"Baku City Tour”un avtobusu yerindən yenicə tərpənmişdi ki, ikinci mərtəbədəki əcnəbi turist "Hökümət Evi”ni göstərərək bizdən deyəsən, binanın hansı məqsədlə istifadə edildiyini soruşdu. İngilis dili biliklərimiz yetərli olmadığından turistin sualına cavab verməkdə çətinlik çəkdik. Qısaca olaraq binanın hazırda bir neçə nazirliyin istifadəsində olduğunu bir təhər başa salıb, daha ətraflı məlumat üçün audio bələdçidən istifadə etməsini tövsiyə etdik və qonaqpərvərklik nümayiş etdirərək avtobusun birinci mərtəbəsindəki stüarddan qonaqlarımıza qulaqcıq verməsini xahiş etdik.
Gəl, başına dönüm sənin
Məlum oldu ki, audio bələdçi hələ hazır deyil. Halbuki milli brend hesab olunan şirkətin açılışında bir çox xidmətlərlə yanaşı əcnəbi qonaqlar üçün 8 dildə audio bələdçinin olduğu da elan edilmişdi. Stuard təəssüf hissi ilə audio bələdçinin hələlik hazır olmadığını və yaxın gələcəkdə problemin yoluna qoyulacağın vəd etdi.
Sözün düzü biz audio bələdçisiz o qədər də narahat deyildik. Heç gərəyimiz də deyildi. Biz az-çox şəhərə bələd idik. Amma avtobusdakı turistlərin bir çoxu deyəsən şəhərdə yeni idilər. Ona görə də, sual dolu nəzərlərlə avtobusdakı yerlilərə baxan turistlərin xidmətdən narazı qaldıqlarını görməmək mümkün deyildi. Nəhayət maraq onlara güc gəldi və ingilis dilindi taftalaya-taftalaya danışan stüarddan yardım istədilər.
Bələdçisiz tur
Beləcə Bakı tıxaclarında sürünən avtobusda stüarda çoxsyalı cavabsız suallar ünvanlayan əcnəbi qonaqlarla birlikdə Heydər Əliyev Mərkəzinin başına dolanıb geri döndük. Kukla Teatrının qarşısında çatanda artıq avtobusda bizdən başqa kimsə qalmamışdı. Biz də teatrın qarşısındakı dayancaqda saxladıb 5 AZN-lik biletimizi də xatirə kimi götürüb avtobusu tərk etdik.
Desək ki, bu turdan məmnun qaldıq, yalan olar. Çünki "Baku City Tour”un avtobuslarına 20 manat verib bilet almaqdansa, eyni turu BakuBus-ın komfortlu avtobuslarına minib cəmi 20 qəpiyə ürəyin istəyən qədər gəzib dolanmaq olardı
Biletdən söz düşmüşkən "Baku City Tour”un biletləri 5 AZN-lə 20 AZN arasında dəyişir. Yerli vətəndaşlar üçün 5 manat, əcnəbilər üçün isə 20, məktəblilər üçün isə 2,5 manat təşkil edir.
Saxta bilet
Açılış zamanı biletlərin 24 saat istifadəyə yararlı olduğu bəyan edilsə də, bu barədə biletin üzərində heç bir məlumat əks olunmayıb. Yəni 20 AZN verib bilet alan turist gün ərzində istədiyi qədər tur atmaq fürsətini yaxalasa da, satılan biletin üzərində bu barədə bir kəlmə də qeyd edilməyib. Görünən isə odur ki, "Baku City Tour”un biletləri sadəcə ofis üsulunda, rəngli printerdə çap olunmuş kağız parçasıdır. Ayın tarixi və seriya nömrəsi isə mürəkkəblə sonradan qeyd edilib.
Mütəxəssislər hesab edirlər ki, bu xidmətin keyfiyyətinin ilkin göstəricisi hesab olunur.
Turizm sektoru üzrə ekspert Nicat Hacızadənin fikrincə, bu sahədə bilet satışı xidmətin keyfiyyətinə təsir edən şətlərdən biridir. Çünki ölkəyə gələn turist ilk növbədə hər hansı bir xidmətdən istifadə etmək üçün bilet alacaq. Adi bir kağız parçasının bilet əvəzi müştəriyə təqdim edilməsi isə onda xidmət haqqında mənfi təssüratlar formalaşdırır. Ona görə də bilet daha keyfiyyətli, qiymətli kağızda və orjinal olmalıdır. Çünki bu beynəlxalq təcrübədə də belədir. "Amma görünür şirkət artıq xərcə düşməmək üçün bu vasitəyə əl atıb”, - Hacızadə əlavə edib.
Ekspertin qənaətinə görə, biletlərin xüsusi lisenziyası olmayan mətbəələrdə deyil, ofis şraitində adi printerdən çıxarılması eyni zamanda vergidən yayınmaya da gətirib çıxara bilər.
İqtisadçı ekspert Çingiz İsmayılov isə hesab edir ki, vergidən yayınmanın qarşısını almağın ən yaxşı üsulu nağdsiz ödəniş sistemini tətbiq edilməsidir. "Ölkəmizdə nəqliyyat sektorunda vahid kart sistemi tətbiq edilir. Bunu həmin avtobuslara da tətqbiq etmək olar. Çünki dünyada tur avtobusları kart sistemilə fəaliyyət göstərir”.
"Vergi bilər mən bilərəm”
"Baku Sity Tour”un cavabı isə çox qısa oldu. Əvvəlcə biletlərin bunlardan əvvəl fəaliyyət göstərən "City Sightseeing Baku”nun olduğunu desələr də, "Baku Sity Tour”un loqosu olduğunu xatırlatdıqda məsləyə rəhbərliklə – Rəfael müəllimlə aydınlıq gətirməyimizi xahiş etdilər. Xidmətdən məsul olduğu deyilən Rəfael müəllimin cavabı isə lap qısa oldu. "Bunun sizə nə aidiyyatı var, vergidənsiz, ya nazirlikdən, vergi bilər mən bilərəm”.
Vəssalam, şüt tamam. Bu da milli brendin MİLLİ cavabı.
Milli Brend demişkən, bir məsləyə də aydınlıq gətirsək pis olmazdı. "Baku Sity Tour” "City Sightseeing Baku”nun bazası əsasında yaradılıb. Avtobusları yeniləyib, adını dəyişərək milli brend yaradıblar. Əlbəttə milli brendin yaranması təqdirəlayiq haldır, amma gərək xidmət də millətin adına layiq brend olsun axı.