin sahibinin kim olduğunu müəyyən etmək, daha sonra onu məlumatlandırmaq qəliz məsələdir. Hətta bəzən şəxs cərimə meydançasına gələrək, “bu velosiped mənimdir” deməklə onu götürmək istədikdə də velosipedin həmin şəxsə məxsusluğunu müəyyənləşdirmək asasn məsələ deyil. Qeyd olunanları ümumiləşdirərək bildirmək istəyirəm ki, nəzərdə tutulmayan yerdə parklanmmış velosipedin cərimə meydançasına aparılmasına yol verilə bilməz. Çünki: 1) mövcud qanunvericilikdə velosipedlərin hərəkəti və onların duracaqda yerləşdirilməsi ilə bağlı qanunvericilikdə boşluqlar var (ilk növbədə həmin boşluqlar aradan qaldırılmalıdır); 2) velosioedin cərimə meydançasına aparılması onun nəzərdə tutulmayan yerdə olmasından da ciddi problemlər doğura bilər.

Sonda velosiped həvəskarlarının diqqətinə çatdırmaq istəyirəm ki, dənizkənarı bulvar yol deyil. Deməli, orada velosipedlə və ya piyada hərəkət yol hərəkəti qaydaları ilə tənzimlənmir. Lakin dənizkənarı bulvarın girişlərində 3.1 “Giriş qadağandır”, 3.2 “Hərəkət qadağandır”, 3.9 “Velosipedlə hərəkət qadağandır” nişanlarından hər hansı biri varsa, siz velosipedlə ora daxil olarkən bu nişanın tələbini pozursunuz və nəticədə 40 manat cərimə olunacaqsınız. 

Başqa bir mühüm məqam: yol hərəkəti qaydalarının müxtəlif hərəkət iştirakçıları, o cümlədən velosipedçilər tərəfindən pozulmasına görə məsuliyyətə cəlb etmə DYP-nin səlahiyyətinə aiddir. Ona görə də  velosipedlə yol hərəkəti qaydasını pozan şəxs yalnız DYP əməkdaşı tərəfindən müvafiq sənədləşmə (inzibati xəta haqqında protokol və inzibati tənbeh tətbiq etmə haqqında qərar) aparılmaqla məsuliyyətə cəlb edilərək cərimələnə bilər. 

 

 

Ərşad Hüseynov,

hüquqşünas

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh