Reklam

“BakıKart”ın tətbiqi ictimai nəqliyyatda sivil münasibətlər formalaşdırır

Yazarlar 6 Yanvar 2017 13:37 Oxunub 1763
“BakıKart”ın tətbiqi ictimai nəqliyyatda sivil münasibətlər formalaşdırır
WhatsApp kanalımıza abunə ola bilərsiniz
BNA daşıyıcı şirkətlərin qısa vaxt ərzində bu sistemə keçidinə nail olmaq üçün zəruri addımlar atır

Bakıda paytaxt sakinlərinin rahatlığını təmin etmək, turistlərə beynəlxalq standartlara uyğun nəqliyyat xidməti göstərmək üçün son illər çox iş görülüb. Xüsusilə, “BakıBUS” avtobuslarının istifadəyə verilməsi həm bakılıların, həm də qonaqlarımızın razılıqla qarşıladıqları yenilikdir. Belə bir ikinci yenilik isə “BakıKart” sisteminin tətbiq edilməsidir. Bu yeniliklərin müəllifi Prezidentin sərəncamı ilə yaradılmış Bakı Nəqliyyat Agentliyidir. Qurum yarandığı gündən paytaxtda nəqliyyat axınının daha da yaxşılaşdırılması, ictimai nəqliyyatdan istifadə edən sərnişinlərin rahat və təhlükəsiz gediş-gəlişinin təmin edilməsi məqsədi ilə əməli tədbirlər görür. “BakıKart” sisteminin tətbiqi məhz belə tədbirlərdəndir. Bakı Nəqliyyat Agentliyi daşıyıcı şirkətlərin qısa vaxt ərzində bu sistemə keçidinə nail olmaq üçün zəruri addımlar atır. Çünki yalnız vahid ödəmə kart sisteminə keçid icitmai nəqliyyatda mövcud olan problemlərin birdəfəlik həllinə imkan verə bilər. Belə ki, kart sisteminə keçid daşıyıcı sirkətlərin sürücülərə aylıq əməkhaqqı verməklə onları gündəlik plan ödəməkdən azad edir. Məhz plan öhdəliyi sürücülərin yollarda sürət həddini aşmasına, lüzumsuz olaraq dayanacaqlarda uzun müddət dayanmalarına, avtobusa tutumundan artıq sərnişin mindirməsinə, avtobusu dayanacaqdan kənarda saxlamasına səbəb olur. Belə vəziyyət isə haqlı olaraq sərnişinlərin narazılığı ilə qarşılanır. Yeni sistemə keçid həm də ictimai nəqliyyatda ödənişləri beynəlxalq standartlara uyğunlaşdırır. Bu isə sürücü ilə sərnişin arasında birbaşa əlaqənin aradan qalxması, nəqliyyat sektorunda ödəniş sisteminin liberallaşması, həmçinin vəsaitlərin hərəkətinə nəzarətin təmin olunması deməkdir. Çünki vahid ödəniş sistemi nəqliyyat sektorunda ödənişlərlə bağlı dövriyyəni müəyyənləşdirməyə imkan yaradır ki, bu da vergiyə cəlb olunma və şəffaflığın təmin edilməsi baxımından əhəmiyyətlidir. Sistemin önəmli olan digər bir tərəfi isə sərnişin axınının real vəziyyətinə dair dəqiq statistikanın müəyyənləşməsinə imkan verməsidir.

Hazırda Bakı şəhərində ümumilikdə 16 marşrut xətti, eləcə də metronun 28 May stansiyasından Heydər Əliyev Beynəlxalq Hava Limanı istiqamətində hərəkət edən ekspress avtobuslarda kart ödəniş sistemi tətbiq edilir. Yaxın vaxtlarda digər marşrut xətləri üzrə hərəkət edən avtobuslarda da kart ödəniş sisteminə keçidin təmin olunacağı nəzərdə tutulub. Hazırda sərnişindaşıma ilə müntəzəm məşğul olan fiziki və hüquqi şəxslərlə danışıqlar aparılır. Ümumiyyətlə, bütövlükdə sistemə keçidin ən qısa vaxtda yekunlaşması planlaşdırılır.

Amma bunun üçün bir sıra işləri yoluna qoymaq lazımdır. Məlumdur ki, vahid kart ödəmə sisteminə keçid üçün ilk növbədə avtobuslarda ödəmə kartlarındakı infomasiyanı oxumaq imkanına malik xüsusi cihazlar - validatorlar quraşdırılmalıdır. Eyni zamanda, ödənişi kart sistemi ilə olan avtobuslara minik ön, avtobusdan düşmək orta və arxa qapıdan olduğu üçün qapılara müvafiq olaraq yaşıl və qırmızı göstəricilər vurulmalıdır. Buna isə müəyyən vaxt və vəsait lazımdır.

Bu yerdə daha çox paytaxtımızın qonaqlarını narahat edən bir problemə toxunmaq istərdik. Problem Bakıya müvəqqəti gələn vətəndaşların ödəniş kartları olmadığından “BakıKart” sistemi ilə işləyən ictimai nəqliyyatdan, o cümlədən metrodan istifadə edə bilməmələri, daha doğrusu, bu zaman qarşılaşdıqları narahatlıqdır. Məsələ bundadır ki, şəhərə gələn qonaqlara bir-iki dəfə ictimai nəqliyyatdan istifadəyə görə 2 manat verib kart almaq maddi cəhətdən sərf etmir. Üstəlik, bu qonaq (o, turist də ola bilər) ictimai nəqliyyatdan elə vaxtda, elə yerdə istifadə etməyə məcbur olur ki, əli heç yana çatmır. Belə halda Bakı Nəqliyyat Agentliyi onlara vəziyyətdən çıxmaq üçün nə təklif edir?

Bu sualla agentliyə müraciət etdik. Bildirdilər ki, “BakıKart” əsasən qonaqlar, həmçinin ictimai nəqliyyatdan nadir hallarda istifadə edənlər üçün “kağız kart”lar təklif edir. Qiyməti 20 qəpiyə olan həmin karta 4 gediş haqqının dəyərinədək (80 qəpik) vəsait yükləmək mümkündür. Lakin bir şərtlə - kartdan neçə dəfə istifadə olunacağı qabaqcadan nəzərə alınmalıdır. Çünki onun terminallarda satılmasına və 45 gün etibarlı olmasına baxmayaraq, əlavə yüklənməsi mümkün deyil.

Göründüyü kimi, Bakı Nəqliyyat Agentliyi və “BakıKart” sərnişinlərin yeni standartla və sistemlə işləyən ictimai nəqliyyatdan problemsiz istifadə edə bilmələri üçün tədbirlər görür. Düzdür, demək olmaz ki, bu tədbirlər zamanı sərnişinlərin, xüsusən paytaxtın qonaqlarının bütün arzu və istəkləri nəzərə alınır. Əslində, bu, mümkün də deyil. Çünki bu arzu və istəklər elə ictimai nəqliyyatdan istifadə edənlərin sayı qədərdir. Amma elə arzu və istəklər var ki, onların həyata keçməsini hamı gözləyir. Onların arasında ən birincisi, paytaxtın bütün marşrutlarında işləyən ictimai nəqliyyat vasitələrinin, daha doğrusu, avtobus parkının yenilənməsi, gediş haqqının bütünlüklə kart sisteminə keçməsi və sürücülərin öz işlərinə münasibətlərinin kökündən dəyişmələrinə nail olunmasıdır. Yalnız bu halda paytaxtın ictimai nəqliyyat sektorunun sivil tələblər çərçivəsində fəaliyyət göstərməsindən danışa bilərik.

 

“Azərbaycan”

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh