Beynəlxalq Avtovağzal beynəlxalq tələblərə və baş plana cavab vermir - Memar
"Son dövrlər Bakı şəhərində tikilən hündürmərtəbəli binaların heç biri paytaxtın baş planına, o cümlədən landşafta uyğun deyil. Kim harada istəyir, orada hündürmərtəbəli bina qaldırır”. Avtosfer.az xəbər verir ki, bunu Lent.az-a müsahibəsində Müstəqil Memarlar Assosasiyasının rəhbəri Zemfira Budaqova deyib. Onun sözlərinə görə, hündürmərtəbəli binaların həmin relyefə uyğun olub-olmaması, relyefdə çatların baş vermə ehtimalı dəqiqləşdirilmir: "Tikilən hündürmərtəbəli binaların inşa olduğu yerdə sürüşmə baş verib-verməməsi araşdırılmır. Aydındır ki, bu binaları sökmək də olmaz. Çünki xeyli vəsait xərclənib. Gələcəkdə bu binaların zəlzələyə davamlı olub-olmamasını bu cür hallar baş verəndə görəcəyik. Allah eləsin heç nə olmasın, amma alimlər deyir ki, gələcəkdə Bakıda 9-10, hətta 11 ballıq zəlzələlər də gözlənilir”.
Zemfira Budaqova deyib ki, hazırkı Beynəlxalq Avtovağzal heç də beynəlxalq tələblərə, eləcə də baş plana cavab vermir: "Ümumiyyətlə, şəhərdə aeroport iki yerdə olmalıdır. Eyni zamanda avtovağzal da iki yerdə olmalıdır, həm xaricə gedib-gələn avtobuslar, həm də əyalət-paytaxt marşrutu üzrə hərəkət edən ictimai nəqliyyat vasitələri üçün ayrıca yer ayrılmalıdır. Bizim avtovağzalın üzərinə "beynəlxalq” sözü yazılıb, amma yalnız rayonlara gedən avtobuslar üstünlük təşkil edir. İndiki avtovağzal beynəlxalq əhəmiyyətlidir. Ölkədaxili avtovağzalın tikintisi isə Ələtə salınmışdı. Baş planda ölkədaxili və beynəlxalq hava limanı da nəzərdə tutulmuşdu. Ələtdə ölkə daxili aeroportun tikilişi planlaşdırılmışdı. Bütün bu məsələlər baş planda öz həllini tapmalıdır. Həmin nüanslar sual altında qaldığı üçün baş planın təsdiqi yubanır”.
Memarlar Assosasiyasının sədri onu da bildirib ki, şəhərsalmanın qanunlarına görə, bütün ali məktəblər şəhərdən kənara köçürülməlidir. Universitet şəhərcikləri salınmalıdır. Onların idman komplekslərindən tutmuş kitabxanalarına qədər bütün təminatları həmin şəhərciyin içərisində olmalıdır: "Baş planda Memarlıq və İnşaat Universitetinin, Texniki Universitetin köçürülməsi məsələsi var idi. Həmin ali təhsil ocaqlarının yataqxanası olduğu üçün onların köçürülməsi baş tutmadı. İndi Pedoqoji Universitetin köçürülməsi baş plana daxil edilib. Çünki həmin universitetin şəhərdə qalması üçün heç bir əsas yoxdur. Cəmi bir-iki binadan, korpusdan ibarətdir. Buraya Xarici Dillər Universitetini də əlavə etnək olar. Həmin universitetin binası da bir-iki korpusdan ibarətdir. Üstəlik yataqxana ilə təmin edilməyiblər. Bakı Dövlət Universiteti bu baxımdan özünə təminat qurduğu üçün onun köçürülməsi uyğun deyil. BDU-nun yataqxanası az da olsa, var. Tibb Universitetinin də yataqxanası yoxdur. Ola bilər ki, onların şəhərdən kənara köçürülməsi yaxın gələcəkdə reallaşsın”.