Bakıdakı tıxacın qarşısı ancaq belə alına bilərdi – Ekspert AAYDA-nı günahlandırır
Bakı-Sumqayıt yolunda tıxacların aradan qaldırılması ilə bağlı mütəmadi tədbirlər görülsə də, ərazidə avtomobil sıxlığının qarşısını tam almaq mümkün olmayıb.
Pandemiya dönəmində yolda avtomobillərin hərəkəti nisbətən azaldı, lakin sentyabrın sonu ölkədə təhsil müəssisələrində tədris tam bərpa olunandan sonra ərazidə yenidən tıxaclar yaranıb. Bəs, adıçəkilən yolda tıxacların aradan qaldırılması üçün əlavə hansı tədbirlər görülməlidir?
Nəqliyyat eksperti Elməddin Muradlı Bakıvaxtı.az-a bildirib ki, ilkin növbədə alternativ yollar salınmalıdır:
“Tıxac mövzusu artıq paytaxtın giriş-çıxış nöqtələrinin alnına yazılmış ciddi bir problemdir. Şəhərin istər şimal, istər, cənub, şərq, şimal-qərb və.s istiqamətlərində günün pik saatlarında tıxac ənənə halını alıb. Təbii ki, bu problemin həlli yolları da var. Alternativ və kənar dairəvi yolların salınması mütləq lazımdır. Kənar dairəvi yolların istifadəlilik dərəcəsi yoxlanılmalıdır. Hazırda Yeni Yasamal ərazisindən keçən kənar dairəvi yol müəyyən qədər, yükü ödəyir. Bakı-Sumqayıt və ya Sumqayıt-Bakı istiqamətinə gedən insanlar Avtovağzal yolunda tıxaca düşürlər. Bu adamlar Avtovağzalı keçib kənar dairəvi yola düşəndən sonra rahat nəfəs ala bilirlər. Məsələn, bundan əlavə, Bayıldan şəhərə gələn istiqamətdə maşınlar tıxaca düşür və saatlarla orda qalırlar. Ona görə ki, günün pik saatlarında Binə-Sədərək ticarət işçilərinin də iş saatının bitən vaxtı olur və ordan çıxan insanlar kütləvi şəkildə şəhərin içindən keçməyə məcbur qalır”.
Ekspert Bayıldan şəhər istiqamətində yaranan tıxacın səbəbini Neftçilər prospektinin alternativinin olmaması ilə əlaqələndirib:
“Belə olan halda, təbii ki, tıxac qaçılmazdır. Bu istiqamətdə müxtəlif fikirlər səslənib. Məsələn, dəniz üzərindən yol çəkməkdən tutmuş, əlavə kənar yolların çəkilməsinə qədər müzakirələr olub. Bundan əlavə, Şamaxı yolu və 20 Yanvar dairələrində olan körpülər Üçüncü mikrorayon, Qələbə dairəsi və Şərifzadə küçəsinə şaxələndirilməlidir. Məsələn, Koroğlu dairəsinin üzərində olan körpü modelini bu ərazidə də tətbiq etmək olar. Belə olan halda yük qismən azaldıla bilər”.
E. Muradlı bildirib ki, bundan başqa, Xırdalan dairəsinə daxil olan avtomobillər Bakı-Sumqayıt yolunda tıxac yaradırlar:
“Səbəb odur ki, aidiyyatı qurumlar, məsələn Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) Bakı-Sumqayıt yolunu genişləndirəndə Xırdalan dairəsinə daxil olan avtomobillərin taleyini düşünmədi və bu istiqamətə sadəcə 2 zolaq verdi. Bəs, Baş Dövlət Yol Polisi və Xırdalan şəhəri tərəfdən gələnlər niyə hesaba vurulmadı? Ona görə də, təklif edirəm ki, "Koroğlu" metrostansiyasının yaxnlığındakı körpü modeli orda da tətbiq olunsun və ya "Gənclik" metrostansiyası ətrafındakı tunel modelinə üstünlük verilsin. Beləliklə, tunelə daxil olub Baş Dövlət Yol Polisi və eyni zamanda Xırdalan istiqamətinə getmək olar. Lakin AAYDA standart modeli üstün tutdu və bu gün də bu problem yaranır. Modeli də ona görə üstün tutdular ki, gələcəkdə yeni layihə alsınlar, yenidən maliyyə xərclənsin və beləliklə öz məqsədlərini güdə bilsinlər. Bunun nəticəsidir ki, Bakıda yollar tıxacdan təmizlənmir”.