Bakıdakı tıxacın kökü rayonlardadır - Yarıtmaz məmurların "ƏL İŞİ"
Çoxdandır icra başçısı həbs olunmur. Ağacları kəsmək, qanunsuz tikililər və digər məsələlər araşdırılsa neçəsini həbs etmək mümkündür. Bakıdan kənar rayonlarda isə insanları qəsdən bezdirib rayondan didərgin salan, yalandan "iş yeri açdım" deyib rayonu talayan icra başçılarının hər gün birini qandallamaq lazımdır.
Həmişə demişəm, bir daha təkrar edirəm; Bakıdakı tıxacın səbəbi rayonlar, kəndlərdir. Bu gün boş qalan rayonları və kəndləri viran qoyan məmurlardır. Yalan vədlərlər rayonların sosial-iqtisadi inkişafı adıylıa milyonları yedilər, iş yeri adıyla özlərinə obyektlər tikdilər, indi də əhali axışıb Bakıya və paytaxt dolub-daşır.
Azərbaycanın az qala yarıdan çoxu Bakıdan dolanır. İş Bakıda, normal şərait Bakıda, təhsil Bakıda, səhiyyə Bakıda. Kənddə qalan eləcə kənd həyatıdır - kənd yumurtası, kənd qatığı, kənd çolpası. Hamımız bunları istəyirik, amma kəndi də qoyub qaçırıq paytaxta. Nə günlərə qalmışıqsa yumurtanı, əti, süd və süd məhsullarını, toyuğu, qoyunu da xaricdən alırıq. Kartofdan tutmuş bir çox meyvə-tərəzəvi xaricdən gətirirlər. Ya xaricdən mal gətirənlər monopoliya yaradır, ya da kəndlər boşalır, məhsul istehsal edilmir deyə xaricdən gətirməyə məcburuq.
Kəndlini kənddən didərgin salanlar icra başçıları və bəzi məmur-oliqarxlardır. Torpaqları kəndlidən müxtəlif yollarla alıb özlərinə əkin-biçin sahəsi qurdular, mal-qara saxladılar. Kəndlinin suyunu kəsib əkin-biçinə ziyan vurdular ki, məcbur olub satsın, o da satıb kənddən qaçdı. Adamlar var ki, kənddə 8 otaqlı gen-bol evi, həyət-bacası var, amma dolanışıq yoxdur deyə Bakıda kiminsə evinin zirzəmisində kirayədə yaşayır.
Yollarda, avtobus və metrodakı sıxlığın kökünü kəsmək istəyiriksə kəndlərdə, rayonlarda inkişaf olmalıdır, yeni iş yerləri açılmalıdır, kəndi məmurdan və oliqarxlardan təmizləyib kəndliyə qaytarmaq lazımdır. Əkin-biçinə dəstək olmaq lazımdır.
Adamların kəndə min bir əziyyətlə saxladığı mal-qarası, toyuq-cücəsi qırılır, bir adam çıxıb kömək etmir, boş-boş bəyanat verirlər, analiz götürürlər. Ona görə də bölgələr boşalır və paytaxt dolub daşır.
Gürcüstanda olanda hər səfərimdə həsəd aparıram. Hər dəfə fərqli regionlara gedirik. Baxıram ki, kənd də yerindədir, kəndli də. Çünki əkən də kəndlidir, biçən də. Məmurlar hər şeyi ələ almayıb. Ona görə də kəndli normal yaşayır və payaxta qaçmır. Baxırsan ki, kənddə elit restorandan tutmuş əyləncə mərkəzinə qədər hər şey var. Bizim kəndlər kimi ancaq çayxana-dominoxana açıb camaatın başını qatmırlar.
Elməddin Muradlı