Birinin oduna hamısı yanan yol polisləri qarda-yağışda iş başında – FOTOLAR
Bəzən bir nəfərin səhvi yüz nəfərin zəhmətini heçə endirir. Amma doğruları bilənlər bilir ki, bir nəfər hamıya, hamı da bir nəfərə cavabdeh deyil. Dövlət yol polisinin sıralarında həqiqətən əziyyət çəkənlər, can qoyanlar, xidmətə canla-başla yanaşanlar var. Və mən tam əminəm ki, onların sayı çoxdur. Zaman-zaman onlarla birlikdə müxtəlif tədbirlərdə, reydlərdə iştirak edərkən gördüklərimdən bilirəm ki, bu uşaqlarla ölümə də getmək olar. Komandirlərin, rəislərin bir kəlməsi ilə özünü təhlükəyə atan, azğın, cinayətə meyilli sürücülərlə üz-üzə qalan bu polislərin əksəriyyəti ilə dostluq edirik. Onları haradasa görəndə dayanıb görüşmədən keçmirəm. Mənim onlara böyük hörmətim var. Onların əksəriyyəti sıravi yol polisləridir. Onların arasında hər gün xəbərləri izləyən, yol hərəkəti qaydaları, sürücülər və polislərlə bağlı baş verən yenilikləri diqqətdən qaçarmayanlar var. Bəzən ayaqüstü də olsa müxtəlif məsələləri müzakirə edirik, yenilikləri analiz edirik. Məndə xoş təəssürat oyanır ki, onlar nəsə öyrənməyə çalışırlar. Onları sadəcə, düzgün istiqamətləndirmək lazımdır. Onların hamısı mükəmməl insan deyillər. Onlar müxtəlif ailələrdən çıxıblar və müxtəlif təlim-tərbiyə görüblər. Onların hamısıyla ciddi işləmək lazımdır.
Mən gördüklərimdən və bildiklərimdən deyirəm ki, yol polisləri ilə dil tapmaq elə də çətin deyil. Onlar ünsiyyəti sevirlər. Onlara qarşı kobudluq etməsəniz, onlar da etməzlər. Amma etiraf etmək lazımdır ki, onların arasında həqiqətən də kobud və sürücü ilə davranmağı bilməyən, bacarmayanlar da var. Bax, yol polisini gözdən salanlar da belələridir. Belələri azdır və onları ayırıb xüsusi təlimlərə cəlb etmək lazımdır. Həmin əməkdaşlarla mütəxəssislər, psixoloqlar işləməlidir. Onları bu gün işə qəbul edib 3 aydan sonra xidmətə buraxmaq bəlkə də doğru yanaşma deyil.
Şəxsən mən son vaxtlar polisə qəbul prosesindəki yenilikləri diqqətlə izləyirəm. Daxili işlər naziri, general-polkovnik Ramil Usubovun çıxışlarını, tövsiyyələrini və ən əsası da tapşırıqlarını nəzərdən keçirirəm. Onun bütün əməkdaşlardan bir tələbi var; insanlarla qanunun tələblərinə uyğun ünsiyyət qurmağı bacarmaq, peşəkarlığı artırmaq və əzmli olmaq. Sonuncu tələbi çoxları yerini yetirir. Yol polislərində əzmkarlıq yüksək səviyyədədir. Gecə-gündüz işləyirlər, yayın istisində, qışın sərt soyuğunda onlar iş başındadır. Bunu yəqin ki, hamı görür. Onlar olmasa, nəinki qarda-boranda, elə adi vaxtlarda da bəzi sürücülər bir-birini basıb əzər, kefi istəyəni edər.
Amma bəzən yol polisinin ünsiyyət və peşəkarlıqla bağlı müxtəlif problemləri ortaya çıxır. Məsələn, hansısa bir sürücü yol polisini 1 dəqiqəyə hövsələdən çıxara bilir. Hansı ki, polis əməkdaşı səbrli, təmkinli olmalı, qarşısındakı vətəndaşdan qanuna uyğun olaraq tələblər irəli sürməli, müqavimətlə üzləşdikdə isə artıq sərt üzünü göstərməlidir. Amma bu sərt üz əlbəyaxa dava səviyyəsində, küçə hərəkətləri və jarqonları ilə yox, qanun çərçivəsində olmalıdır.
Yol polislərinin əksəriyyəti silah gəzdirmir, ona görə də silah tətbiqindən danışmırıq. Çünki bəzən bir intizamsız və tabe olmayan sürücünün qolunu burub maşına mindirərək aparanda bunu bəzi ağzıgöyçəklər «demokratiya və insan hüquqları» problemi sayırlar. Hələ yol polisi kiməsə silah çəksə, yəqin ki, Ermənistana da şikayət edərlər. Lakin artıq qanunvericilik də imkan verir ki, yol polisləri xüsusi vasitələr tətbiq edə bilsinlər. Bu da mümkün olmadıqda köməyə Post-Patrul Xidmətini çağırıb intizamsız sürücünü zərərsizləşdirmək olar.
Bu gün dəb halına düşüb ki, yol polisi sürücünü saxlayan kimi videosunu çəkirlər. Bu, normaldır. Yol polisi bundan qorxmasın və çəkinməsin. Sadəcə, özünü normal şəkildə təqdim edib qanunla işini görsün. Amma biz bəzən görürük ki, sürücü qanundan bir-iki sual verib sitatlar gətirən kimi yol polisi geri çəkilir və ya çaş-baş qalır. Lakin onu da qeyd etmək lazımdır ki, bu cür videolar arasında peşəkar yol polislərinin videoları da olub və hər kəs müsbət qarşılayıb. Görünür ki, peşəkarlıq və davranış qaydaları ilə bağlı problemlər mövcuddur.
Bəzən yol polislərini çox tənqid edirik, bəziləri az qala onları düşmən obrazında təqdim edir. Hətta, sosial şəbəkələrdə onların ünvanına təhqir yazanlar da olur. Bunlara yol vermək olmaz. Çatışmazlıq varsa, bunu göstərmək lazımdır. Təhqir etmək olmaz. Nöqsana yol verən hansısa polislə bağlı foto, video və ya yazılı müraciət varsa, hansısa saytda, elə Avtosfer.az-ın özündə yayılırsa, hamısına Daxili İşlər Nazirliyi tərəfindən dərhal reaksiya verilir. Bildiyim qədəri ilə hətta nazirliyin rəhbərliyi səviyyəsində mətbuatda, elektron mediada yayılan hər bir xəbərə dərhal reaksiya verilir və məsələnin araşdırılması üçün aidiyyatı orqanlara göstəriş verilir. Öz təcrübəmizdən bunu dəfələrlə görmüşük.
Bəlkə də yeganə nazirlikdir ki, DİN bu gün də mətbuata ciddi yanaşır və istər qəzetlərdə, istərsə də elektron kütləvi informasiya vasitələrində polislə bağlı yazılan hər bir yazıya dərhal reaksiya verilir. Bu, çox yaxşı haldır. Bunu yazmaqda məqsədim odur ki, sürücüləri yol polisləri də dava-dalaşdan və kobudluqdan çəkindirək. Əgər yol polisinin hansısa hərəkətindən narazısansa, dava-dalaş lazım deyil. Bütün mətbuat orqanları vətəndaşların üzünə açıqdır, həm mətbuat vasitəsilə, həm də poçt və elektron qaydada DİN-ə müraciət edə bilərsiz. Burada hansısa müraciət cavabsız qalmır.
Təqdim edilən fotoları özüm çəkmişəm. Bu polislərin bəzilərini şəxsən tanıyıram, bəzilərini isə yox. Amma onları hər dəfə yağışın, qarın altında, şaxtanın qarşısında xidmət apardığını görəndə həm üzülürəm, həm də qürrələnirəm ki, polis bizim keşiyimizdədir və biz sürücülərin rahatlığı üçün xidməti davam etdirir. Hər halda, yağışın altında, şaxtanın qarşısında, istidən yana-yana yolda heç kim boş-boşuna durmaz. Heç bilirsinizmi o asfaltın üzərində nə qədər xəstəlik var? Hansı ki, yol polislərinin günü o asfaltın üzərində keçir. Niyə onların maaşı idarə işçilərinin maaşından aqtıq olur? Çünki onların işi ağırdır, asfaltda o qədər dözmək çətindir, gün ərzində onlarla müxtəlif tip insanla ünsiyyətdə olub onların hamısını razı salmaq asan iş deyil.
Azərbaycanda bəlkə də 10 sürücüdən 1-i və ya 2-si ona yazılan cərimə ilə razılaşır. Kimi saxlayırsan maşından düşən kimi yol polisini asıb-kəsir. Hamı özünü haqlı sayır. Və yol polisi də bu adamların hamısı ilə dil tapmağı bacarmalıdır. Bunun üçün də ona şərait yaradılmalıdır. Ancaq bütün hallarda yol polisi-sürücü münasibətləri ilə bağlı maarifləndirmə işi aparılmalıdır. Sürücülər də bilməlidir ki, yol polisi onu saxlayanda hansı hüquq və vəzifələri var. Lakin təəssüflə bildirmək istəyirəm ki, bu gün Dövlət Yol Polisinin təbliğat işi gözə görünmür və formal xarakter daşımır. Yol polisinin təşəbbüsü ilə baş tutan tədbirlərin sayı son illər getdikcə artır. Səlahiyyətli həxslər mətbuatdan, televiziyadan kənar gəzir. Sanki onlara elə gəlir ki, televizya, radio, sayt və qəzetlər gəlib yol polisinin əvəzinə təbliğat işi aparacaq. Təəssüflər olsun ki, ictimai əsaslarla bu işi boynuna götürənlərə də bəzən tərs-tərs baxırlar. Məsələn, elə bizim Avtosfer.az saytına baxış heç də ürəkaçan deyil. İnformasiya dəstəyi yox, «Təhlükəsiz şəhər» kameralarının görüntülərini istəyirik, yox, heç bir təşəbbüs yox, hələ bizə irad da tuturlar ki, onu yazma, bunu yazma. Niyə? Axı biz yazandan sonra əksər məsələlər həllini tapır, həm siz rahat olursuz, həm sürücülər, piyadalar. Bunun nəyi pisidir ki?
Biz yol polisindən qaçmırıq, əksinə, daha da sıx əməkdaşlıq etmək istəyirik, çünki bütün problemlərin başında təbliğat dayanır. Lakin bu gün təbliğat aşağı səviyyədə olduğu üçün sürücü-polis münasibətləri də gərginləşir. Nəzərə almaq lazımdır ki, təbliğat kabinetdə aparılmır, isti otaqlardan bayıra çıxmaq lazımdır…
Deyirlər ki, yol polisi 3 növbədə xidmət aparır. Guya, səhər saat 8-dən axşam saat 4-ə birinci növbə, 4-dən 12-yə kimi ikinci növbə, 12-dən 8-ə kimi üçüncü növbə işləməlidir. Bəli, işləməlidir. Amma biz təcrübədə başqa mənzərə ilə üzləşirik. Səhər saat 7-də işə gələn yol polisləri 8-də xidmətə başlayır, axşam saat 8-də isə hər hansı mühüm tədbir olmasa, evə gedirlər. Deməli, onlar 12-13 saat iş başında olurlar. İndi gəlin görək, 13 saat iş başında olan və hər cür insan tipi ilə rastlaşan yol polisindən neçə tələb edək ki, yaxşı işlə, əsəbləşmə və qaydaları və əzbər bil? Bu, mümkündürmü? Qarda, boranda, yağışda, 45 dərəcə istidə bunu kim bacarar?
Hərdən öz-özümə düşünürəm ki, mən o yol polislərinin yerində olsam, neçə saat dayana bilərəm bu soyuqda? Bəs siz neçə saat dayana bilərsiz əziz oxucular? Əlbəttə, heç kim uzun müddət orada dayanan deyil. Amma onlar dayanırlar, dözürlər. İşlərini görürlər və dövlət də onlara maaş verir
Ancaq arzu edərdik ki, yol polisi daha mükəmməl işləsin. Xarici dildə danışan sürücünü görəndə «get» deyib uzaqlaşmasın, əsəbi sürücünü sakitləşdirməyi bacarsın, sürücü qışqıranda polis də ona qoşulub kobudluq etməsin, özü qayda pozub başqalarından qayda-qunan tələb eləməsin.
Bunları da onlara rəhbər şəxslər öyrətməlidir və tələb etməlidir. Baxın, avtomobildə dərman qutusu, yanğınsöndürən balon və qəza-dayanma nişanına görə yaranan ajiotajdan sonra məlum oldu ki, bir neçə rayonda, elə Sumqayıt şəhərinin özündə yol polisi bununla bağlı reyd keçirib. Düzdür, rəsmi qaydada təkzib olunsa da, ortada fakt var idi.
Yay mövsümündə çəkələklə maşın sürən sürücülərin cərimələnməsi ilə bağlı söz-söhbət də yarandı. Hansı ki, qanunla çəkələklə maşın sürmək qadağan deyil. Sadəcə, təhlükəlidir. Amma yol polisi tərəfindən çəkələyə görə saxlanılan sürücülər oldu. Sizcə, bunu sıravi əməkdaşlar edirdi? Sıravi işçi postda durub özbaşına olaraq sürücünü saxlaya bilər? Sıravi işçi reyd keçirə bilər? Əlbəttə, yox. Ona görə də, sıravi işçiləri irəli verib iş tələb edən rəhbərlər qayda-qanunları da onlara izah və tələb etməyə borcludurlar. Döyülən sıravi işçi, söyülən sıravi işçi, maşınla vurulan sıravi işçi, axırda cəzalanan da sıravi işçi olur. Niyə? Olmazmı ki, komandirlər, rəislər o sıravi işçini xidmətə buraxmazdan əvvəl mükəmməl şəkildə hazırlasın, yetişdirsin və normal iş rejimində işlətsin? Belə olarsa, nə yol polisi sürücüyə kəllə atmaz, nə də sürücü yol polisinə. Yol polisinə qaydaları, təlimatı tam öyrətsələr, hər gün 8 saat işlətsələr, düzgün istiqamət versələr nə saytlar, nə qəzetlər, nə də telekanallar onların biabırçı foto və videolarını yayıb gülüş və ikrah obyektinə çevirməyəcəklər.
Mətbuata «yazmayın» deməklə iş bitməz, mətbuatı dolayı yollarla bu cür foto və video yaymaqdan çəkindirməklə problem bitib-tükənməz. Sadəcə, özünüz özünüzü qaydaya salın, hər şey düzələcək. Çünki birinizin oduna çox vaxt hamınız yanırsız…
Elməddin Muradlı