Reklam

Bakının mövcud yolları sıxlığı aradan qaldırmaq üçün yetərlidirmi?

Yazarlar 7 İyul 2023 19:52 Oxunub 960
Bakının mövcud yolları sıxlığı aradan qaldırmaq üçün yetərlidirmi?
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Bakıda son 15 ildə yol infrastrukturuna milyardlarla manat investisiyaların yatırılmasına, xeyli sayda körpülərin, yol ötürücülərinin inşa edilməsinə baxmayaraq, paytaxtda sıxlığı azaltmaq hələ də mümkün olmayıb.

Şəhərimizin əhalisinin sayı rəsmən 2,5 milyon nəfərə yaxın olsa da, qeyri-rəsmi məlumatlara görə bu rəqəm 4-5 milyon nəfərdir.

Bu, həm də Bakının yollarına çıxan nəqliyyat vasitələrinin sayının qeydiyyatda olan nəqliyyat vasitələrinin sayından təxminən 2 dəfə çox - 1,2-1,3 milyon ədəd olması deməkdir. Bəs paytaxtın mövcud yolları sıxlığı aradan qaldırmaq üçün yetərlidirmi? 

"Report" mövzunu nəqliyyat sahəsi üzrə ekspertlərlə müzakirə edib.

Onlardan biri Elməddin Muradlı deyir ki, Bakıda yol infrastrukturu kifayət qədər olsa da, paralel olaraq hündürmərtəbəli binaların da sayı artır: "Tikinti şirkətləri 500 mənzilli bina tikir, ancaq 50 nəfərlik parkinq yaradır. Bu da düzgün düşüncə tərzi deyil. Qanunvericiliyə əsasən, parklanma yerlərinin sayı mənzillərin sayına uyğun olmalıdır. Bəzən isə tikinti şirkətləri binaların zirzəmilərini icarəyə verir, lakin ora avtomobillər üçün ayrılmalıdır. Və yaxud şirkət 20 evin yerləşdiyi bir həyəti alır, yerində 500 mənzilli bina tikir, bütün hərəkəti iflic edir. Bakıda indiki sıxlığı tikinti şirkətləri tədricən yaradıb. Həmin şirkətlər yol infrastrukturuna nəzarət edən qurumlara istifadəyə verəcəkləri parkinqlərlə bağlı hesabat verməlidirlər. Hətta binadakı mənzillərin sayının 2 misli qədər yeri olan parkinq yaratmalıdırlar".

Bundan başqa, ekspert deyir ki, son vaxtlar paytaxtın bəzi yollarında avtobuslar üçün zolaqlar yaradılır, bu da sıxlığa səbəb olur: "Məsələn, Qara Qarayev prospektində avtobus zolağı çəkirlər, bu da nəqliyyatın hərəkətini iflic edəcək. Çünki sol zolaq geriyə dönmək üçün ayrılacaq, sağ zolaqda avtobuslar hərəkət edəcək, ortada bir zolaq qalacaq ki, ondan da Heydər Əliyev prospektindən gələn minlərlə sürücü istifadə edəcək. Eyni proses metronun "20 yanvar" stansiyası yaxınlığında - Abbas Mirzə Şərifzadə küçəsində də gedir. Ümumiyyətlə, "20 yanvar" dairəsi şəhərin ən konfliktli yerlərindən biridir. Burada standart körpü tikilib. Halbuki, yolun şaxələndirilməsi də həyata keçirilə bilərdi. Yəni "Koroğlu" metrosu tərəfdə yaradılan infrastruktur "20 Yanvar"da da yaradıla bilərdi. Dairəyə daxil olmadan körpüyə qalxıb, onun üzərində sola dönub A.M.Şərifzadə küçəsinə getmək olardı. Hətta Qələbə dairəsinə tərəf də hərəkət etmək olardı. Bu gün də bunu tətbiq etmək mümkündür”.

Nəqliyyat sahəsi üzrə ekspert Rauf Ağamirzəyev də Bakının mövcud yollarını sıxlığı aradan qaldırmaq üçün yetərli sayır. Onun sözlərinə görə, sadəcə mövcud yollardan səmərəli istifadə olunmalı, yollardakı qanunsuzluqların aradan qaldırılması yönündə işlər görülməlidir: "İnsanların qısa məsafədə hərəkəti üçün hansı təkliflər vermişik? Bu gün əlimizdə olan infrastruktur nə dərəcədə əlçatandır? Yəni 1-3 kilometr aralığında piyada mikromobillik vasitələri ilə hərəkət edə bilirikmi? Mövcud olan yol sahəsi səmərəli istifadə olunurmu? Qanunvericilik standartlarımız müasir dünya standartları trendlərinə uyğundurmu? Bu məsələlər bizi narahat edən əsas məsələlərdəndir. Biz insanlara çeşidli alternativlər verməliyik ki, yollardakı bugünkü aqressiv mühit kökündən dəyişsin. İnsanların şəhərin daxilində qısa məsafələrdə piyada, velosipedlə hərəkətini təşviq etməliyik. Qoy vətəndaşlarımız yaxın məsafələrə çox zəruri hallarda ictimai nəqliyyatdan istifadə etməklə getsinlər. Yəni çoxşaxəli işlər görülməlidir və onların bəzilərinin simptomlarını biz görürük".

ŞƏRH YAZ
Ad

E-mail

Şərh