Bakını bürüyən xaos: Sürücülər aylardır narazıdır – Həlli yolları açıqlandı
Bir müddət öncə Bakı Nəqliyyat Agentiliyi Bakı şəhərində tıxacın aradan qaldırılması məqsədilə yol kənarında dayanan avtomobillərlə bağlı tədbirlər görməyə başladı. Qısa zamanda dayanma-durmanın qadağan olunduğu ərazilərdə maşın saxlayan sürücülərə qarşı sərt addımlar atıldı. Şəhərin müxtəlif hissələrində yerləşdirilən müşahidə kameraları vasitəsilə qeydə alnınan görüntülərlə belə sürücülər cərimələr tətbiq olundu. Bəzi sürücülər bu addımı normal qarşılasalar da, bir çoxları isə əksinə, sözügedən tədbirlərə müsbət reaksiya vermədi. Belə ki, onlar əvvəlcə şəhərdə parklanma yerləri nəzərdə tutulmadan cərimələrin tətbiq olunmasını doğru hesab etmirlər. Müstəqil yol ekspertləri, sürücülər, hətta tanınmış ictimaiyyət nümayəndələri bu addımları ən sərt şəkildə tənqid etməyə başladı. Bundan əlavə, BNA-nın ləğv edilməsi təklifini irəli sürənlər də oldu.
Dövlət agentliyi isə şəhərdə kifayət qədər parklanma yerlərinin ayrıldığını bildirdi və bəzi ərazilərdə yenidən monitorinq apararaq yol hərəkət nişanlarında dəyişiklik etdi. Belə ki, Bakının bir neçə nöqtəsində “dayanma-durma” qadağandır nişanları, “durma” ilə əvəzləndi. Eyni zamanda bəzi ərazilərdə axşam saatlarında avtomobillərin parklanmasına icazə verildi. Bununla belə, narazılıqlar davam edir və sürücülər parklanma üçün yerlərin az olduğundan gileylənir.
Avtosfer.az xəbər verir ki, minval.info mövzu ilə əlaqədar yol-nəqliyyat eksperti Elməddin Muradlı fikirlərini öyrənib. Ekspert hesab edir ki, Bakı şəhərində dayanma və durma, parklama üçün ərazilər çox məhduddur, bu baxımdan sürücülər üçün müəyyən şərait yaradılmalıydı: “Hər yerdə tikinti bumu var. Bütün ərazilər tikinti şirkətləri tərəfindən zəbt olunub. Hətta bəzi binalar səkilərin üzərində inşa edilir. Parkinqlər nəzərə alınmır və az qala yolun hərəkət hissəsində marketlər, müxtəlif ticarət mərkəzləri, iaşə obyektləri tikilir. Bununla şəhərdə bir xaos yaradıblar. Bəzən vətəndaşları, bəzən isə BNA-nı qınamaq olmur. Çünki biz agentliyə bildirəndə ki, parkinq yerləri təşkil edilsin, onlar “harada, yer var ki” sualını verirlər. Doğrudan da yer qalmayıb. Öncə qeyd etdiyim kimi, parklanma əraziləri zəbt olunub. Bu, qanunsuzdur, cinayət əməldir. Çox təəssüflər olsun ki, vaxtında bununla bağlı çox danışsaq da, hüquq-mühafizə orqanları məsələyə laqeyd yanaşdılar. Sadəcə olaraq, müəyyən dövlərdə rayonların icra başçıları dəyişəndə, yazırlar ki, ərazi qanunsuz satılıb. Müxtəlif rayonlarda bu, dəfələrlə olub, bəzilərində hələ də davam edir. Avtobus dayanacaqlarının ərazisi kiməsə satılır və həmin hissədə icarət obyekləri tikilir”.
Elməddin Muradlının sözlərinə görə, problemin bir başqa səbəbi ondan ibarətdir ki, Nəqliyyat Nazirliyinin səlahiyyəti ləğv ediləndən sonra Bakı Nəqliyyat Agentliyi yeni qurum olaraq yaradıldı və bu boşluqda daha böyük zəbtolunma prosesi meydana çıxdı: “BNA buna görə, parkinq üçün normal yerlər tapılmır. Tapılan ərazilər isə Nazirlər Kabinetinin Yol Hərəkəti Təhlükəsizliyi Komissiyasına təqdim edilib ki, bununla bağlı qərar verilsin. Vətəndaşlar üçün şərait yaradılmasa, yalnız cərimə yazılsa, əlbəttə, onlar narazı qalacaq”.
“BNA-nın tənqid olunmasının səbəbi qurumun parklanma yeri yaratmadan cərimə yazmağa başlamasıdır”.
Ekspert həmçinin bildirdi ki, təşkil olunanan parkinqlərin hamısı ödənişli olmamalıdır: “Yol hərəkəti haqqında qanun"un tələbləri çərçivəsində yanaşsaq, dayanma-durma qadağan olunan yerdə sürücü maşını 5 saniyə də saxlasa, bu, artıq qayda pozuntusudur. Bunun həlli üçün müxtəlif ərazilərdə müşahidələr aparılmalıdır, yeni parkinq yerləri hazırlanmalıdır. Yeri gəlmişkən qeyd edək ki, bütün parkinqlər ödənişli olmamalıdır. Bizim agenlikdə məsələ ilə əlaqədar görüşümüz də baş tutub. Onlara bildirdim ki, BNA-nın tənqid olunmasının səbəbi qurumun parklanma yeri yaratmadan cərimə yazmağa başlamasıdır. Narazılıqlar bundan sonra meydana çıxdı. Çünki əslində, problemli məsələ deyil, çünki qanunu pozuruqsa, cəriməsi də olmalıdır. Amma qanunu pozmamaq üçün də şərait yaradılmalıdır. Məsələn, yol ayrıclarında tez-tez avtomobil qəzası baş verirsə, həmin əraziyə işıqfor quraşdırmaqla, nişan yerləşdirməklə bunun qarşısını almaq olar. Sonrakı mərhələdə sürücünü cəzalandırmaq lazımdır. Eynilə dayanma-durma mövzusunda da oxşar tədbirlər görülməlidir. Baxın, problem budur ki, məsələn, “Neftçilər” prospektində “Azneft” meydanından Dəniz Vağzalına qədər dayanma-durma qadağandır. Deyək ki, siz taksi sürücüsüsünüz, sərnişiniz əcnəbi vətəndaşıdır, ailəlidir, maşında uşaq arabası var və Dənizkənarı Bulvarı gəzmək istəyir. Maşını saxlayırsınız və baqajından arabanı, yaxud da sərnişinin başqa bir yükünü çıxarmalısınız. Bu da təxminən 30 saniyə 1 dəqiqə arası vaxt aparır. Müştəri sürücüyə 6-10 manat pul verəcəkdi, onun əvəzinə isə BNA 20 manat cərimə yazdı. Söhbət bundan gedir. Sürücü nə etməlidir?! O, müştərisinə deməməlidir ki, “mən 3-ə qədər sayıram, özünüzü maşından atın”.
E.Muradlının sözlərinə görə, etirazlardan sonra BNA iş qrafikinə müəyyən dəyişikliklər edib: “Əvvəllər dayanma-durmanı pozan sürücülər dərhal cərimə olunurdu. İndi isə maşını yol kənarında 2-3 dəqiqə saxlayanlara cərimə yazılmır. Hazırda bu fomada həyata keçirilir”.