​Bakının çarəsi tapılmayan tıxac dərdi: Səbəblər və həll yolları... - BNA-dan AÇIQLAMA

Yazarlar 4 Oktyabr 2022 17:59 Oxunub 1612
​Bakının çarəsi tapılmayan tıxac dərdi: Səbəblər və həll yolları... - BNA-dan AÇIQLAMA
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Günümüzün aktual problemlərindən biri də paytaxt küçələrində yaranan tıxac problemidir. Tıxacların daha da artması insanların uzun müddət yollarda qalmasına və ən əsası zaman itkisinə gətirib çıxarır. Gün geçdikcə problemin daha da böyüdüyünün şahidi oluruq. Bəs paytaxt yollarında tıxacların yaranmasına səbəb nədir? Problemin həlli yolları nələrdir?

Avtosfer.az xəbər verir ki, mövzu ilə bağlı saytımıza danışan Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev bildirib ki, hazırda paytaxt küçələrində yaranan sıxlığın əsas səbəbi sürətli avtomobilləşmədir:

“Həm payız-qış mövsümünün başlanması, həm də yeni tədris ilinin başlanması ilə əlaqədar olaraq paytaxt yollarında təxminən avqust ayının sonlarından başlayaraq nəqliyyat vasitələrinin hərəkətində ciddi sıxlıq, daha çox isə tıxac halları müşahidə olunur. Düşünürəm ki, Bakı şəhərində hazırkı tıxacların səbəbi sürətli avtomobilləşmədir. Ölkə üzrə avtomobillərin 70%-i məhz Bakı şəhərində cəmləşdiyi üçün biz sürətli avtomobilləşmə deyirik. Bu avtomobilləşmənin yaratdığı mənzərədir ki, paytaxt yollarında çox ciddi tıxac halları müşahidə olunur. Təbii ki, tıxacın yaranmasının digər səbəbləri də var. Amma başlıca səbəb sürətli avtomobilləşmədir.

Problemin qarşısının alınması üçün ən optimal həll yolu isə dayanıqlı şəhər mobilliyi prinsiplərindən çıxış edərək, paytaxtın ictimai nəqliyyat yönümlüyünü, yəni ictimai nəqliyyatın üstünlüyünü artırmaq lazımdır. Burada söhbət konkret olaraq, müntəzəm marşrut xətləri üzrə avtobuslar üçün maneəsiz hərəkət mühitinin formalaşmasından və avtobus zolaqlarının  təşkilindən gedir.

Çünki biz şəhərin tıxac problemini həll etmək, eyni zamanda şəhərin hərəkətli imkanlarının yaxşılaşdırılmasını istəyiriksə, mütləq şəkildə şəhərdə müntəzəm marşrut xətləri üçün maneəsiz hərəkət mühitinin formalaşmasına nail olmalıyıq. Bir sözlə, avtobusun təkərinin dəydiyi hər yerdə, hər küçədə belə avtobus zolağı təşkil olunmalıdır, çünki bu günki tıxac halları avtobusların hərəkət intervallarının pozulmasına səbəb olur. Pik saatlarda avtobuslararası intervallar həddən artıq yüksək olduğundan insanlar avtobuslarda deyil, şəxsi nəqliyyat vasitəsi ilə səyahətə üstünlük verirlər. Nəticə də tıxac problemlərinin artmasına səbəb olur”.

Mövzu ilə bağlı fikirlərini bizimlə bölüşən nəqliyyat üzrə ekspert Elməddin Muradlı qeyd edib ki, tıxac probleminin aradan qaldırılmasının həll yolunu nəqliyyat infrastrukturunun inkişaf etdirilməsində görür:

“Paytaxtda tıxacın yaranmasının əsas səbəbi nəqliyyat infrastrukturunun çox aşağı səviyyədə olmasıdır. İndiyə qədər ictimai nəqliyyatı gücləndirmək mümkün olmayıb. Daşıyıcı şirkətlərin nələr yaşadığını görürürük. Onların müraciətlərindən də hər şey aydın şəkildə sezilir. Ümumilikdə götürsək, biz ictimai nəqliyyatı inkişaf etdirə, metro şəbəkəsini genişləndirə bilmədik. Digər tərəfdən alternativ ictimai nəqliyyat növləri yaradılmadı. Məsələn, tramvay, trolleybus və s. bu kimi ictimai nəqliyyat növləri yaradılmadı.

Prezident İlham Əliyev tərəfindən təsdiq olunmuş “Yol hərəkətinin təhlükəsizliyinə dair Dövlət Proqramı”nda bu məsələ öz əksini tapmışdı. 2019-2023-cü illəri əhatə edən bu proqramın ümumiyyətlə icrası çox ləng gedir. Bu vaxta qədər bu işlərin böyük əksəriyyəti icra olunmayıb. Proqramın bitməyinə 1 il qalmasına baxmayaraq, ortada heç bir ciddi dəyişiklik yoxdur. Çox təəssüf ki, bütün məsələlərə Prezident İlham Əliyev özü nəzarət etməli olur”.

Ekspert eyni zamanda əlavə edib ki, şəxsi avtomobillərin çox olması ictimai nəqliyyatın vəziyyətinin yaxşı olmamasından qaynaqlanır:

“Ümumi nəticə heç də ürəkaçan deyil. Gec də olsa bu işin fəaliyyətinə başlanması heç də bu işin yaxşı nəticələr verəcəyinə əsas vermir. Çünki artıq vəziyyət nəzarətdən çıxıb. Avtomobillərin sayı çoxdur. Bəs niyə çoxdur? Çünki ictimai nəqliyyat pis gündədir. İnsanlar məcburən borcla, kreditlə şəxsi avtomobil almağa üstünlük verirlər. İctimai nəqliyyat normal işləsə, vəziyyət bu formada olmaz.

Çıxış yolu nəqliyyat infrastrukturunun yaxşılaşdırılması, yol şəbəkəsinin inkişaf etdirilməsi, parklama yerlərinin yaradılması, taksi dayanacaqlarının yaradılması, utilizasiya prosesinin həyata keçirilməsidir. Utilizasiya prosesini mütləq həyata keçirmək lazımdır ki, köhnə maşınlar istismardan yığışdırılsın. Metro stansiyalarının sayı artmalı, şaxələnməli, bütün Bakı kəndlərini Sumqayıta qədər əhatə etməli, eyni zamanda avtobusların sayında da ciddi artım müşahidə edilməlidir. Bunu üçün sadəcə olaraq daşıyıcı şirkətlərə dəstək olmaq lazımdır”.

Sulh.info.az

ŞƏRH YAZ
Ad

E-mail

Şərh