Banner

Bəzi qurumlar Prezidentin yol hərəkəti təhlükəsizliyi ilə bağlı tapşırıqlarını İCRA ETMİR

Yazarlar 23 Yanvar 2023 15:18 Oxunub 2760
Bəzi qurumlar Prezidentin yol hərəkəti təhlükəsizliyi ilə bağlı tapşırıqlarını İCRA ETMİR
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Prezident İlham Əliyev 2018-ci ilin dekabr ayında "Yol hərəkətinin təhlükəsizliyinə dair Dövlət Proqramı" imzaladı. Proqram çox geniş, əhatəli və dərindən analız edilmiş bir sənəd idi.

Çox təəssüflə deyirəm ki, 2019-23-cü illəri əhatə edən Dövlət Proqramının icrası bu il başa çatsa da, ortada əməli iş yoxdur. Proqramda birbaşa qeyd olunurdu ki, yol nəqliyyat hadisələrinin, ölüm və xəsarətlərin sayı ən azı 30 faiz azaldılmalı idi. Ancaq əksinə oldu - 2022-ci ildə ölüm sayı artdı. 2021-ci ildə 704 ölüm qeydə alınmışdısa, ötən il bu rəqəm 11 ayda 757 idi, yekun olaraq isə dekabr ayında da 60-dan çox ölüm qeydə alındı deyə rəqəmlərin 800-dən çox olduğu ortadadır.
Dövlət Proqramında Yol hərəkətinin təhlükəsizliyinə dair idarəetmə sistemi üzrə milli texniki reqlamentlərin müəyyənləşdirilməsi və tətbiqi bəndi var. Orada qeyd olunur ki, qabaqcıl beynəlxalq təcrübə və standartlar nəzərə alınmaqla, yol hərəkəti təhlükəsizliyi ilə bağlı dövlət siyasətinin həyata keçirilməsi və buna müvafiq tədbirlərin sistemli şəkildə idarə edilməsi üçün “Yol hərəkətinin təhlükəsizliyinə dair idarəetmə sistemi üzrə dövlət texniki reqlamentləri”nin hazırlanması və dövlət qeydiyyatına alınması təmin edilsin. Bu işə cavabdeh qurumlar isə birinci növbədə Nazirlər Kabineti, daha sonra isə Daxili İşlər Nazirliyi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Bakı Nəqliyyat Agentliyi, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyidir. Proqramın məhz bu bəndi 2019-cu ildə icra edilməli idi. Amma ortada heç nə yoxdur.

Bu bəndin icrası bir çox yeniliklərə səbəb ola bilərdi. İlk növbədə sürücüləri yol polisi ilə üz-üzə qoyan məqamlar aradan qalxmış olardı. Məsələn, pərdə-plyonka söhbəti, ksenon-led fara olar-olmaz sualı, sükanın başlığı dəyişəndə cərimə düşürmü kimi çox suallara son qoyula bilərdi. Nəzər almaq lazımdır ki, Avropa İqtisadi Komissiyasının və digər beynəlxalq qərarların, standartların tətbiqi dünyada geniş yayılıb. Bizimkilər isə bəzi sənədlərə qoşulsa da, icra mexanizmi yoxdur. Ona görə də, cənab Prezident Dövlət Proqramı vasitəsilə tapşırıq verdi ki, xırda məsələlərə görə insanları incitməsinlər, texniki məsələlər dəqiqliklə həll edilsin. Amma etmədilər.
Çox təəssüf ki, bir çox dövlət qurumları Prezident tərəfindən təsdiq edilmiş Dövlət Proqramını ciddiyə alımır və ya başdansovdu icra edirlər.
Hər halda ortada ciddi bir dəyişiklik yoxdur, vəziyyət daha da pisləşib.

Bu gündən etibarən Dövlət Proqramının icra edilməyən bəndləri ilə bağlı müxtəlif materiallar hazırlamaq qərarına gəlmişəm. Görək, bəzi qurumlar niyə insan həyatına dəyər verən bir sənədin icrasına bu qədər səthi yanaşır.

Hesab edirəm ki, belə vacib qərarlara başdansovdu yanaşan qurumlar cəzalandırılmalıdır.

 

Elməddin Muradlı

ŞƏRH YAZ
Ad

E-mail

Şərh