Banner

Bakının könüllü intiharçıları

Yazarlar 20 Fevral 2015 11:53 Oxunub 1915
Bakının könüllü intiharçıları
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Piyada keçidindən istifadə etməyən 330 piyada dünyasını dəyişib

Bakı şəhərində 60-dan çox yerüstü və yeraltı piyada keçidi var. Lakin bununla yanaşı son bir ildə 120 mindən çox vətəndaş piyada keçidlərindən istifadə etməmələri üçün məsuliyyəti cəlb olunub ki, onların 1850-dən çoxu 20 manat məbləğində cərimələnib. Bundan başqa, piyadaların vurulması ilə bağlı qəzalar çoxluq təşkil edir. Belə ki, ümumi qəzaların 37 faizi məhz piyadaların vurulması ilə bağlı olan qəzalardır. Ümumilikdə isə piyada keçidindən istifadə etməyən 330 piyada dünyasını dəyişib.

Ümumiyyətlə, vətəndaşların yolu keçərkən piyada keçidlərindən deyil, özlərinin istədiyi yerdən istifadə etməsi onların yol hərəkəti qaydalarının təyinatı və hərəkət təhlükəsizliyi barədə təsəvvürlərinin primitiv olmasından irəli gəlir. Piyadaların əksəriyyəti düşünür ki, yol hərəkəti qaydalarının ona aidiyyəti yoxdur və o, yolda istədiyi kimi hərəkət edə bilər. Bəzilərimiz isə düşünürük ki, yol hərəkəti qaydaları onların pozulduğu təqdirdə polisin cərimə yazması üçündür. Ona görə də belə anormal vəziyyət yaranır, sürücü və piyadalar arasında, yaxud piyadalarla polislər arasında çəkişmələrə şahid oluruq.

Nəqliyyat üzrə ekspert Ərşad Hüseynov anspress-ə deyib ki, bu primitiv yanaşmanı aradan qaldırmaq üçün insanların təfəkküründə dəyişikliyə nail olunmalıdır. Hər kəs dərk etməlidir ki, yol hərəkəti qaydaları ictimai təhlükəsizlik üçün lazımdır. Bu qaydalardan istənilən xırda kənara çıxma ölümlə nəticələnir. İnsanlarımızın “mənim başıma gəlməz, çünki diqqətliyəm” kimi anormal, müasir yaşayış tərzinə uyğun gəlməyən yanaşmansını ləğv etmək lazımdır. Hər kəsin beyninə yeridilməlidir ki, qaydalar çərçivəsində yaşamaq ən gözəl, ən təhlükəsiz və ən rahat həyatdır. Bunun üçün isə müvafiq dövlət qurumları (DYP, Təhsil Nazirliyi və s.), KİV, ayrı-ayrı vətəndaşlar məqsədyönlü iş görməlidirlər. Bu iş səmimi şəkildə, yaxşı nümunənin təbliği yolu ilə həyata keçirilməlidir. Buna paralel olaraq yol infrastrukturundakı problemlər aradan qaldırılmalıdır.

Onun sözlərinə görə, hazırda mövcud olan cərimələr kifayət qədər yüksəkdir, hətta deyərdim ki, çoxdur, göstərilən məqsədyönlü tədbirlər olmadan cərimələrin qaldırılmasının heç bir səmərəsi yoxdur. Hətta əksinə, cərimələri yerli-yersiz qaldıranda bəziləri elə düşünürlər ki, hədəf məhz çoxlu miqdarda cərimə toplamaqdır. Sadə bir həqiqətə nəzər yetirək: indiki cərimələrin qaydanı pozan hər bir piyadaya tətbiq olunması əməlli-başlı sosial partlayış yaradar. Çünki, məsələn, Bakı şəhərində çox nadir adam tapılar ki, piyada qismində küçələrdə hərəkət etsin və yol hərəkəti qaydalarını pozmasın. Hər belə halın 20 manat cərimə olduğunu nəzərə alsaq, bunun hansı ictimai rezonans doğuracağını təsəvvür etmək çətindir. Elə bu səbəbdən cərimələr qaldırılmamalı, cərimənin real nəticəni doğurması üçün onun labüdlüyü təmin olunmalıdır. Hər kəs bilməlidir ki, törətdiyi qayda pozuntusuna görə məsuliyyəti qaçılmaz olacaq.

Son illərin statistikası göstərir ki, bütövlükdə ölkə üzrə yol nəqliyyat hadisələrinin 33-35 faizini, Bakı şəhərində isə 50-55 faizini piyadaların vurulması təşkil edir. Bunun da nəticəsində yol-nəqliyyat hadisələrində ölənlərin ölkə üzrə təqribən 35-40 faizi piyadalardır. Bu isə təxminən bir il ərzində yollarımızda öldürülən 400-dən çox piyada deməkdir.

Ekspert Azər Allahverənov vətəndaşların piyada keçidlərinə üstünlük verməməsinin səbəbləri ilə bağlı deyib ki, piyada keçidlərindən istifadə yol mədəniyyətinin mühüm göstəricilərindəndir. Yol mədəniyyətinin aşağı səviyyədə olması yol hərəkətinin iştirakçıları olan sürücülərin, piyadaların, hətta sərnişinlərin davranışında, xüsusilə də yol hərəkəti qaydalarına əməl etməmələrində özünü büruzə verir. Yol mədəniyyəti amili ilə yanaşı, digər məqamlarda var ki, onlarda piyadaların keçidlərdən istifadə etməmələrini şərtləndirir. Həmin məqamlar piyada keçidlərinin hansı növdə olmasında asılıdır. Belə ki, yerüstü və yeraltı piyada keçidlərinin, həmçinin piyada zolağının müəyyən elementləri var ki, onlar çox zaman bir səbəb olaraq piyadalar tərəfindən məhz əks-arqument kimi irəli sürülür. 

Məsələn, bir çox yaşlı insan yerüstü piyada keçidə qalxdığı zaman müəyyən problemlərin yarandığını, xüsusilə də bu hərəkətin onların səhhətinə mənfi təsirlərin büruzə verdiyini qeyd edirlər. Ya da cavan qızlar axşam saatlarında həmin keçidlərdən istifadə etməmələrini məhz qorxu hissi ilə əlaqələndirirlər. Digər bir qisim həmin keçidlərdən istifadənin vaxt apardığı ucbatından istifadə etməməyə üstünlük verirlər. Yeraltı keçidlər və piyada zolaqları ilə də bağlı müəyyən məqamlar var ki, onlar da piyadalar tərəfindən bir əks-arqument olaraq bildirilir. Təbii ki, bunlar hamısı bir bəhanədir ki, bunun da arxasında piyadaların hüquq və vəzifələri barədə elə də dərin bilik və məlumata malik olmadığını göstərir. O vurğulayıb ki, Azərbaycanda yol mədəniyyəti elə yüksək səviyyədə deyil və bu üzdən biz çox zaman piyada-sürücü münasibətlərində problemlərin dərin kök saldığının şahidi oluruq. Həm piyadalar, həm də sürücülər arasında yol hərəkatı qaydalarını kobud şəkildə pozan insanlar kifayət qədər və bunun mühüm göstəricisi sürücü-piyada münasibətlərinin qeyri-qənaətbəxş olmasındadır. Bir tərəfdən piyadaların keçidlərdən itifadə etməmələri, digər tərəfdən sürücülərin əksər vaxtlarda piyadalara yol verməmələri bu sahədə münasibətlərin daha gərgin olmasına və qanuna zidd əməllərin geniş vüsət alması ilə nəticələnir.

Ekspert diqqətə çatdırıb ki, cəzaların sərtləşdirilməsi, maarifləndirmə işinin gücləndirilməsi, müvafiq icra qurumları tərəfindən mütəmadi reydlərin təşkil olunması bütövlükdə bu sahədə həyata keçirilə biləcək tədbirlərdəndir ki, onların da Azərbaycanda bu və ya digər müstəvidə həyata keçirilməsinin şahidi oluruq. Amma çox vacibdir ki, həmin tədbirlər hədəfli və əsaslandırılmış şəkildə aparılsın. 

Qanunvericilikdə eyni qayda pozuntusuna görə cərimə məbləği hər hadisədən hadisəyə artırılması zəruri olar. Bu yanaşma həmin qayda pozuntusuna rəvac vermiş insanın bir qədər düşünməyə vadar edər. Yaxud, çox zaman sürücülər və piyadalar reydlərin hansı ünvanda keçirilməsini bilirlər. Piyadaların davranışı ilə bağlı reydlər eyni ünvanda keçirilir ki, bu da həmin ünvanlarda piyada keçidlərində istifadə edən piyadaların çox zaman qaydalara uyğun davranmasına səbəb olur. 

Bir sözlə, piyadaların keçidlərdən istifadə etmə qaydalarının pozulması əleyhinə təşkil olunan reydlərin və müşahidələrin dislokasiyası zaman-zaman dəyişdirilməlidir. Maarifləndirmə işi də yol hərəkəti iştirakçılarının bütün təbəqələrini, xüsusilə də bir-biri ilə əlaqəli olan hədəf qruplarını geniş şəkildə əhatə etməlidir.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh