Banner

Bakının belə problemlər yaşamasına səbəb Ziya Məmmədovun bərbad nəqliyyat siyasətidir - Elməddin Muradlı

Yazarlar 2 Oktyabr 2023 18:00 Oxunub 820
Bakının belə problemlər yaşamasına səbəb Ziya Məmmədovun bərbad nəqliyyat siyasətidir - Elməddin Muradlı
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Bu gün Azərbaycanda, xüsüsən də paytaxt Bakıda demək olar, hər gün yaşanan əsas problemlərdən biri də tıxac və yol infrastrukturu ilə bağlıdır. Yolların böyük əksəriyyətinin düzgün qurulmaması ucbatından bu problem illərdir öz həllini tapmayıb.

Paytaxt ərazisində ucu-bucağı görünməyən tıxaclar əsasən səhər və axşam saatlarında daha çox müşahidə olunur. Müşahidələr göstərir ki, insanlar daha çox yağışlı havalarda şəxsi minik avtobillərindən istifadə etməyə üstünlük verirlər. Yağışlı havalarda piyada gəzintilər çətinlik yaratdığından hətta yaxın məsafələr üçün də şəxsi nəqliyyatdan istifadə yollarda maşınların sayının çoxalmasına, tıxacların yaranmasına səbəb olur. Bu yerdə bir məqamı qeyd edək ki, bizdən fəqli olaraq, Avropa ölkələrində yolların su ötürmə sistemi mükəmməl qurulduğundan leysan yağışlar zamanı da küçələrdə gölməçələr əmələ gəlmir.

Ekspertlər qeyd edirlər ki, paytaxt ərazisində ən çox sıxlıq müşahidə olunan ərazilər Binəqədi şosesi, metronun "Azadlıq prospekti" stansiyası istiqaməti, Sabunçu-Zabrat şosesi, metronun "Koroğlu" stansiyası istiqaməti, Mikayıl Əliyev küçəsi, Neft emalı zavodunun yanından metronun "Koroğlu" stansiyası istiqaməti, Babək prospekti əraziləridir.

Bakıda tıxacların yaranma səbəblərindən biri kimi yollardakı işıqforların düzgün nizmlanmaması da göstərilir. Yollar çəkilsə də, işlər tam şəkildə sona çatdırılmır. Məsələn, yollar lazımi enliyə malik olmur, işıqforlar düzgün nizamlanmır, yaxud nişanlardan düzgün istifadə edilmir. Diqqət yetirsək görərik ki, yollarda məlumatlandırıcı nişanlar da azdır, hətta yox səviyyəsindədir.

Tıxacla bağlı ən çox problem yaşayan yerlərindən biri də Bakı-Sumqayıt yolu, Xırdalan-metronun "20 Yanvar" stansiyası istiqaməti, "Şamaxinka" adlanan ərazilərdir. Baxmayaraq ki, Bakıda yeni körpülər, yeraltı keçidlər tikilib, istifadəyə verilib, yenə də paytaxtın tıxac problemi həll olunmayıb. Burada əlbəttə ki, insanların böyük yaşayış məntəqələrində sıx məskunlaşması, öz dolanışıqlarını təmin etmək üçün paytaxta axın etməsi amili də mühüm rol oynayır.

Bakı-Sumqayıt yolunda tıxacların aradan qaldırılması ilə bağlı mütəmadi tədbirlər görülsə də, ərazidə avtomobil sıxlığının qarşısını tam almaq mümkün olmur. Yay aylarında yolda avtomobillərin hərəkəti nisbətən azalır, lakin sentyabrda tədris ilinin bərpası ilə bu problem yenidən aktuallaşır.

Bəs tıxacların aradan qaldırılması üçün ilk növbədə hansı tədbirlər görülməlidir? Mütəxəssislər qeyd edirlər ki, problemin aradan qaldırılması üçün yol infrastrukturunda ciddi dəyişikliklərə ehtiyac var.

Nəqliyyat üzrə ekspert Elməddin Muradlı "525"ə açıqlamasında paytaxt ərazisindəki tıxacla bağlı tədbirlərin görülməsi istiqamətində müəyyən layihə və təkliflərin olduğunu bildirib. Onun sözlərinə görə, metro şəbəkəsində dəyişikliyin edilməsi, avtobusların sayının artırılması, gələcəkdə tramvaylardan istifadə edilməsi kimi layihələr nəzərdə tutulub:

"Layihələrin icrasının 2040-ci ilə qədər həyata keçirilməsi planlaşdırılıb. Düşünürəm ki, yol infrastrukturuna yenidən baxmaq lazımdır. Keçmiş Nəqliyyat Nazirliyinin dövründə Azərbaycanda yol infrastrukturunun inkişafına və yenidən qurulmasına ciddi şəkildə vəsait xərclənib, müxtəlif layihələr həyata keçirilib, tuneller, körpülər tikilib, amma çox təəssüf ki, layihələndirmə işi qeyri-peşəkar şəkildə aparılıb, gələcəyi görmədən, kortəbii addımlar atılıb. Təxminən 10-15 il öncə bu işlər görülüb, lakin həmin vaxt bugünkü günümüz nəzərə alınmayıb. Keçmiş nəqliyyat naziri Ziya Məmmədov və onun komandasının bərbad nəqliyyat siyasətinin nəticəsidir ki, hazırda belə problemlər yaşayırıq.

Ən çox tıxac yaranan ərazi Xırdalan ərazisidir. Burada problem ikitərəflidir. Səhər Bakı istiqamətində tıxac olduğu halda, axşam Sumqayıt istiqamətində daha çox sıxlıq müşahidə olunur. Sumqayıtda yaşayan əhalinin böyük bir hissəsi paytaxtda işləyir, ona görə də səhər saatlarında təxminən 200 mindən çox maşın həmin istiqamətdən şəhərə daxil olur. Əslində isə o yolun tutumu buna hesablanmayıb. Xırdalan dairəsində körpü variantı tətbiq edilmədiyi üçün həmin ərazidə tıxac yaranır. Yolun ötürücülük qabiliyyəti dairədə hərəkət edən nəqliyyat vasitələrinin sayı ilə adekvat deyil. 

Keçmiş Nəqliyyat Nazirliyinin zamanında "Şamaxinka" deyilən ərazidə yeraltı tunel, körpü tikildi, amma tikinti düzgün layihələndirilmədiyi üçün indi həm tuneldə, həm də körpünün üstündə tıxac yaranır. Vaxtında düzgün tənzimlənib giriş-çıxış nöqtələri verilsəydi, bu problemlər olmazdı. Biz o vaxt Xırdalan dairəsi-metronun "Koroğlu" stansiyası istiqamətində asma körpülərin tikilməsini təklif elədik. Baxın, yollar şaxələnəndə metronun "Koroğlu" stansiyası üzərindən Bakıxanov qəsəbəsinə getmək olur, eyni zamanda geri qayıdanda Ziya Bünyadov prospektinə, həmçinin müxtəlif istiqamətlərə şaxələnmə var, hətta köməkçi yola da keçmək mümkündur. Bu modelin kiçik formasını Xırdalan dairəsində də tikə bilərdilər. Amma bunu nəzərə almayıb, dədə-baba üsulundan istifadə etməyə üstünlük verdilər. Bu səbəbdən də problem hələ də qalır, nəticədə tıxac problemi bir bəlaya çevrilib. Onu da qeyd edim ki, əvvəlcə "Şamaxinka" ərazisində parkinq yaratmışdılar, amma sonradan məlum oldu ki, həmin yer parking üçün təhlükəlidir. Uzun illər keçəndən sonra piyada keçidinin salınması yadlarına düşdü və iki il bundan əvvəl piyada keçidi istifadəyə verildi".

E.Muradlı onu da qeyd edib ki, "Şamaxinka" ərazisində də metronun "Gənclik" stansiyasında olduğu kimi, tunelin içindən çıxış vermək olardı: "Məsələn, tunelə daxil olanda "Gənclik"dən əlavə, Vaqif küçəsinə, Tibb Universiteti tərəfə, Tofiq Bəhramov adına stadionun yanına da çıxışları mövcuddur. İndi "Şamaxinka" layihəsində müsbətə doğru nəyisə dəyişmək qeyri-mümkündür. O vaxt işi elə görüblər ki, bu gün onu inkişaf etdirmək çox çətindir.  Əslində, o vaxt "20 yanvar" dairəsindəki körpü şaxələnməli idi. Məsələn, Sumqayıt istiqamətindən "20 yanvar" körpüsünə daxil olanda Xırdalan tərəfdən gəlirik, amma burada "20 yanvar" dairəsinə girmədən həm sağa - Şərifzadə küçəsinə, həm də Həsənbəy Zərdabi küçəsi və "Qələbə" dairəsi istiqamətinə ayrıca yol əlavə etmək mümkün idi. Bundan əlavə, "20 yanvar" dairəsinə girmədən sola - Ziya Bünyadov prospektinə daxil olmaq, ya da geriyə dönüb tunelə qayıtmaq imkanı olardı. Məcbur deyil ki, hamı "20 yanvar" dairəsinə girsin, sonra da Şamaxinkaya qayıtsın, ya da Ziya Bünyadov prospektinə dönsün, Şərifzadə küçəsinə getsin. Qısası, əgər o vaxt körpü şaxələnsəydi, indi problem yaşanmazdı. Bakı-Sumqayıt  yolunun əsas problemi "20 yanvar" və Xırdalan dairələridir".

Avtomobil tıxaclarının böyük əksəriyyəti yol ayrıclarında və küçələrin kəsişmə yerlərində yaranır. Bunun baş verməməsi üçün avtomobillərin yolayrıcını keçmə tezliyi (yolayrıclarının buraxıcılıq qabiliyyəti) artırılmalıdır. Bütün yolayrıclarında yol örtüyü ideal olmalıdır ki, avtomobillər çalalar və başqa qüsurlar səbəbindən ləngiməsin. Elə bu məqsədlə çoxzolaqlı yolların kəsişmələrindəki dairəvi yolayrıclarının hamısı yığışdırılaraq hərəkət rejiminə uyğun svetoforlar quraşdırılmalıdır. Nəqliyyat sıxlığının artmaqda olduğu bir şəraitdə fasiləsiz və rəvan hərəkətin təmin olunması əsas şərtdir. Son 7-8 ildə avtomobil tıxaclarının aradan qaldırılması üçün külli miqdarda vəsait xərclənib. Lakin bu, arzulanan nəticəni verməyib.

Yol nəqliyyat eksperti Eldəniz Cəfərovun sözlərinə görə isə, yol infrastrukturu ilə bağlı özbaşınalıqlar təkcə keçmişdə olmayıb, elə indi də davam edir: "Şahidi oluruq ki, müvafiq qurumlar abadlaşdırma və təhlükəsizlik adı adı ilə Bakı şəhərində avtomobil yollarını pis günə qoyublar. Yollar üzərində obyektlər tikilib, parklanma yerləri zəbt olunub və təəssüf ki, bu proses hələ də  davam etməkdədir".

ŞƏRH YAZ
Ad

E-mail

Şərh