"Bəzi insanlar düşünür ki, pulum varsa, qayda poza bilərəm" - Ekspert

Məlum olduğu kimi, nəqliyyat vasitələrinin sürücüləri tərəfindən yol hərəkəti qaydalarının pozulmasına görə cərimələr artırılır. Bu, yolda hərəkət pozuntusu, sürücülük hüququnun olmaması, nəqliyyatda sərxoşluq kimi qayda pozuntuları ilə bağlıdır. Bəs, cərimələrin artırılması ilə yol-nəqliyyat hadisələrinin qarşısı alına bilərmi?
Nəqliyyat eksperti Elməddin Muradlı bildirib ki, cərimələrin artırılması çıxış yolu deyil:
"Qəzaların hamısı təkcə paytaxtda baş vermir, respublikanın bütün ərazilərində qəzalar olur. Bunların da bir qismi paytaxtın payına düşür. Ümumilikdə, respublika əhəmiyyətli yollarda da ağır qəzalar baş verir ki, burada sürət öz sözünü deyir. Qarşı yola çıxan, manevr qaydalarını pozan, təhlükəsizlik kəmərini bağlamayan, mobil telefona başı qarışan sürücülərin etdiyi xətalar var ki, ağır qəzalara səbəb olur.
Cərimələrin artırılması vəziyyətdən tam olaraq çıxış yolu deyil, lakin müəyyən qədər təsir göstərəcək. Bəzi insanlar özünü yığışdıracaq, amma o cərimələrin tətbiqi əsas mövzudur. Tam və hamıya tətbiq olunacaqmı? Nəzarət mexanizmi necə qurulacaq? İş necə görüləcək? Bu, önəmlidir".
Ekspertin sözlərinə görə, burada sürücülərin də üstünə məsuliyyət düşür. Sürücülərin bir qismi cərimədən narahat olmur və qayda pozuntularına yol verir:
"İndi bəzi sürücülər var ki, onların düşüncə tərzində çox böyük problemlər var. Adamlar elə düşünür ki, onların maşını bahalıdırsa, pulları çoxdursa, qayda poza bilərlər. Bunu artıq sosial şəbəkələrdə açıq-aşkar şəkildə ifadə edən insanların olduğunu görürük. Açıq şəkildə ifadə edirlər ki, qayda pozuram, pulum var, cəriməni də ödəyəcəyəm, burada elə bir qəbahətli bir şey yoxdur. Amma bir çox inkişaf etmiş ölkələrdə belə düşüncədə olan insanları psixoloji müayinəyə göndərirlər.
Bu cür düşüncədə olan insanlar potensial təhlükə mənbəyidir. Bu adam nə vaxtsa qəza törədəcək, ya özü öləcək, ya kimisə öldürəcək. Ona görə belə insanlarla başqa cür mübarizə aparırlar, psixoloji müayinəyə göndərirlər. Onlar da cəmiyyət qarşısında öz öhdəliklərini dərk edib, belə xətalara yol vermirlər. Çünki bilirlər ki, yenə belə hal baş versə, onlar növbəti dəfə ağır cəzalarla qarşılaşacaqlar. Yəni əvvəlkindən daha ağır müayinələr, yoxlamalar aparılacaq, ömürlük sürücü hüququndan məhrum etmə riski yaranacaq. Bizdə isə belə deyil. Bəzi insanlar pulla bir çox məsələlərin həll edilə biləcəyini düşünür və bunu da edirlər. Bu baxımdan düşünürəm ki, cərimələri artırmaq tək çıxış yolu deyil və olmayacaq".
metbuat.az
Loqistika və daşıyıcı şirkətlərin fəaliyyətlərində canlanma müşahidə olunur - RƏY
Ölümlə nəticələnən çağırışlar - Qəzalara səbəb nədir? - VİDEO
Velosiped və skuter zolaqlarının salınması tıxacların … - VİDEO
Sərxoş halda yola uzanan şəxsi maşın vurubsa sürücüyə niyə cinayət işi açılır? – Ekspertdən AÇIQLAMA
Paytaxtda tıxac probleminin həlli - Mərkəzdə avtomobil parkının məhdudlaşdırılması ... - Memar
Bakıda tıxacı azalda bilən təklif - Bu effektiv ola bilər
Yalançının evi yandı, heç kim inanmadı: Məsuliyyətsizlik, yoxsa təxribat? - FOTOLAR
Bayılda avtovağzal inşa olunsun? - AÇIQLAMA
Yol çökür, körpü uçur, sürücü ölür, amma “Azəravtoyol” “yaxşı” işləyir
"Piyadavurma hadisələrində bir sürücü də salamat çıxmır" - Elməddin Muradlı - VİDEO
Bakıda tıxaclara son qoyacaq HƏLL YOLLARI - 15-20 dəqiqəyə...











