Bir həftədə ikinci “Porsche” faciəsi: səbəb maşındır, yoxsa sürücülər?

Yazarlar 9 May 2017 18:57 Oxunub 4544
Bir həftədə ikinci “Porsche” faciəsi: səbəb maşındır, yoxsa sürücülər?
WhatsApp kanalımıza abunə ola bilərsiniz
"Baxır bu nəqliyyat vasitəsini kim və hansı formada idarə edir"

Son bir həftə ərzində ölkədə “Porsche” markalı avtomobillə iki ağır qəza baş verib. Bunlardan biri artıq bir neçə gündür ki, ölkə ictimaiyyətində də geniş müzakirə və qınağa səbəb olan 16 yaşlı Ağəli Fərəcovun dəyəri 200 min manat olan “Porsche” ilə sürət həddini aşaraq 2 uşaq anasının ölümünə səbəb olduğu hadisədir. Digər faciəvi qəza hadisəsi isə Tovuzda baş verib. Belə ki, Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, mayın 5-də Zakir Qəhrəmanov adlı şəxs idarə etdiyi “Porsche” markalı avtomobili yolun kənarındakı daş hasara vurub. Hadisə nəticəsində Z.Qəhrəmanov dünyasını dəyişib, sərnişinlər Nurlan Hüseynov, Azad Fətullayev isə ağır vəziyyətdə xəstəxanaya yerləşdiriliblər. Almaniyanın avtomobil brendi olan “Porsche”nin Bakıda da rəsmi mərkəzi var. Biz də Bakı Porsche Mərkəzində olub, Azərbaycanda daha çox hansı modellərin satılması və onların texniki göstəriciləri ilə maraqlandıq. Mərkəzin ərazisinə daxil olduğumuz zaman burada “Porsche” həvəskarı olan gənclərin avtomobillə maraqlandığını, onları sürərək test etdiklərini gördük. İçəri daxil olub, mərkəzin əməkdaşları ilə görüşdük. Bildirildi ki, mərkəzin daxilində foto çəkmək üçün mütləq şəkildə Almaniyada oturan müvafiq şəxslərə müraciət etmək lazımdır. Yalnız onların icazəsi ilə mərkəzin daxilində mətbuat üçün foto çəkmək mümkündür. Bu səbəbdən mərkəzdəki modellərin fotolarını təqdim edə bilmirik. Lakin mərkəzdəki modellərlə bağlı bəzi məlumatları öyrənə bildik.

Əldə etdiyimiz məlumata görə, mərkəzdə satış sifariş əsasında həyata keçirilir. Yəni əksər hallarda müştəri istədiyi avtomobili sifariş edir, yalnız bundan sonra həmin avtomobil ölkəyə gətirilir. Həmin avtomobillərin qiymətləri isə sifariş əsasında müəyyən olunur. Hazırda mərkəzdə olan avtomobillərin bəzilərinin üzərinə “satılıb” lövhəsi də vurulmuşdu. Öyrəndik ki, digər avtomobillərin də bəziləri sifariş olunub və öz müştərilərini gözləyir. Satışa gəlincə isə bu, daha çox kredit formasında deyil, nağd şəkildə həyata keçirilir. Bildirildi ki, kreditlə satışın olub-olmaması onların deyil, bankların qərarıdır. Azərbaycanda ən çox hansı modellərin satılmasına gəlincə isə bu barədə də məlumat əldə etdik. Belə ki, azərbaycanlılar ən çox “Porsche cayenne” modelinə üstünlük verirlər. Bu modellərin isə qiyməti komfort və göstəricilərindən asılı olaraq 56 min avrodan, 145 min 937 avroya qədər dəyişir. Bu model avtomobillərin ən ucuzunun texniki göstəriciləri isə aşağıdakı kimidir: maksimal sürət həddi saatda 230 km, mühərrikinin həcmi 4,8 l, mühərrikin gücü 420 at gücü. Bu modellərin sürət həddinin saatda 284 km olan növləri də var ki, onların da qiyməti təxminən 271 min manatadır. Alıcılara gəlincə isə mərkəzdən qısa və konkret cavab verildi: “Alıcılarımız azərbaycanlılardır”.

Azərbaycanda “Porsche panamera” modeli də çox satılanlar sırasındadır ki, bu modellərin bəzilərinin maksimal sürət həddi saatda 310 km-dir. Belə olan halda isə azyaşlı uşaqların və ya bəzi şəxslərin uyğun olmayan yerdə sürətin həzzini yaşamaq istəkləri faciə ilə nəticələnir.

http://cdn.musavat.com/news/thumbnails/fd22677040c11b25cbeaa4ccfe510c02.jpg

Avtosfer.az xəbər verir ki, bu barədə Bakı Şəhər Baş Dövlət Yol Polis İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov “Yeni Müsavat”a bildirib ki, görülən tədbirlər nəticəsində sürət həddini aşmaya görə baş verən qəzaların sayı azalıb:

“2016-cı il ərzində istər Bakı şəhəri, istərsə də ölkə üzrə qeydə alınan yol-nəqliyyat hadisələrinin aşağı düşməsi nəticəsində həm ölüm faktlarının sayı azalıb, həm də xəsarət dərəcələri də yüngülləşib. Həmçinin bu il də Bakı şəhəri üzrə qeydə alınan yol-nəqliyyat hadisələrinin sayının azalması nəticəsində ölüm faktları aşağı düşüb. Təbii ki, hadisələrin baş verməsi, ”Yol hərəkəti haqqında" Qanunun tələblərinin pozulması ilə bağlıdır. Yəni sürət həddinin aşılması yol-nəqliyyat hadisələrinin baş verməsinə səbəb olan əsas məsələlərdəndir. Təyin olunmayan yerlərdən keçən piyadaların avtomobillə vurulması da yol-nəqliyyat hadisələrinin sayının artmasına təsir göstərən faktlardandır. Sonrakı yerlərdə isə qarşı hərəkət zolağına çıxmaq, təhlükəli manevr, texniki cəhətdən nasaz avtomobilin idarə edilməsi və sairə səbəblər dayanır. Bu gün Bakı şəhərində qeydə alınan sürət həddinin aşılması ilə bağlı yol-nəqliyyat hadisələrinin sayı aşağı düşüb. Misal üçün, 4 il öncə sürət həddinin aşılması ilə ümumi yol-qəza hadisələri 50 faiz təşkil edirdisə, indi bu rəqəm 32-33 faizə düşüb. Çünki sürət həddinin aşılması ilə bağlı tətbiq edilən xüsusi texniki vasitələr artıq bu problemi həll edib".

 

V.Əsədov bildirib ki, hadisələrin baş verməsinə səbəb nəqliyyat vasitəsi deyil: “Bu, nəqliyyat vasitəsinin markasından, növündən asılı deyil. Sadəcə olaraq, baxır bu nəqliyyat vasitəsini kim və hansı formada idarə edir. Məhz bu baxımdan avtomobillərin kateqoriyaya bölünməsi, sürəti ilə qəzaları əlaqələndirmək, hesab edirəm ki, doğru olmazdı. Bu avtomobilləri idarə edən sürücülərin hesabına həmin hadisələr baş verir”.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh