Bəzi maşınlar Azərbaycana gətirilən kimi problem yaranır - Gülünc səbəb

Yazarlar 7 May 2019 14:31 Oxunub 1980
Bəzi maşınlar Azərbaycana gətirilən kimi problem yaranır - Gülünc səbəb
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Ekspertlər danışdı: "Sürücüdən arxada qalan şüşələrə pərdə qadağası ləğv olunmalıdır"

Avtomobillərin şüşələrinə plyonka yaxud pərdə vurulması qanunla qadağandır. Qadağa hər il yay mövsümü başlamağı ilə mayın əvvəlindən noyabrın ortalarına qədər ortadan qaldırılır. Yəni, həmin dövr ərzində avtomobillərə günəş şüasının qarşısını almaqdan ötrü plyonka və pərdə vurulmağa icazə verilir. Lakin ekspertlər bu qadağanın ümumiyyətlə ləğv olunmasının daha doğru olduğunu bildirirlər. Azərbaycanda avtomobillərə qara plyonkaların vurulmasını qadağan edən qanun ləğv oluna bilərmi sualına hüquqşünas Ərşad Hüseynov cavab verib. Ekspert İqtisadiyyat.az-a açıqlama verərkən dünyanın heç bir ölkəsində belə bir qadağa olmadığını bildirib.

“Avropa İqtisadi Komissiyasının 43 saylı qaydaları var. Həmin qaydalarda yerüstü təkərli nəqliyyat vasitələrinin ban şüşələri barədə bir çox tələblər göstərilir. Texniki tələblər, şüşə hansı təzyiqə davam gətirməlidir, aerodinamikası necə olmalıdır, işıq buraxması, o cümlədən də şəffaflıq kimi məsələlər var orada. Şəffaflıq baxımından əsas təhlükəsizliyi təmin edən 3 şüşə elementi var- qabaq şüşə, sürücünün sol və sağ tərəflərindəki şüşələr. Dünyanın heç bir yerində həmin bu üç şüşəyə pərdə və plyonka vurulması barədə söhbət gedə bilməz. Şəffaflığı korladığına görə bu ölüm təhlükəsidir. Ancaq beynəlxalq standartda heç bir normativ yoxdur ki, sürücünün arxasında qalan şüşələrə pərdə yaxud, plyonkaya məhdudiyyət qoyulsun. Arxa tərəf sərnişin üçündür. Bizim də qanunlarımız bu beynəlxalq standarta uyğun olmalıdır ki, heç bir söz-söhbət olmasın. Sürücülər də bunu bilməlidir və riayət etməlidir. İstehsalçı ölkələrdə pərdə və plyonka qadağası yoxdur deyə istehsal olunan avtomobillərə pərdə əlavə edirlər. Ancaq o maşınlar da Azərbaycana gələn kimi problem yaranır. Bununla bağlı aidiyyatı orqanlara müraciət etmişik”.

Ekspert edilən müraciətə hələ də konkret cavab verilmədiyini bildirib: “Burada bir təşkilati-texniki problem də var. Müraciətə Standartlaşdırma və Patent üzrə Dövlət Komitəsi cavab verməli idi. Ancaq o da ləğv olunub deyə səlahiyyətlərini bölüşdürdülər. Standartlaşdırma işləri İqtisadiyyat nazirliyinin nəzdində olan Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi üzrə Dövlət Xidmətinə verilib. Həmin qurum isə  hələ də faktiki olaraq o işlərlə məşğul olmur. Bu fəaliyyətə başlanılsa düşünürəm ki, müraciətə də baxılacaq”.

Avtomobil eksperti Elməddin Muradlı mövzu barədə öz fikirlərini İqtisadiyyat.Az-la bölüşərkən, mövcud qadağanın çox əhəmiyyətsiz olduğunu və ləğvinin vacibliyini bildirib.

“Sözügedən qadağa artıq öz əhəmiyyətini itirib. Bu qadağa ona görə tətbiq olundu ki, bəzi sürücülər biraz da irəli gedərək, avtomobilin qabaq yan şüşələrinə də tünd plyonka çəkməyə başladılar. Standartlaşdırma Komitəsi də bununla bağlı qərar qəbul etdi. İndi həmin komitə də ləğv olunub. Heç bilinmir verdiyi qərarı da kim icra edir? Havada qalmış məsələdir. İl ərzində 5000-dən çox sürücüyə buna görə cərimə yazılır. 5000 sürücüyə cərimə yazılması da yol polisi ilə 5000 konflikt deməkdir. Onun neçəsi rəsmi şikayət olur, neçəsi qeyri-rəsmi olur. Çoxu da videoya çəkərək sosial şəbəkədə paylaşır. Sual yaranır ki, bu polisə lazımdırmı? Məgər polislər də sıradan bir sürücü deyilmi? Mövzunu Milli Məclis müzakirə edib və Standartlaşdırma Komitəsi də bir “standart” qəbul edib. Heç bir əsası da yoxdur. Avropa İqtisadi Komissiyasının bununla bağlı qərarı Azərbaycanda tətbiq olunmalıdır. Düşünürəm ki, bu qərarın tətbiq olunması hazırki söz-söhbəti bitirəcək və faydalı olacaq. Kənardan ölkəmizi izləyənlər bu qadağanı görsələr gülərlər bizə. Təhlükəsizlik baxımından heç bir əhəmiyyət daşımır. Təsəvvür edin, aprelin 30-u pərdə taxan qayda pozur, mayın 1-i taxan qaydanı pozmur. Yaxud da noyabrın 15-i taxa bilərsən, 16-ı taxa bilməzsən. Bu təhlükəsizlik baxımından ziyanlı imiş. Harda yazıldı o ziyan? Kim müəyyənləşdirdi bunu? Formal şeylərdi, düşünürəm ki, çox təcili bunu aradan qaldırmaq lazımdır”.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh