Reklam

Başa bəla olan velosiped yolları - Bizi hər döngədə hansı təhlükə gözləyir?

Yazarlar 27 Yanvar 2022 14:49 Oxunub 2686
Başa bəla olan velosiped yolları  - Bizi hər döngədə hansı təhlükə gözləyir?
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Bir neçə il öncə ölkənin ikinci ən böyük şəhəri olan Gəncədə velosiped yolları çəkildi, lakin nədənsə paytaxt Bakıda bu layihəni reallaşdırmaq hələ də müşkülə çevrilib.

Səbəblər, bəhanələr...

İllərdir həll olunmamağa məhkum olunmuş bu problem üçün müxtəlif səbəblər açıqlanır. Bakıdakı sıxlıq və infrastrukturun uyğun olmaması isə bu bəhanələrdən biridir.  

Hazırda paytaxtın bəzi ərazilərində piyada səkiləri belə özəl obyektlərin əsirinə çevrilib. Bu halda velosiped yollarının salınması nə qədər real görünür? 

Məsələn, Bakının mərkəzi prospektlərində sürət həddinin yüksək olması (80-90 km) velosipedlərin hərəkəti üçün qəzalı vəziyyət yarada bilir. Bundan başqa küləklər şəhərində velosiped sürməyin çətin olacağını deyənlər də tapılır.

Bəs, Bakıda velosiped yollarının çəkilməsi məsələsi necə həll edilə bilər? 

 

Velosiped istifadəçiləri deyir ki...

 

Paytaxt sakini Elnur Ənvəroğlu deyir ki, velosiped həm maddi, həm də fiziki cəhətdən olduqca insana xeyir verən bir minik vasitəsidir. Onun fikrincə, dünya təcrübələrindən daha çox Skandinaviya və qismən də Almaniyada olan velosiped yolları üstündür. 

“Mən Londonda yaşamışam və orada velosiped yollarının nə dərəcədə təhlükəli olduğuna özüm şahid olmuşam. Fikrimcə, biz Skandinaviya dövlətlərindəki velosiped yollarından xeyli nümunə götürə bilərik”.

Elnur bəy velosiped sürən bir nəfər üçün əsas problemlərdən birinə, parklanma məsələsinə də toxunub. O, bildirib ki, velosipedi harada oldu, yiyəsiz buraxıb getmək təhlükəlidir. Bunun üçün xüsusi yerlər olmalıdır. “Bakıda kimsə velosipedi ilə birgə avtobusa və ya metroya minə bilməz, yaxud da işə gələrkən ofisin qarşısında velosipedi bir yerə söykəyib yiyəsiz buraxmaq da mümkün deyil. Avropa təcrübəsində ofislər, metro dayanacaqları və s. yerlər xüsusi parklama çəmbərləri ilə təmin olunur, bizdə də buna şərait yaradılmalıdır”. 

Sürücülər qeyri-peşakardır...

Velosiped istifadəçisi Emin Hüseynov isə  sürücülərin avtomobili qeyri-peşəkar idarə etməsindən gileylənib. Onun sözlərinə görə, yollarda velosiped sürən şəxslər üçün təhlükəsizlik tədbirləri tam təmin edilməyib, zolaqların çəkilməsi üçün isə infrastruktur imkan vermir. 

Emin bildirir ki, ümumiyyətlə, tək velosiped yox, insan tərəfindən hətəkətə gətirilən bütün nəqliyyat növləri sağlam və ekoloji təmiz nəqliyyat vasitələri hesab olunur. “Bu baxımdan velosiped şəhər mühiti üçün çox vacibdir. Həmçinin velosiped iqlim dəyişikliyi ilə mübarizə aparan ən yaxşı nəqliyyat növüdür. Pandemiya dövründə bir çox ölkələrdə velosiped nəqliyyat vasitəsindən kütləvi istifadəyə keçdilər. Sosial məsafənin gözlənməsi üçün velosipeddən daha çox istifadə etdilər. Avtomobil yollarının yarısını hətta zolaqlarla kəsib velosiped istifadəçilərinə verdilər”.

E.Hüseynovun arzusu isə Bakıda velosiped sürənlərin sayının artmasıdır. Onun sözlərinə görə, bu insan sağlamlığı üçün ən əsas formullardan biridir.

Bakı şəhərində uzun müddət velosiped olmayıb... 

Bakı Nəqliyyat Agentliyinin Mətbuat xidmətinin rəhbəri Mayis Ağayev məsələ ilə bağlı Ednews-a açqlamasında bildirib ki, Bakı şəhərində velosiped yollarının çəkilişi tam sürətlə davam edir. “Bizim əsas məqsədimiz velosipedin bir nəqliyyat növü kimi formalaşması və təşkilidir. Hazırda Bakıda pilot layihə icra olunur. Şəhərin mərkəzini əhatə edən bu layihə 7,5 km-lik məsafəni əhatə edir. Velosiped çəkilməsilə bağlı işlər mərhələli şəkildə icra olunur. Bakı şəhərinin Baş planında bu məsələ öz əksini tapıb, eyni zamanda “Yol hərəkəti təhlükəsizliyi ilə bağlı 2019-23-cü illəri əhatə edən Dövlət proqramında da var”.

M.Ağayevin sözlərinə görə, 2027-ci ilə qədər 63 km, 2040-cı ilə qədər isə 256 km uzunluğunda velosiped yolunun çəkilməsi planlaşdırılır. BNA rəsmisi bu işdə qarşıya çıxan problemlərlə bağlı söylədi ki, Bakı şəhərində və ümumiyyətlə Azərbaycanda velosipeddən bir nəqliyyat növü kimi istifadə etmək üçün mövcud infrastruktur uyğun deyil: “Bakı şəhərində uzun müddət velosiped olmayıb. Ümumiyyətlə, bu nəqliyyat növü ölkəmizdə son zamanlar populyarlaşıb və ondan idman və əyləncə məqsədilə istifadə edirlər. Amma dünya ölkələrində bu, nəqliyyatın bir növü sayılır və ona uyğun infrastruktur yaradılır”.

O, həmçinin paytaxtın küləkli olması haqda səslənən fikirlərə də aydınlıq gətirib: “Dünyada Bakıdan daha küləkli və iqlim şəraiti daha çətin olan şəhərlər var. Onlarda bu əziyyət yaratmır”.

M. Ağayevin sözlərinə görə, velosiped yollarının çəkilməsilə yanaşı, mütləq şəkildə standartlara uyğun veloparklar da olacaq. Velosiped yolları ilə bağlı məsələ kompleks həllini tapacaq".

Velosiped sürmək üçün imkan yoxdur...

Mövzu ilə bağlı nəqliyyat eksperti Elməddin Muradlı da fikirlərini Ednews-la bölüşüb. O, bildirib ki, Bakıda velosiped yollarının salınması planı yaxşı ideya olsa da, bu real deyil: “Bu, sadəcə olaraq yarımçıq bir layihə olacaq. Uşaq arzusunda olan bir ailədə olduğu kimi uşaq dünyaya gələcək, amma şikəst olacaq. Əminəm ki, bu layihə yarımçıq qalacaq və bəlkə də yüz il sonra tam olaraq reallaşacaq. Bizdə avtomobilləşməyə maraq yüksəkdir. Yolda velosiped sürmək üçün imkan yoxdur. 

Çalışmalıyıq ki, insanlar işə velosipedlə getsin -

E.Muradlı velosiped zolağının Bakının bir neçə küçəsində görüntü üçün çəkildiyini də deyib: “Bir velosipedçi məsələn, Xəzər rayonunda evindən çıxıb Azneftə qədər rahat gələ bilmirsə bunun nəyi velosiped zolağı oldu? Bunu görüntü üçün kimə göstərirlər? İlkin addımlar kimi qəbul etmək lazımdır, amma velosipedçiləri arxayın etməsinlər ki, rahat hərəkət edə bilərlər. Əgər onu Azneftdə maşın vurub öldürəcəksə elə bir zolaq mənə lazım deyil”.

Zolaq çəkməklə iş bitmir...

Eskpert qeyd edib ki, təkcə zolaq çəkməklə işlər bitmir. Onun sözlərinə görə, bunun üçün xüsusi qaydalar da tətbiq olunmalıdır. “Biz ümümi zolağa çıxan velosipedçi deyəndə kimi nəzərdə tuturuq? Dünya təcrübəsində konkret velosipedçi kimdir sualının cavabı var. Velosiped zolağı yaranırsa bunun xüsusi qayda-qanunu da təmin etmək lazımdır. Velosipedçi o zolağa girəndə nə etməlidir, hansı istiqamətdə hərəkət etməlidir - bunlar müəyyən edilməli, əks tərəfdən gələn velosipedçi ilə toqquşmamaq üçün orada xüsusi nişanlar qoyulmalıdır. Yorğun olanda velosipedçi harada dayanmalıdır. Velo parklama yerləri olmalıdır. Yollarda velosiped üçün texniki xidmət yaradılmalıdır.

Gürcüstanda küçələrdə 10-20 metrdən bir skuterlər qoyulub. Xidmətə zəng etdikdə ünvanı deyirsiz, həmin skuter aktivləşir və siz həmin yerə gedirsiz. Ünvana çatdığınız zaman skuteri küçədə saxlayıb çıxıb gedirsiz. Gürcüstanın əlli faizi Azərbaycandan asılı vəziyyətdədir, yolları bərbad vəziyyətdədir, amma yol hərəkəti təhlükəsizliyinə böyük önəm verirlər”.

Qeyd edək ki, Azərbaycan qanunvericiliyinə "velosiped zolağı" və "velosiped yolu" anlayışları əlavə edilib. Bu, "Yol hərəkəti haqqında" qanuna dəyişiklik layihəsində əksini tapıb.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh