Bakının analoqu olmayan avtobusları hələ də var - İnanılmaz olay - FOTO
Bakının nəqliyyat sistemində ciddi dəyişikliklər edilsə də, problemlər hələ də qalmaqdadır. Xüsusilə nasaz avtobusların xəttə buraxılması sakinlərdə narahatlıq doğurur. Paytaxtın mərkəzi ilə müqayisədə Bakıətrafı kənd və qəsəbələrə gedən avtobuslarda vəziyyət daha acınacaqlıdır. Bu yollarda daha çox standartlara cavab verməyən avtobuslar hərəkət edirlər. Bu isə qəzalara, insan ölümlərinə gətirib çıxarır. Bugünlərdə Qaradağ rayonu, Sahil qəsəbəsində 149 saylı sərnişin avtobusunun biabırçı görüntüləri köhnə avtobus problemini yenidən gündəmə gətirib. Görüntüdə avtobusun sınıq-salxaq olması, oturacaqların sökülmüş və yerinə evdə işlədilən stulların olduğu görünür. Eyni zamanda qəsəbədə daha 8 belə istismara yararsız vəziyyətdə avtobusun olduğu bildirilib.
Gündəlik marşrutdan istifadə edən sərnişinlər artıq əlini bu avtobuslardan üzdüyünü və məcburi fərdi taksilərdən istifadə etməli olduqlarını deyirlər. Həmçinin istər şəhərin mərkəzi, istərsə ətraf ərazilərə hərəkət edən avtobusların əksəriyyətinin köhnə, baxımsız, dağılıb-tökülmüş halda olduğunu söyləyiblər.
Qaradağ rayonu, Sahil qəsəbəsinin 45 mindən çox əhalisi var. Bu qədər əhalisi olan qəsəbənin avtobusları niyə bərbad vəziyyətdədir?
Məsələ ilə bağlı Bakı Nəqliyyat Agentliyinin Mətbuat Xidmətinin rəhbəri Mais Ağayev bildirib ki, 149 saylı marşrut xəttinin dəyişdirilməsi və yenilənməsi nəzərdə tutulan əsas xətlərdən biridir:
“149 saylı marşrut xətti Sahil qəsəbəsi ilə 20-ci sahəni birləşdirir. Demirəm ki, orada olan avtobusların texniki baxımdan və digər göstəricilərə görə saz vəziyyətdədir. Əlbəttə, həmin marşrut xəttindəki sərnişindaşımaların mövcud vəziyyəti narahatlıq doğurur. Yeni avtobuslar gətirildikcə, 149 saylı marşrut xəttinin dəyişdirilməsi və yenilənməsi nəzərdə tutulan əsas xətlərdən biridir. Sosial mediada paylaşılan bu şəkil isə ötən il çəkilib. Hazırda həmin marşrutda belə bir hal yoxdur. Avtobusların dəyişdirilməsi və sərnişin daşımaların yaxşılaşdırılması ilə bağlı bu marşrut xəttinin hazırda istismarçısı olan BMH şirkətinə dəfələrlə məlumat verilib və qarşısına tələb qoyulub. Görünən odur ki, hələ ki tam istədiyimiz və vətəndaşların rahatlığını təmin edən nəticə yoxdur. O da görülmədiyi üçün dövlət başçısının tapşırığına əsasən gətiriləcək yeni avtobuslardan Qaradağ rayonu qəsəbələri istiqamətində də veriləcək. Ümumiyyətlə, Qaradağ istiqamətində sərnişin daşımaların əhəmiyyətli dərəcədə yaxşılaşdırılması planımızdadır”.
Nəqliyyat üzrə ekspert Elməddin Muradlının fikrincə avtobus parkının yenilənməsi üçün ilk növbədə dizel mühərrikli avtobusların gətirilməsinə qoyulan qadağa ləğv edilməlidir:
“İctimai nəqliyyatda yaranan problemlər məsələyə sistematik yanaşmanın olmadığını göstərir. Sistematik yanaşma tələb edir ki, ictimai nəqliyyatı mərhələli şəkildə tənzimləmək lazımdır. Burada ilk növbədə avtobus parkının yenilənməsindən söhbət gedir. Amma biz avtobus parkının yenilənməsinə başlayanda görün nə baş verdi. Avtobusların ölkəyə gətirilməsi üçün tətbiq edilən rüsumlar - əlavə dəyər və aksiz vergisi artırıldı. Hansı ki, Azərbaycanda avtobus istehsalı yoxdur və xarici ölkələrdən gətirilir. Beləliklə, sahibkarların belini qırdılar”.
Nəqliyyat eksperti qeyd edib ki, keçmiş Baş nazir Novruz Məmmədovun dövründə onu aldadıb 73 saylı bir qərara qol çəkdirdilər ki, 2022-ci ilin yanvarın 1-dən etibarən Bakı şəhərinə dizel mühərrikli avtobusların gətirilməsi və istismarı qadağan edilsin: “Başqa bölgələrdə istifadə edə bilərlər, amma Bakıda bu qadağan olundu. Guya ki, başqa bölgələrdə hər şey əladır, bircə Bakıda problem var. Tələb qoyublar ki, sıxılmış qazla işləyən və yaxud elektrik mühərrikli avtobuslar gətirilsin. Beləliklə ictimai nəqliyyatda sərt tələblər qoymağa başladılar. Halbuki problemi həll etmək üçün birinci növbədə sərt olmayan qərarlar verilməli və insanlar üçün normal şərait yaradılmalıdır . Bu şərait yaranandan sonra inkişafdan danışmaq olar. Düşünürəm ki, belə qərarı qəbul etməzdən öncə ümumi vəziyyəti təhlil etmək lazım idi. Amma çox təəssüf olsun ki, Novruz Məmmədovu aldadıb 73 saylı qərara qol çəkdiriblər. İndi yanvarın 1-dən ümumiyyətlə Bakı şəhərinə dizel mühərrikli avtobusların gətirilməsi və istismarı qadağan edilir. İndi baxın nə baş verir. Təxminən 400 min avro xərcləyib sıxılmış qazla işləyən avtobusa verilən pulu 4 dizel mühərrikli avtobusa yönləndirə bilərdilər. Yəni 300 avtobus əvəzinə ölkəyə 400 avtobus gətirilə bilərdi. Amma kimlərinsə marağı var ki, keçmiş baş nazirə o sənədə qol çəkdirib və qəti tələb qoyurlar ki, yanvar ayından Bakı şəhərinə dizel mühərrikli avtobus gətirilməsin. Birincisi elektrik mühərrikli avtomobillər, avtobuslar və digər nəqliyyat vasitələri üçün Azərbaycanda heç bir infrastruktur yoxdur. İncisi sıxılmış qazla işləyən avtobusların qaz doldurma məntəqələri bərbad vəziyyətdədir. Belə olan halda sahibkarları da, dövləti də əlavə xərcə salırlar. Əgər söhbət standartdan gedirsə, avro beş standartına uyğun dizel mühərrikli avtobus gətirmək olardı. Sonda bunu yoxlasaq zəhərli qazların miqdarı həm sıxılmış qazlarda, həm də dizeldə eyni olacaq. Yetər ki, yanacağın keyfiyyəti yaxşı olsun . Bu il SOCAR yanacaqdoldurma məntəqəsi tikməyə söz verib. Artıq 2022-ci ildə istifadəyə veriləcək. Yəni, dizelin keyfiyyəti yaxşılaşacaq. Belə olan halda və avtobus parkının köhnəliyini nəzərə alaraq niyə inadkarcasına 300-400 min avroya sıxılmış qazla işləyən avtobus gətirilir? Sahibkar bunu gördükdə avtobuslara pul yatırmır. Sahibkar deyir ki, neynirəm 400 min avro verib avtobus gətirim, 30 qəpiyə sərnişin daşıyım. Bunun pulunu nə vaxt çıxaracam? Sahibkar haqlıdır, çünki onun marağı pul qazanmaqdır”.
Nəqliyyat eksperti vurğulayıb ki, sahibkarlar pul qazanmaqla yanaşı, ictimai nəqliyyat yükünü dövlətdən alıb öz çiyinlərində daşıyırlar: “BakuBus dövlətindir və müəyyən bir faizini yerinə yetirir. Amma Baku Bus tam olaraq ictimai nəqliyyatı ələ ala və bu funksiyanı da tam olaraq yerinə yetirə bilməz. Birincisi bu, sahibkarlıq fəaliyytətinin boğulmasıdır. İkincisi indiyə qədər özəl şirkətlər bunu edibsə, onlara müəyyən şərait yaratmaqla daha yaxşı işləməsi ilə bağlı tələb qoymaq olar. Sadəcə bu tələbi icra etməyənləri sıradan çıxartmaq olar. Yoxsa, bu tələbi icra edən, qaydalar üzrə işləyən şirkətlər var, onları kəsib atmaq olmaz. Bu baxımdan avtobus parkının yenilənməsi nəticəsində bu cür biyabırçılıqlara son qoyulacaq. Amma təəssüflər olsun ki, kimlərinsə marağı var ki, bu problem həll olunmasın. Niyə dövlət bunun əziyyətini çəkməlidir? Niyə bəzi insanlar düşünməmiş qərarlara imza atırlar? Sonda da bu cür ağır fəsadlar baş verir. Düşünürəm ki, avtobus parkının yenilənməsi üçün ilk növbədə dizel mühərrikli avtobusların gətirilməsinə qoyulan qadağa ləğv edilməlidir. Ən azından 2025-2030-cu illərə qədər uzatmaq olar. Digər tərəfdən avtobusların gətirilməsində əlavə dəyər, aksis vergisi məsələsinə yenidən baxmaq lazımdır. 3 il müddətinə onları da azad etməkm lazımdır ki, avtobuslar kütləvi şəkildə yenilənə bilsin”.
Baku Post