Banner

Biləcərinin bərbad məktəb yolları - VİDEO

Yazarlar 5 Aprel 2015 15:38 Oxunub 1986
Biləcərinin bərbad məktəb yolları - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Əməkdar memar Feyzulla Quliyev: «bələdiyyələrin yolları təmir etmək üçün vəsaiti yoxdur»

 

Rövşən Ağayev: «Seçkili orqanlar nə qədər qapalı olsalar da, cəmiyyətə təyinatlı orqanlardan qat-qat açıqdırlar»

 

Son illər dövlət başçısının sərəncamları ilə əksər rayonlarda kənd yollarının və Bakıətrafı yolların təmirinə vəsait ayrılıb. Bu istiqamətdə görülən tədbirlərə baxmayaraq hələ bərbad vəziyyətdə olan yollarımız var. Özü də bu yollar ucqar ərazilərdə yox, elə paytaxtın bir addımlığındadır. Yerli icra orqanlarına ayrılan vəsait yolların çəkilməsinə xərclənməli olsa da, bəzən işlər keyfiyyətli görülmür. Məsələn, Biləcəri qəsəbəsində 2000-dən artıq ailənin yaşadığı Yeni Yaşayış Massivinin yolları bərbad vəziyyətdədir. Hətta qəsəbədə yerləşən 314 saylı orta məktəbə getmək üçün 1400-ə yaxın şagirdin gündə ən azı iki dəfə istifadə etdiyi yol keçilməz su səddinə çevrilib. Sakinlərin Binəqədi Rayon İcra Hakimiyyətində sakinlərin müraciəti üçün yaradılan 1646 xidmətinə, həm də onlayn formada rayon icra hakimiyyətinə müraciəti (şikayət nömrəsi 1727) Biləcəri Bələdiyəsinə göndərilsə də, hələlik hər hansı tədbir görülməyib. 

Qəsəbədə sakini Teymur Mirzəyev deyir ki, 10 ildən artıqdır Biləcəri bələdiyyəsinə vergi ödəyir: «Bələdiyyə bizdən hər il torpaq və əmlak vergisi tələb edir. Amma iş görməyə gələndə yoxa çıxırlar. Müraciətləritmizdən sonra bizimlə əlaqə saxlayıb heç olmasa məktəbə aparan yolda bərbad vəziyyəti aradan qaldıracaqlarını dedilər. Bundan sonra kimsə yolun kənarına gətirib 2-3 maşın torpaq töküb. Həmin torpağı da külək daim gölməçə olan yola dağıdıb. Əgər əvvəllər uşaqların suyun içərisi ilə birtəhər məktəbə gedirdisə, indi palçıqdan yol keçilməz olub. Məktəblilər məcbur olub hasarları aşaraq digər sakinlərin həyətlərindən keçib məktəbə gedirlər».

Məsələyə münasibət bildirən Biləcəri Bələdiyyəsinin sədri İlham Xəlilov vəziyyətdən xəbərdar olduqlarını bildirdi. Onun sözlərinə görə, bələdiyyə yalnız daxili imkanları hesabına məktəbə giriş yolunu cüzi təmir edə bilər: «Amma ümumi qəsəbədaxili yolu təmir etmək hələlik mümkün deyil. Bakı şəhərinin ətraf qəsəbələrində yolların təmir ilə bağlı işlər gedir və yəqin ki, yaxın illərdə bu yollar da dövlət tərəfindən təmir ediləcək».

Əməkdar memar Feyzulla Quliyev deyir ki, qəsəbədaxili yolların təmirinin kim tərəfindən həyata keçirilməsi hələlik qaranlıq məsələdir: «Bu yollar əslində bələdiyyələrindir. Amma bələdiyyələrin yolları təmir etmək üçün vəsaiti yoxdur. Bu səbəbdən əksər qəsəbələrdə yolların təmiri üçün dövlət tərəfindən vəsait ayrılır. Bununla bağlı da Dövlət Proqrammı qəbul olunub. Bir çox qəsəbələrdə yolların təmiri 2013-cü ilədək yekunlaşmalı idi. Sonradan bu proqrama əlavələr edildi. İndi məndə dəqiq məlumat yoxdur ki, Bakıətrafı yollarda təmir işləri nə zamanadək yekunlaşmalıdır. Amma istənilən halda dövlətin müdaxiləsi olmasa, bələdiyyələr öz güclərinə bu yolları təmir edə bilməz».

Ekspertlər isə hesab edir ki, kənd yollarının və qəsəbədaxili yolların təmir və yenidən qurulması üçün dövlətin ayırdığı vəsait icra hakimiyyətlərinə deyil, bələdiyyələrə verilməlidir. Bu halda ayrılan vəsait daha səmərəli xərclənər və daha çox yolu təmir etmək olar. Həmçinin, vəsait bələdiyyələrə verilsə, şəffaflıq daha geniş təmin olunardı. Bələdiyyələrin hər bir işinə «göz qoyan» icra orqanları isə ərazidə ayrılan vəsaitlə bağlı məlumat löhvələrinin vurulmasına çalışar. Bu olmasa belə, bələdiyyə ərazisində yaşayan əhali işin keyfiyyətinə nəzarət edə bilələr. 

İqtisadçı ekspert Rövşən Ağayev də hesab edir ki, kənd yollarının təmiri və yenidən qurulmasında bələdiyyələrin iştirakı təmin edilməlidir: «İşlər elə şəkildə qurulmalıdır ki, prosesi mexanizmlər idarə etsin. Hazırda isə prosesi mexanizmlər yox, fərdlər idarə edir. Belə olan halda ictimai vəsaitin mənimsənilməsi daha asan olur. Bəzən deyirlər ki, bələdiyyələrin yol çəkilişində təcrübəsi və lazımi texnikası yoxdur. Amma bələdiyyələr yol çəkən yox, yol çəkdirən qurumdur. Əgər pulu ustalıqla, gizli şəkildə oğurlamaqdan söhbət gedirsə, bələdiyyələr icra orqanları qədər təcrübəli deyil. Amma söhbət işin daha keyfiyyətli görməsindən gedirsə, bələdiyyələr bunu daha yaxşı icra edərdi. Çünki bələdiyyənin gördüyü işlərdə vətəndaşların iştirakı qaçılmazdır. Digər tərəfdən isə seçkili orqanlar nə qədər qapalı olsalar da, cəmiyyətə təyinatlı orqanlardan qat-qat açıqdılar». 

İqtisadçı Vüqar Bayramov kənd yollarının təmirinə ayrılan vəsaitin xərclənməsində şəffaflığın təmini üçün bir sıra tədbirlərin görülməsini vacib sayır: «Bu gün dünyada asfalt korrupsiyası deyilən bir termin var. Çünki yolların yenidən qurulması və təmirində korrupsiya halları daha çox olur. Bu halların aradan qaldırılması və şəffaflığın təmini üçün standartların tətbiqinə ehtiyac var. Amma Azərbaycanda bu sahədə standartlar yoxdur. Ayrılan vəsaitlərin həcmi isə reallıqdan dəfələrlə artıq olur. Avropada işçi qüvvəsi Azərbaycandan dəfələrlə bahadır. Bizim Avropa ölkələrindən daha artıq qiymətə başa gələn yollarımız isə kefiyyətdə Avropada çəkilən yollara bir neçə dəfə uduzur».

Qeyd edək ki, ölkə qanunvericiliyi də yerli əhəmiyyətli yolların çəkilişində bələdiyyələrin iştirakının təmin olunmasını tələb edir. «Avtomobil yolları haqqında» qanunun 7-ci maddəsində şəhər, qəsəbə və başqa yaşayış məntəqələri daxilində yerləşən yolların bələdiyyələrin mülkiyyətində olduğu birmənalı göstərilir. «Bələdiyyələrin statusu haqqında» qanunun 4-cü maddəsində isə göstərilir ki, yerli əhəmiyyətli yolların tikilməsi və saxlanılması bələdiyyələrin səlahiyyətindədir. Demək, kənd və qəsəbədaxili yollarının çəkilməsinin bu işi görməyə səlahiyyəti olan bələdiyyələrə deyil, başqa bir quruma həvalə edilməsi qanun pozuntusudur. 

 

Ucnoqta.az

ŞƏRH YAZ
Ad

E-mail

Şərh