Bampersiz avtomobil və cərimə meydançası – Avropa təcrübəsi nə deyir?
Son aylarda yol polisinin reydləri zamanı cərimə meydançasına aparılan nəqliyyat vasitələri arasında bampersiz avtomobillər də kifayət qədər çoxdur. Hətta ötən ay Gəncədə bir hərbçinin avtomobilinin bu fakta görə dayanacağa yerləşdirilməsi narazılğa səbəb olmuşdu. Bəs Avropada bu halda polis necə davranır?
Bunun üçün elə bir ölkənin - Fransanın təcrübəsindən misal gətirmək istərdik. Fransada qəza zamanı prosedur aşağıdakı kimidir: qəza baş verdikdə hadisə yerinə sğorta şirkətinin nümayəndəsi və polis (Fransada yol polisi anlayışı yoxdur) birgə gəlir. Qəzanın şiddətinə görə polis sürücüyə rəy verir və rəy 3 formada ola bilər: avtomobil təmirə yarayır, avtomobil təmirə yaramır, avtomobilin təmir xərci bazar dəyərinə uyğun deyil.
Birinci halda sürücüyə nəqliyyat vasitəsini müvəqqəti istifadə etmək üçün talon verilir. Bu sənəd əsasında sürücü 48 saat ərzində avtomobili təmir yerinə çatdırmalıdır. İstisna hallarda, məsələn, qəza sürücünün daimi yaşadığı yerdən çox uzaqda baş veribsə, qəza qeyri-iş günlərində olubsa, o zaman müddət bir neçə gün artırıla bilər. Lakin burada da son məqsəd avtomobilin təmir yerinə çatdırılması olmalıdır.
Digər 2 halda isə avtomobilin təmir etdirilməsi qadağandır və utilizasiyaya göndərilməlidir (bu səbəbdən ciddi deformasiyaya uğramış maşınlar ömrünü “metallom”da başa vurur).
Belə olan halda, sığorta şirkəti sürücüyə avtomobilin dəyərini kompensasiya etməlidir. Sürücü isə bunun qarşılığında yararsız avtomobili sığorta şirkətinə verməyə borcludur. Əks halda heç bir kompensasiya mümkün deyil. Burada məqsəd köhnə avtomobildən qurtulmaqdır.
Yeri gəlmişkən, avtotexniki ekspertiza və digər prosedurların təşkili sırf sığorta şirkətinin məsuliyyətinə daxildir və sürücü bunun üçün dövlət qurumlarına ayaq döymür. Təbii ki, sürücünün istəyi ilə təkrar ekpertiza keçirilməsi halları istisnadır.
Başqa bir hal: çox vaxt xırda qəzalar zamanı maddi ziyan sığorta hadisəsi yaratmır (franşiza həddinə görə) və sürücülər öz aralarında razılığa gəlirlər. Bu zaman sığorta şirkəti prosesdə sadəcə olaraq iştirak etmir. Polis də hadisə yerinə çağırılmaya bilər. Lakin bu heç də bizdə dəb olan vəziyyətin yaranması üçün əsas deyil.
Qayıdaq özümüzə. Bizdə çox vaxt köhnə avtomobil sahibləri xırda qəzalarda qarşı tərəfdən bir neçə yüz manat pul alaraq işi bağlayır. Bu çox vaxt hər 2 tərəfə sərf edir. Çünki sığorta və polisdəki get-gəl aradan qalxır. Lakin sui-istifadə halları da artmış olur. Çox adam qarşı tərəfdən “qopardığı” pulu başqa işə xərcləyir, sonra da “pulum olanda düzəltdirərəm” fəlsəfəsi ilə avtomobili istismara davam edir (təəssüf ki, bu yanaşma bizdə bəzi sürücülərin dolanışıq yerinə çevrilib). Nəticədə bu gün gördüyümüz kimi, küçələrdə bampersiz, qanadı zədəli, farasız, yamaqlı avtomobillərin sayı artır. Bamperi olmayan avtomobillərdə nömrə nişanının da yeri dəyişdirilir və bu yolla radardan yayınmaq mümkün olur.
Konstruksiyanın xarici elementi olmayan avtomobilləri bizdən fərqli olaraq Fransada satmaq mümkün deyil. Çünki bu tip avtomobili heç bir dövlət qurumu başqasının adına rəsmiləşdirmir. Yamaqlı avtomobilin istismar edilməsi isə birinci kateqoriya inzibati xəta olub 135 avro cərimə olunur. Avtomobil nömrə nişanı olmadan idarə edilirsə, o zaman ayrıca 750 avro cərimə yazılır. Situasiyadan asılı olaraq cərimə məbləği arta bilər. Lakin heç bir halda sürücü nəqliyyat vasitəsini təmir etdirmək məsuliyyətindən azad edilmir.
Bizdə də prosedur eyni olsa da, etibarnamə sisteminin köməyi ilə qanundan yayınmaq mümkün olur. Ədalət naminə deyək ki, DYP satılan avtomobilə vizual baxış keçirir, ban və mühərrik nömrəsini yoxlayır. Lakin notariuslar bunu etməmək bir yana, avtomobilin fiziki mövcudluğunu belə çox vaxt araşdırmır. Beləcə, nasaz avtomobillər əldən-ələ dolaşır. Çox vaxt avtomobili etibarnamə ilə alan şəxs nəqliyyat vasitəsinin həqiqi sahibinin kimliyindən bixəbər olur.
Tez-tez belə bir yersiz sual da eşidirik: bəs kasıb maşın sürməli deyilmi? Bu sualın da məntiqli cavabı mövcuddur: heç bir ölkədə 18 yaşı tamam olan şəxs avtomobil sahibi olmalıdır kimi prinsip yoxdur. Təhsil və yaşayış yerini seçmə hüququ kimi avtomobil əldə etmək hüququ da hər bir şəxsin öz ixtiyarına buraxılıb. Lakin avtomobilin saz saxlanması tələbi bütün ölkələrdə mövcuddur.
Yamaqlı, estetik görünüşü qənaətbəxş olmayan avtomobillərin küçələrdən yığışması üçün vətəndaşdan və polisdən asılı olmayan bir şərt də var. Bu, ictimai nəqliyyatın inkişafıdır. Dünya təcrübəsi göstərir ki, ictimai nəqliyyatın qüsursuz işlədiyi ölkələrdə insanlar nəinki köhnə, komfortsuz avtomobilləri alır, əksinə bu maşınları özləri könüllü surətdə təhvil verirlər. Böyük şəhərlərdə 1000 ədəd köhnə avtomobilin istismardan çıxması intensivliklə yanaşı, təhlükəsizlik və ekologiyaya da ciddi təsir göstərən amildir.
Yeri gəlmişkən, Almaniyada son 3 aya tətbiq edilmiş 9 avroya aylıq bilet proqramı sayəsində hökumət havaya atılan işlənmiş qazların həcminin 18 milyon ton azalmasına nail olub. Bir sözlə, nəticə göz qabağındadır.
Vüqar Yaşaroğlu