Bakıdan çıxan "ölüm maşınları" hara gedir? - AÇIQLAMA

Yazarlar 23 May 2019 17:55 Oxunub 1897
Bakıdan çıxan "ölüm maşınları" hara gedir? - AÇIQLAMA
WhatsApp kanalımıza abunə ola bilərsiniz
"Smart taxoqraf"ların problemi xeyli həll edəcəyi deyilir

Paytaxtdan ətraf ərazilərə və rayonlara sərnişin daşıyan mikroavtobuslar tez-tez qəza törədir. Bu qəzalar nəticəsində ölənlər və xəsarət alanlar olur. Daşıyıcılara fərqlənmə nişanı nəyə əsasən verilir? Qanunsuz sərnişin daşıyanlara qarşı hansı tədbirlər görülür? Müəyyən olunmuş sürət həddini aşanlar kimlərdir?  

Avtosfer.az xəbər verir ki, Bakucity.az məsələni aydınlaşdırmağa və qoyulan suallara cavab axtarmağa çalışıb. Materialı oxuculara təqdim edirik.

Məsələ ilə bağlı saytımıza açıqlama verən Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin sektor müdiri Nuridə Allahyarovanın bildirdiyinə görə, tez-tez rast gəlinən ağır yol qəzalarının əksəriyyətini qanunsuz sərnişindaşıma fəaliyyəti göstərən mikroavtobuslar törədir: “Paytaxtdan ətraf ərazilərə, rayonlara sərnişin daşıyan mikroavtobuslar, avtobuslar müntəzəm marşrut xəttləri üzrə fərqlənmə nişanı əldə etməlidirlər. Fərqlənmə nişanı onlara sərnişin daşınması üçün icazə verilməsilə yanaşı, həm də verginin aidiyyatı üzrə dövlət büdcəsinə ödənilməsini tənzimləyir. Fərqlənmə nişanı əldə edən daşıyıcı şirkət Bakı Beynəlxalq Avtovağzal Kompleksindən müqavilə əsasında çıxaraq, şəhərlərarası daşımaları həyata keçirir. Həmin avtonəqliyyat vasitələrində isə çox nadir hallarda qəza hadisəsi qeydə alınır. Qanunsuz sərnişindaşıma ilə məşğul olan mikroavtobusların isə heç birinin nə texniki göstəricisi, nə istismar müddəti, nə sürücülərin reysqabağı tibbi müayinədən keçirilməsi, nə də avtonəqliyyat vasitələrinin reysqabağı texniki müayinədən keçirilməsi tənzimlənmir. Sözügedən qəzaları da həmin mikroavtobuslar törədir”.

Nuridə Allahyarova əlavə edib ki, qanunsuz sərnişindaşıyan avtonəqliyyat vasitələrinə qarşı Dövlət Avtomobil Nəqliyyatı Xidməti və Dövlət Yol Polisi müntəzəm birgə tədbirlər həyata keçirir. Sektor müdirinin dediyinə görə, bu tədbirlərin sırasında bütün regionlar üzrə, həmçinin paytaxtda qeyri-qanuni daşımaların sıx müşahidə olunduğu ərazilərdə reydlər keçirilir. Bu il ərzində aparılan reydlər isə onu göstərir ki, yol hərəkəti qəzalarının sayı ötən illə müqaisədə 20%-ə qədər azalıb.

Mövzu ilə bağlı nəqliyyat eksperti Elməddin Muradlı da fikir bildirib. Onun fikrincə, radarların yeri barədə məlumatlı olan sürücülər fürsətdən istifadə edir: "Yol hərəkəti haqqında Qanun"un tələbinə görə, avtobuslar magistral yollarda maksimum 90 km/s sürətlə hərəkət edə bilər. Paytaxtdan ətraf ərazilərə və rayonlara sərnişin daşıyan avtobuslar, eləcə də taksilər arasında bəzən yol hərəkəti qaydalarını kobud şəkildə pozanlara rast gəlinir. Bunların qarşısını almaq üçün Dövlət Yol Polisi əməkdaşları ərazilərdə mütamadi xidmət aparırlar, daimi və mobil radarlar vasitəsilə bu cür əməllərə qarşı mübarizə tədbirləri görülür. Amma radarların yeri barədə məlumatlı olan bəzi taksi və avtobus sürücüləri sadəcə radara çatanda sürəti azaldır, radarı keçən kimi isə qaydaları pozurlar. Təbii ki, bu hallar da daha çox qanunsuz taksi fəaliyyəti ilə məşğul olanlar arasında müşahidə olunur. Belə kobud xətalara avtobus sürücüləri arasında da yol verənlər var və bunun qarşısının alınması üçün dövlət səviyyəsində addımlar atılır”.

Ekspert belə problemlərin aradan qaldırılmasında "smart taxoqraf"ların kifayət qədər effektiv ola biləcəyini vurğulayıb: “Ötən ilin dekabr ayında ölkə prezidenti tərəfindən imzalanmış yol hərəkəti qaydalarına dair Dövlət Proqramının icrasında avtobusların və minik avtomobillərinin taxoqrafla təmin edilməsi nəzərdə tutulur. Bu o deməkdir ki, sürücülərin iş və istirahət rejimi, eləcə də sükan arxasında yol verdiyi bütün xətalar taxoqraf tərəfindən qeydə alınacaq. Bütün bunları Dövlət Yol Polisi görəcək və həmin sürücü barədə dərhal qanunauyğun tədbir həyata keçirəcək. Bu yolla aidiyyatı üzrə dövlət qurumlarının da nəzarət imkanları genişlənəcək. Bu sistem ölkəyə gətirildikdən sonra sadəcə beynəlxalq yukdaşımalarda deyil, bütün daşıyıcılar üzrə tətbiq olunmalıdır ki, sürücülərə tam nəzarət mümkün olsun. Hazırda isə heç bir sürücünü nəzarətdə saxlamaq mümkün deyil.

Qeyd edək ki, Azərbaycan Respublikasında rəqəmsal taxoqraf sisteminə dair siyasət"in tətbiq edilməsi ilə bağlı Avropa Əsas Sertifikatlaşdırma Orqanının (ERCA) növbəti sessiyasında Azərbaycan Respublikasının birinci nəsil rəqəmsal taxoqraf aparatları üçün Milli Açarlar sertifikatlaşdırılıb. Sertfikata əsasən, beynəlxalq avtomobil daşımalarını həyata keçirən nəqliyyat vasitələri heyətinin iş və istirahət rejiminə nəzarət ikinci nəsil "smart taxoqraf"ların (Generation-2 Smart Tachograph) tətbiqi ilə olunacaq.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh