Banner

“Bir avtobusa görə yüzlərlə maşın tıxacda qalır”: İntensiv işlər aparılmalıdır ki...

Yazarlar 20 Fevral 2024 14:38 Oxunub 682
“Bir avtobusa görə yüzlərlə maşın tıxacda qalır”: İntensiv işlər aparılmalıdır ki...
WhatsApp kanalımıza abunə ola bilərsiniz

“Bir avtobusa görə yüzlərlə nəqliyyat vasitəsinin dayanması insanlar arasında qıcıq yaradır”.

Bunu Bakıvaxtı.az-a açıqlamasında nəqliyyat eksperti Elməddin Muradov deyib.

Ekspert bildirib ki, avtobus zolaqlarının çəkilmə mahiyyəti bir müddət sonra ora digər maşınların da girə bilməsi deyil:

“Azərbaycanda artıq mikromobillik təcrübəsinə üsünlük verilir. Bu da o deməkdir ki, ictimai nəqliyyatın inkişafı onun üçün müəyyən şəraitin yaradılmasından keçir. Şərait yaradılır, düşünürəm ki, ən vacibi də elə avtobus zolaqlarıdır. Amma, mahiyyət etibarilə, bəzi yoldaşlar haqlıdırlar. Çünki kifayət qədər avtobus yoxdur, bəziləri sınıq-salxaq vəziyyətdə olduğu üçün xəttə də çıxmır. Belə olan halda, bir avtobusa görə, yüzlərlə nəqliyyat vasitəsinin dayanması insanlar arasında qıcıq yaradır. Ona görə, belə fikirlər meydana çıxır”.

Onun sözlərinə görə, ictimai nəqliyyatı inkişaf etdirmək istəyiriksə, zolaq mövzusunda təmkinli olmalıyıq:

“Avtobusların sayını sürətlə artırmalıyıq ki, bu işlər intensiv şəkildə görülsün. Bu mövzuda haqlı tələblər də ortaya çıxır. Misal üçün, saat 12-dən sonra avtobus işləmir. Avtobus işləmirsə, zolağın da bir əhəmiyyəti qalmır. Bu baxımdan, düşünürəm ki, bəzi hallarda nəzərə almaq lazımdır. Nəzərə alınsa, problem qismən həll olunar, tıxaca düşənlər vəziyyətdən çıxa bilər”.

Elməddin Muradlı: Kifayət qədər avtobus yoxdur, bəziləri sınıq-salxaq vəziyyətdə olduğu üçün xəttə də çıxmır

“Ümumi götürsək, bəzi yollarda yol polisi tıxac zamanı sürücülərə avtobus zolağında hərəkət etməyə icazə verir. Lakin intensiv halda avtobus zolağına daxil olmaq düzgün deyil, bu, işin effektini azalda bilər. Sürətli şəkildə addım atmaq lazımdır ki, avtobusların sayı çox olsun, zolaqda intensiv hərəkət olsun”, - deyə Elməddin Muradlı əlavə edib.

Xatırladaq ki, Milli Məclisdə bəzi deputatlar Bakıda avtobus zolağının tıxac yaratdığını iddia edirlər.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh