Banner

Belə problemlə avtomobil idarə etmək çox təhlükəlidir

Yazarlar 30 Aprel 2015 09:20 Oxunub 3595
Belə problemlə avtomobil idarə etmək çox təhlükəlidir
WhatsApp kanalımıza abunə ola bilərsiniz
DYP əməkdaşının sağlamlığında ciddi qüsur olan sürücü barəsində hansı tədbir görə bilməsi aydın deyil

Hərdən yollarımızada sağlamlığında və fiziki durumunda problem olduğundan hətta avtomobili idarə etmək qabiliyyətində olmadığı aşkar görünən sürücülərə rast gəlirik. Bir neçə dəfə belə sürücülərin törətdiyi ağır qəzalar barədə də eşitmişik. 

Ümumiyyətlə, sürücülərin sağlamlığına nəzarət yol hərəkəti təhlükəsizliyinin mühüm tərkib hissələrindən biridir. Sürücü olmaq üçün həm beynəlxalq, həm də milli qanunvericilikdə nəzərdə tutulan 4 əsas şərtdən biri sürücülərin sağlamlığının və fiziki durumunun sürücülük üçün yararlı olmasıdır. Bu səbəbdən ilk dəfə sürücü olan şəxslərin tibbi müayinəsi məcburidir. Bundan başqa, sürücülük fəaliyyəti dövründə sürücülərin sağlamlığına nəzarət də həyata keçirilir. 

Lakin bu tipli məsələlərin bir çoxunda olduğu kimi, sürücülərin sağlamlığına nəzarət məsələsində də milli qanunvericiliyimizdə ciddi problemlər var. Ən ümumi problem odur ki, ölkəmizdə sürücülərin sağlamlığının tibbi müayinəsi qaydalarını məxsusi olaraq tənzimləyən normativ akt yoxdur. Səhiyyə Nazirliyinin 2012-ci ildə 46 saylı qərarla təsdiq elədiyi «İşçilərin icbari tibbi müayinələrinin keçirilməsi tələb olunan işlərin siyahısı»nda sadəcə olaraq konkret kateqoriyalar üzrə sürücü olmaq istəyənlərin sağlamlığına dair tələblər sadalanır. Amma bu normativ aktda sürücülərin və ya sürücü olmaq istəyənlərin tibbi müayinəsinin qaydası, eləcə də bir sıra hallarda şəxsin fiziki durumunun sürücülük üçün yararlılıq meyarları göstərilmir. Məndə olan məlumata görə, elə bu səbəbdən bəzi poliklinikalarda sürücülərin tibbi müayinəsi sovet dövründən qüvvədə olan qaydalar əsasında aparılır. Bəzi həkimlər isə Səhiyyə Nazirliyinin 46 saylı Qərarı ilə təsdiq olunmuş siyahıya uyğun müayinə apararaq müvafiq tibbi arayış verirlər. Şübhəsiz ki, sürücülərin sağlamlığının müayinəsi kimi məsələdə belə boşluqlar yolverilməzdir.

Artıq sürücülük hüququ əldə etmiş şəxslərin sağlamlığına nəzarət isə iki formada həyata keçirilir. 

1. Qanunda müəyyən olunan dövriliklə sürücülərin tibbi müayinədən keçməsi yolu ilə. Ölkəmizdə belə dövri müayinə sürücülük vəsiqəsinin etibarlılıq müddətinə uyğun olaraq sürücülük vəsiqəsi dəyişdirilərkən keçirilir. Lakin “Yol hərəkəti haqqında” Qanuna 5 aprel 2013-cü il tarixdə edilmiş düzəlişdən sonra yalnız 60 yaşı tamam olan sürücülər və müəyyən xəstəlikləri olduğuna görə sürücülük vəsiqəsi qısa müddətə verilmiş sürücülər öz vəsiqəsini dəyişdirərkən tibbi müayinədən keçməlidirlər. Digər sürücülər 60 yaşadək vəsiqəni dəyişərkən tibbi müayinədən keçməyəcəklər.

2. Yol hərəkəti təhlükəsizliyinə nəzarəti həyata keçirən səlahiyyətli şəxslərin (DYP əməkdaşlarının) əsaslandırılmış qərarı ilə sağlamlığının sürücülük üçün yararlı olduğu şübhə doğuran şəxslərin tibbi müayinədən keçməsi. Ölkəmizin qanunvericiliyi bu halda da tibbi müayinəni mümkün saysa da, onun mexanizmini təsbit etmir. Lakin bu əsasla tibbi müayinə çox əhəmiyyətlidir və sağlamlığında ciddi qüsurlar olan şəxslərin sürücü qismində yol hərəkətindən kənarlaşdırılmasına xidmət edir. Dünyanın bir sıra ölkələrində həmin məsələ belə tənzimlənir: yol hərəkəti təhlükəsizliyinə nəzarət edən səlahiyyətli şəxs (təbii ki, nisbətən yuxarı səlahiyyətli şəxs) konkret sürücünün sağlamlığında və fiziki vəziyyətində sürücülüklə bir araya sığmayan ciddi qüsurlar gördükdə onu öz əsaslandırılmış qərarı ilə tibbi müayinəyə göndərir; şəxs göstərilən müddətdə müayinədən keçərək müvafiq arayış təqdim edə bilmədikdə onun sürücülük hüququ məhdudlaşdırılır (vəsiqəsi alınır). Həmin şəxs yalnız sağalaraq müvafiq tibbi arayış təqdim etdikdə vəsiqəsi qaytarılır (etibarlılıq müddəti keçmiş olduqda dəyişdirilir). Hesab edirəm ki, belə qaydanın ölkəmizin qanunvericiliyində təsbiti zəruridir.

Hazırda qanunvericilikdə boşluq olması səbəbindən DYP əməkdaşının yolda sağlamlığında ciddi qüsur olan sürücü barəsində hansı tədbir görə bilməsi aydın deyil. Hələ ki, belə hallarda DYP əməkdaşı sürücüyə öyüd-nəsihət verə bilir ki, bu vəziyyətdə avtomobil sürmə. Şübhəsiz ki, bu natamamlıq da aradan qaldırılmalıdır.

Sürücülərin sağlamlığına nəzarətlə bağlı digər bir problem səhiyyə qurumları ilə DYP arasında əlaqənin olmamasıdır. Qanunun tələbinə əsasən, hər hansı bir şəxsin sağlamlığında onun sürücülük üçün yararsız olmasına səbəb olan dəyişiklik baş verdikdə səhiyyə orqanı bu şəxs barədə DYP-yə məlumat verməlidir. Bu o deməkdir ki, məsələn, miokardın infarktını keçirmiş şəxsə tibb müəssisəsində müalicədədirsə, həmin tibb müəssisəsi DYP-yə məlumat verməlidir ki, filankəs bu xəstəliyi keçirmişdir və sürücülüyə yararsızdır. DYP isə həmin şəxsi dəvət edərək sürücülük vəsiqəsini təhvil verməsini (sağala bilən xəstəlik olduqda sağalanadək) ona izah etməli və onun sürücülük hüququnu bu əsasla məhdudlaşdırmalıdır. 

Bu məsələ ilə bağlı əsas məsuliyyət sözsüz ki, sürücülərin öz üzərlərinə düşür. Hər kəs bilməlidir ki, sağlamlığında və fiziki durumunda yaranmış problem səbəbindən nəqliyyat vasitəsini idarə etmək və yol hərəkəti şəraitinə nəzarət etmək iqtidarında deyilsə, sükandan kənarda dayanmaq lazımdır. Bunun əksi, yəni belə problemlə avtomobil idarə etmək çox təhlükəlidir və yolverilməzdir.

 

 

Ərşad Hüseynov,

hüquqşünas

ŞƏRH YAZ
Ad

E-mail

Şərh