Bakının tıxac probleminin SƏBƏBLƏRİ - Sürücü məsuliyyətsizliyi, yoxsa qurumların laqeydliyi?

Yazarlar 18 May 2022 20:03 Oxunub 2660
Bakının tıxac probleminin SƏBƏBLƏRİ  - Sürücü məsuliyyətsizliyi, yoxsa qurumların laqeydliyi?
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis-polkovniki Vaqif Əsədov yerli mətbuata verdiyi açıqlamada paytaxtın tıxac problemi ilə bağlı fikirlərini bölüşüb.

Şöbə rəisi, tıxacların başlıca səbəbinin sürücülərin mentaliteti ilə əlaqələndirib.

“Başlıca səbəblərdən biri, sürücülərin “mən birinci keçim qalan nə olar, olar” düşüncəsidir. İkincisi, yol boyu hər bir sürücü dayanıb yanındakı sərnişinin düşməsinə şərait yaradır. Bir istiqamətə iki hərəkət zolağı olan ərazidə nəqliyyat vasitəsinin sürücüsü dayanıb 30 saniyə müddətində yanındakı sərnişini düşürürsə, bu artıq pik saatda 50-70 arası nəqliyyat vasitəsinin 7 dəqiqə ləngiməsi deməkdir. Ən azından hər bir sürücü pik saatlarda məsuliyyətini daha da artırmalıdır”, - deyə Vaqif Əsədov qeyd edib.

Ümumilikdə isə ekspertlər tərəfindən paytaxtın tıxac problemi ilə bağlı bir sıra digər səbəblər də göstərilir.

Mövzu ilə bağlı Bizim.Media ilə fikirlərini bölüşən nəqliyyat eksperti Elməddin Muradlının sözlərinə görə, sıxlıq və tıxac mövzusu artıq Bakı şəhəri üçün sanki həyat tərzinə çevrilib:

“Bunun həllinə nail olmaq üçün mütləq pramatik yanaşamalar ortaya qoyulmalı və dünya təcrübəsinə əsaslanıb bir sıra layihələr həyata keçirilməlidir. İlk növbədə isə ictimai nəqliyyat sistemi gücləndirilməlidir. Bəli, yol polisinin də qeyd etdiyi kimi, sərnişin mindirib-düşürərkən sıxlıq yaranır. Lakin sərnişin niyə ictimai nəqliyyatda, yaxud da piyada yox, maşında gəzməlidir? Onların əksəriyyəti isə fərdi avtomobillər yox, manatlıq, yaxud digər taksilərdir. Deməli, ictimai nəqliyyatımız bərbad vəziyyətdədir ki, vətəndaşlar minik avtomobillərinə, taksilərə üstünlük verirlər”.


Elməddin Muradlı ictimai nəqliyyatla yanaşı, yol infrastrukturunun da bərbad vəziyyətdə olduğunu bildirib:

“Piyada getməməyimizin səbəbi isə, səkilərin bərbad vəziyyətdə olmasıdır. Çünki səkilərdə müxtəlif ticarət-iaşə obyektlərinə rast gələ bilərik. Əksər yerlərdə obyektlərin hər il bir metr səkiyə daxil olduğunu görürük, sanki ağacdır, hər il inkişaf edir. Niyə icra orqanları buna göz yumur?”.

Ekspert problemi yaradan digər səbəb kimi, yol infrastrukturunun idarəetməsinin bir neçə qurum arasında şaxələndirilməsini göstərib:  “BNA deyir ki, mən piyadalar üçün imkan yaratmaq istəyirəm. İcra hakimiyyəti də bir tərəfdən səkidə obyektlərin açılmasına imkan yaradır. Digər orqanlar isə səssiz qalır. Nəticədə, piyada rahatlığını təmin etmək üçün, əlinə imkan düşən kimi maşın alır. Buna görə də, şəhərdə tıxac yaranır. Paytaxtda mobilliyi təmin etmək üçün sistemli iş görülməlidir. Bakının nəqliyyat sistemi bütövlükdə bir qurumun əlində cəmləşməlidir. Lakin şaxələndirilmiş fəaliyyət nəticəsində, BNA, AAYDA, yol polisi öz ideyalarını həyata keçirir. Yerli icra orqanları və bələdiyyələr isə pul qazanmaqla məşğuldur. Nəticə isə göz qabağındadır, hara baxsan tıxacdır”. Elməddin Muradlı BNA-nın fəaliyyətindəki uğursuzluqları və taksi fəaliyyətinin tənzimlənməsindəki problemləri də tıxaclara səbəb olan amil kimi diqqətə çatdırıb.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh