Banner

Bakının dəmir yeyənləri - FOTO

Yazarlar 10 Fevral 2015 13:11 Oxunub 2875
Bakının dəmir yeyənləri - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Ölkəyə gətirilən avtomobillərin aqibəti

Avtosfer.az xəbər verir ki, Famil maşın alqı-satqısı ilə məşğul olurdu. Necə deyərlər çörəyini dəmirdən çıxarırdı. Gürcüstandan gətirdiyi ili köhnə avtomobilləri bazara çıxararaq satan gənc bu yolla qazanc əldə edirdi. Ancaq bir müddət sonra ölkədə Avro 4 standartlarına keçid Familin də işini çətinə saldı. Artıq o, ili köhnə avtomobilləri ölkəyə gətirib sata bilməyəcəkdi. Vəziyətdən çıxış yolu axtaran gənc pul qazanmaq üçün daha unikal bir yol tapıb. Xarici ölkədən gətirdiyi avtomobili gömrükdən müvəqqəti olaraq keçirən Famil daha sonra həmin maşını hissələrə ayırıb. Beləliklə o, avtomobilin həm ölkə daxilində izini itirməyin həm də gəlir əldə etməyin asan yolunu tapmış oldu. Pul qazanmaq hərisliyindən gözləri bağlanan gənc bəlkədə dələduzluq etdiyindən xəbərsiz idi. Təəssüf ki, bu gün ölkədə onun kimi bu yolla pul qazananların sayı az deyil. Bu faktı hətta Dövlət Gömrük Komitəsinin (DGK) sədri Aydın Əliyev də mətbuata açıqlamasında təsdiq edib. Sədr bildirib ki, Azərbaycana qonşu ölkələrdən müvəqqəti olaraq köhnə avtomobillər gətirilir və bəzi hallarda burada ehtiyat hissələri çıxarılaraq satılır. A.Əliyev avtomobillərin təkcə Gürcüstandan deyil, bütün qonşu ölkələrdən gətirildiyini qeyd edib. 

Əvvəllər xarici ölkədən Azərbaycana müvəqqəti olaraq avtomobillə daxil olarkən sərhəddə həmin maşın qeydiyyata alınırdı. Avtomobil sahibinə sənəd verilirdi və orada avtomobilin ölkəyə girdiyi tarix, 1 aylıq icazə müddəti, avtomobilin sahibinin ad və soyadı əks olunurdu. Müddət bitdikdən sonra isə həmin avtomobil ölkə sərhəddindən çıxmalı idi. Yenidən geri qayıtmaq üçün isə həmin proses bir daha təkrarlanırdı. Yeni proseduraya əsasən isə ölkəyə müvəqqəti olaraq daxil olan şəxs sənədləşdirmə ilə yanaşı avtomobilə görə, depozit də qoymalıdır. Bununla yanaşı, bir Azərbaycan vətəndaşı həmin avtomobilə görə, zamin durmalıdır. Avtomobil sərhəddən keçərkən həmin zamin şəxs də orda olmalıdır.

Avtomobil bazarı üzrə ekspert Ramin Osmanlı açıqlamasında yaranmış bu vəziyyətə münasibət bildirib. Mütəxəssisin fikrincə, xüsusilə Gürcüstandan belə ili köhnə avtomobillər gətirilir. R.Osmanlı hesab edir ki, bu prosesin qarşısını almaq üçün hüquqi tənzimləmə müxanizmi olmalıdır: "Çünki, xaricdə yaşıyan azərbaycanlılar ölkəyə daxil olarkən problemlərlə üzləşir. Bu prosesi bir qədər tənzimləmək lazımdır. Heç olmasa ili yeni olan, nisbətən bahalı avtomobillərin ölkəyə girişi zamanı həmin mexanizm onlara tətbiq edilməsin. Çünki belə maşınları hissələrə bölüb satmaq maşın sahiblərinə qətiyyən sərf etmir. Qaydalarda bir az yüngülləşmə edilərsə, xaricdən ölkəyə avtomobillə daxil olan soydaşlarımızın sərhəddə saatlarla gözləməsinə də ehtiyac qalmazdı".

Mütəxəssis bildirir ki, xüsusilə ölkəyə Almaniya istehsallı olan ili köhnə avtomillər gətirilir. Çünki bu gün həmin maşınlardan ölkə daxilində kifayət qədər var və həmin maşınların ehtiyyat hissələrinə tələbat çoxdur: "Bu gün bazarlarda istənilən avtomobil üçün detal tapmaq mümkündür. Həmçinin, ili köhnə avtomobillərin detalları daha ucuz olduğu üçün avtomobil sahiblərinə də sərfəlidir". 

 

İqtisadçı alim Vüqar Bayramov isə açıqlamasında problemin həlli ilə bağlı təkliflər irəli sürüb. İqtisadçının fikrincə, avtomobil müvəqqəti olaraq ölkəyə daxil olarkən sahibindən depozit alınmasını dəstəkləyir. Mütəxəssis təbii ki, bu məbləğin vergi kimi alınmamasını diqqətə çatdırır: "Həmin vəsait sadəcə olaraq həmin avtomobilin təminatı olaraq götürülməlidir. Həmçinin, bu zaman avtomobil sahibinə nə qədər müddət Azərbaycanda qalacağı ilə bağlı məlumat verilməlidir. Əgər avtomobilə icazə verilən müddət başa çatdıqdan sonra maşın geri qayıtmayacaqsa, o zaman həmin qoyulan depozit Dövlət Gömrük Komitəsinin büdcəsinə, oradan isə dövlət büdcəsinə ödəniləcək. Həmçinin, müvəqqəti gətirilən avtomobillər haqqında informasiyalar elektron bazaya daxil edilməldir. Həmin elektron sistem vasitəsi ilə isə maşın sahibinə xəbərdarlıq etmək imkanı yaratmaq olar". 

 

İqtisadçı hesab edir ki, vəziyyətdən çıxış yolu kimi müvəqqəti ölkəyə gətirilən avtomobillərə Avro standartlar tətbiq edilməlidir. Ekspertin fikrincə, belə olan halda artıq ili köhnə, ucuz maşınların ölkəyə girişinin qarşısı alınacaq: "Bununla yanaşı, ölkəyə daxil olan avtomobillər minimum 2006-cı il istehsalı olacaq ki, həmin maşınları da hissələrə bölüb satmaq sərf etməyəcək. Çünki, Avro standartlara cavab verən maşınların qiyməti kifayət qədər bahadır və həmin avtomobillərin hissələrə bölünüb ehtiyyat hissələr kimi satılması insanlara maraqlı deyil".

Dövlət Gömrük Komitəsindən isə bildirilir ki, bu cür hallar kifayət qədər çoxdur və bunun qarşısını almaq üçün qurum müəyyən mexanizmlərdən istifadə edir. Belə ki, artıq bu səbəbdən bir neçə aydır ki, qurum qonşu ölkələrdən bu cür avtomobillərin gətirilməsi üçün ölkə daxilində zamindurma tələbi irəli sürüb. Yəni, qonşu ölkələrdən Azərbaycana gətirilən avtonəqliyyat vasitələrinə ölkə daxilində kiminsə zamin durması tələb olunur. Avtomobil ölkəyə daxil olarkən zamindən onun ehtiyyat hissələr halına gətirilməyəcəyinə dair etibarnamə alınır. Bu etibarnamə alındıqdan sonra Avro-4 standartına cavab verməyən maşınlar müvəqqəti idxal rejimində ölkəyə gətirildikdən sonra heç kimə satılmayacaq.

 

Anspress

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh