Bayramda yol qəzalarında ölüm halları niyə çoxalır? - DYP və ekspertdən AÇIQLAMA

Yazarlar 28 Mart 2022 18:10 Oxunub 1448
Bayramda yol qəzalarında ölüm halları niyə çoxalır? - DYP və ekspertdən AÇIQLAMA
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Martın 19-dan 27-dək respublikanın avtomobil yollarında 16 yol qəzası olub. Bu qəzalar nəticəsində 16 nəfər ölüb, 7 nəfər xəsarət alıb. Xəbəri Baş Dövlət Yol Polisi İdarəsi yayıb. Adi günlərlə müqayisədə bayram tətilində adətən yol qəzalarının sayı çoxalır. Bu tendensiya demək olar ki, bütün dünyada eyni qaydada müşahidə olunur.

Buna səbəb nədir? 
 
Psixoloqların apardıqları araşdırma zamanı bəlli olub ki, bayram tətillərində qəzaların sayının artmasına insanların doğmalarına qovuşma arzusundan irəli gəlir. Belə ki, doğmalarının yanına tez çatmaq istəyən sürücülər yüksək sürət və yol hərəkət qaydalarını pozmaqla qəzalara yol açırlar. Bununla da ortaya dəhşətli statistika çıxır.  
 
Lakin...
 
Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov mövzu ilə əlaqədar Ednews-a açıqlaması zamanı bildirib ki, əslində ötən ilin müvafiq dövrü ilə müqayisədə yol-nəqliyyat hadisələrinin sayı azalıb. 
 
 
“Amma hadisələrin baş verməməsi üçün hər bir hərəkət iştirakçısından yol hərəkətində diqqətli olmaq və Yol hərəkəti haqqında Qanunun tələblərinin yerinə yetirilməsi tələb olunur ki, həm hərəkət iştirakçısı kimi özü, həm də digər hərəkət iştirakçıları rahat və fasiləsiz hərəkət edə bilsin. 
Yol-nəqliyyat hadisəsi idarə edilən nəqliyyatın növündən, nömrəsindən asılı deyil, onun kim tərəfindən və hansı formada idarə etməsindən asılıdır. Təəssüflər olsun ki, yol polisi əməkdaşları tərəfindən mütəmadi keçirilən profilaktik tədbirlər, inzibati tənbeh tədbirləri, eyni zamanda maarifləndirici xarakterli görüşlərin səmərəli təşkil edilməsi bəzən piyadalar və yaxud sürücülər tərəfindən qulaqardına vurulur”.
DYP rəsmisi bildirib ki, təkcə Bakı şəhərində piyadaların vurulması ilə qeydə alınan hadisələr çox ciddi narahatlıq doğurur. “Bu yol-nəqliyyat hadisələri yerüstü və yeraltı keçidlərin yaxınlığında baş verir. Hadisələrin baş verməsinə səbəb sürücü diqqətsizliyi və piyada səhlənkarlığıdır. Hər yüz metr ərazidə yol polisi əməkdaşının dayanıb xidmət aparmasını təşkil etmək mümkün deyil. Bakı şəhərində qeydə alınan yol-nəqliyyat hadisələri içində piyada vurma əsasən birinci yerdə dayanır. Sonra isə yol ayrıclarını keçmə qaydaları, əks istiqamətli yol zolağına daxil olma, spirtli içkilərin təsiri ilə bağlı bir neçə hadisə də qeydə alınıb”. 
Vaqif Əsədov sonda sürücülərə, sərnişinlərə, piyadalara müraciət də edib. “Yol-hərəkəti haqqında Qanunun tələblərini düzgün yerinə yetirin ki, özünüzün və başqa hərəkət iştirakçılarının rahat və fasiləsiz hərəkəti təmin edilsin. Bu gün yol qəza hadisələrində hər bir hərəkət iştirakçılarının sağlamlığının qorunmasında məsuliyyətimizi artırmalıyıq. Ən azından yol qəza hadisələrində xəsarət alan, həlak olanlar elə bizlərdən biridir  düşüncəsi ilə bir-birimizi yol hadisələrindən qorumalıyıq”. 
 
Sürət azarkeşlərinin bayram “sərgüzəşt”i
 
Nəqliyyat üzrə ekspert Elməddin Muradlı bayram günlərində baş verən yol-nəqliyyat hadisələrində əsas səbəb kimi spirtli içkilərin, narkotik maddələrin təsiri altında ötmə-manevr əməliyyatlarını pozmaq, yüksək sürətlə hərəkət etmək olduğunu bildirib. “Təbii ki, təhlükəsizlik qaydalarının qorunmaması, təhlükəsizlik kəmərindən istifadə qaydalarına laqeyd münasibət öz ağır nəticəsini göstərir. Nə sürücü, nə də sərnişin öz təhlükəsizliyini təmin etmir və kiçik bir toqquşmada ağır nəticələr ortaya çıxır. Bayram günləri təəssüflər olsun insanlar daim harasa tələsir, rayona sürətlə gedir, tətildən tələsə-tələsə qayıdır, sürət hədini aşır. Bu psixoloji bir problemdir ya yox, bunu bilmirəm, amma yanaşmanın özü yanlışdır”. 
 
Elməddin Muradlı bildirib ki, bayram tətilində 16 insan ölümü nə qədər ağır olsa da ölkə üzrə əvvəlki illərə nisbətən aşağı göstəricidir. 
 
 “Əvvəllər bayram tətillərində 20-30 nəfər, bəzən daha artıq insan həlak olurdu. Bu il yollarda qarla əlaqədar hərəkətin məhdud olması bir çox insanı tətil istəyindən vaz keçirdi, bu da yolda avtomobillərin azlığı ilə müşahidə olundu.  Bakı-Quba, Bakı-Şamaxı yolu istiqamətində hərəkətlilik olsaydı daha ağır fəsadlar ortaya çıxa bilərdi. Buradan da belə qənaətə gəlmək olar ki, bizə normal yol lazım deyil və bütün yolları qazmalıyıq, maneələr olmalıdır ki, sürücülər avtomobillərini yüksək sürətlə idarə edə bilməsinlər”.
 
Bəzən çox əminliklə deyirəm ki...
 
Ekspert yollarda xüsusilə sürücülərin səbirli və təmkinli olmalarının vacibliyi haqqında da danışıb. Onun sözlərinə görə, belə olduqda qəzalar daha az baş verər və insanlar həyatlarından məhrum olmazlar.
 
“Adi günlərin statistikasına nəzər salsaq, həftədə 20 nəfər insanın öldüyünü görərik. Bu yaxınlarda iki qəzada 7 nəfər həlak olub. Mütləq şəkildə təhlükəsizlik qaydalarına riayət etmək lazımdır. Yol hərəkəti qaydalarını qəti şəkildə pozmaq olmaz. Bəzən insanlar buna qeyri-ciddi baxır, hətta “Qaydalar pozulmaq üçün yazılıb” deyənlərdə var. Həmin insanlar bilməlidirlər ki, belə düşündükcə onun yeri ya qəbirstanlıq ya da həbsxanadır. Dəmir barmaqlıqlar arxasında oturub düşünmək istəmirsinizsə, qaydalara əməl edin! Bunu başa düşmək, dərk etmək lazımdır”. 
ŞƏRH YAZ
Ad

E-mail

Şərh