Bakıda yol hərəkətinin təşkilində yenilik, yoxsa tapmaca? - FOTOLAR

Yazarlar 19 May 2016 23:39 Oxunub 7353
Bakıda yol hərəkətinin təşkilində yenilik, yoxsa tapmaca? - FOTOLAR
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Edilmiş yenilik qaşında problem olan adamın kor edilməsi kimi bir şeydir

Bakıda və ölkəmizin digər yerlərində yol hərəkətinin təşkilində çoxlu problemlərin olduğu heç kəsə sirr deyil. Bu problemlərin həlli üçün ciddi təhlillər, yeni yanaşmalar və kreativ ideyalar lazımdır. Yeniliklərin uğurlu olması üçün  qanunvericiliyin tələblərinə xüsusi həssaslıqla yanaşılmalıdır. Görülən işlərdə ardıcıl məntiq, səmərəlilik olmalı, sual doğuran heç bir boşluq qalmamalıdır.

Təəssüf ki, belə şeyləri görmək həmişə qismət olmur. Bəzən hətta qaş düzəldənlər öz pasientlərini kor edirlər. Avtosfer.az bildirir ki, Bakının Yasamal rayonunda Musabəyov parkı kimi tanınan yerdə yol hərəkətinin təşkilində bu yaxınlarda edilmiş yenilik də əslində qaşında problem olan adamın kor edilməsi kimi bir şeydir.

Əlavə etdiyimiz şəkildən də göründüyü kimi, Mətbuat prospekti, Əbdürrəhim bəy Haqverdiyev, Mirəli Seyidov, Nazim Hikmət küçələri oval formalı həmin parka çıxır. Parkın dövrəsindəki yolla adını çəkdiyimiz küçə və prospektlər 4 yolayrıcı əmələ gətirirlər. Parkın şimalında Mədəniyyət və İncəsənət Universitetinin korpusu tərəfdən , cənubunda isə yanacaqdoldurma məntəqəsindən olmaqla, parkətrafı yola daha iki çıxış yeri də var. Yol hərəkətinin təşkilinə dair qanunvericiliyə əsasən bu yol birləşmələrinin altısında da hərəkət müvafiq qaydada tənzimlənməlidir. Özü də bu ərazidə həmişə intensiv hərəkət var.

Parkın ətrafındakı yolayrıclarından biri (Mətbuat prospekti və Ə. Haqverdiyev küçəsinin kəsişməsi) svetoforla tənzimlənir və burada xırda nüanslar nəzərə alınmasa, tənzimləməni normal saymaq olar. Parkın qərb tərəfində 3 yolayrıcında tənzimləmə isə sadəcə biabırçılıq sayıla bilər, özü də təhlükəli biabırçılıq. Belə ki, Mirəli Seyidov küçəsinin parkətrafı yolla əmələ gətirdiyi hər iki yolayrıcında M.Seyidov küçəsinə 4.3 “Dairəvi hərəkət” nişanı qoyulub. Bu, o deməkdir ki, hər iki istiqamətdən bu küçə dairəvi yolayırıcına çıxır. Yol hərəkəti qaydalarından məlumatı olan sürücü üçün isə bu, o deməkdir ki, dairəyə daxil olarkən dairədəki nəqliyyat vasitələrinə yol verməlisən, dairəyə daxil olduqdan sonra isə yol sənindir (əgər dairə boyunca qarşında yol verməli olduğuna dair başqa nişan olmasa). M.Seyidov küçəsinin parkətrafı yolla kəsişmələri arasında isə A.Şərifzadə küçəsi (ASAN Xidmət) tərəfdən gələn N.Hikmət küçəsi həmin yolla kəsişərək yolayırıcı əmələ gətirir. N.Hikmət küçəsindən parkətrafı yola birləşmə yeri qarşısında da bu yaxınlara qədər 4.3 nişanı var idi. Amma bu yaxınlarda həmin nişanı yığışdırılaraq, ora yalnız sağa hərəkətə icazə verən 4.1.2 nişanı qoyulub. Belə vəziyyət o deməkdir ki, A.Şərifzadə küçəsi tərəfdən gələrək parkətrafı yola çıxan sürücülər üstünlüyə malikdirlər. Deməli, parkətrafı yolla hərəkət edən sürücülər onlara yol verməlidirlər.

Görünür, bu yeniliyi edənlər “ASAN xidmət” tərəfdən parka tərəf gələnlərin hərdən o kəsişmədə rastlaşdığı sıxlığı aradan qaldırmağa çalışıblar. Amma bu işi yarımçıq edərək kobud səhvə yol veriblər. Bu səhvin nəticəsi isə hər gün eşitdiyimiz ağır qəzalar ola bilər.

Bəhs etdiyimiz “yenilik” aşağıdakı problemlərə yol açır:

1. M.Seyidov küçəsi ilə gələrək parkətrafı yolla hərəkət etmək istəyən sürücü qarşısındakı 4.3 nişanını görür və yuxarıda qeyd etdiyimiz kimi düşünür ki, parkətrafı yoldan svetofora qədər mən üstünlüyə malikəm, çünki dairəyə daxil oluram. “ASAN xidmət” tərəfdən gələn sürücü isə düşünür ki, mən sağdan gəlirəm və nizamlanmayan yolayırıcında üstünlüyə malikəm. Nəticədə, hazırki nizamlamaya əsasən, həmin kəsişmədə hər iki sürücü “üstünlüyə” malikdir. Bu isə qaçılmaz qəza üçün zəmin deməkdir.

2. Əgər parkətrafı yolla hərəkət edən avtomobillər “ASAN xidmət” tərəfdən gələnlərə yol versələr, onda parkətrafı yolda sıxlıq yaranacaq. Bu isə əvvəl M.Seyidov küçəsi ilə, daha sonra bir az aşağıda Mətbuat prospekti ilə kəsişmədə tıxanma demək olacaq. Deməli, hər şey əla olsa idi belə, hərəkətin indiki kimi təşkili səmərəli deyil.

3. Müasir dövrdə hətta kənd yollarında da nişanlarla, zərurət olduqda svetoforla aydın nizamlama olmalıdır. Bakı şəhərinin magistral əhəmiyyətli küçələrinin kəsişmələrindən biri olan bəhs etdiyimiz parkətrafı yolun kəsişməsində elementar üstünlük nişanlarının olmaması heç cürə başa düşülən deyil.

Bu səbəbdən yuxarıda göstərdiyimiz təhlükəli çatışmazlıqları təcili olaraq aradan qaldırmaq lazımdır. Nəzərə alınmalıdır ki, yol hərəkətinin təşkilindəki ən xırda qüsur da hər saniyə insan həyatına son qoya bilən qəzaya zəmin ola bilər.

Əslində həmin yerdə hərəkət elə təşkil oluna bilər ki, sürücülərin bir-birinə yol verməsinə o dərəcədə ehtiyac olmaz. Bunun üçün sadəcə həmin yerdəki bütün kəsişmələr diqqətlə təhlil edilməlidir, daha sonra yol zolaqlarında elə hərəkət sxemi tətbiq olunmalıdır ki, əsas nəqliyyat axınlarının bir-birinə maneçiliyi olmasın. Hərəkətin belə təşkili üçün bəhs etdiyimiz yerdə şərait var. Bunu icra etmək lazımdır.

 

Ərşad Hüseynov,

hüquqşünas

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh