Bizə yol polisi lazımdır, ya yox? - Razi Nurullayevə cavab
Bu gün yeni elan olunmuş Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, hörmətli Razi Nurullayev Azərbaycanda yol polisinin ləğv edilməsi təklifi ilə çıxış edib. O, yol polisini çox ağır və qeyri-etik ifadələrlə xarakterizə etməklə yanaşı, onların ünvanına sərt fikirlər də səsləndirib. Razi Nurullayev savadlı insandır və Azərbaycanı, dövləti heç də bizdən az sevmir. Lakin yol polisinin konkret ləğv edilməsi fikri heç də normal qarşılana bilməz. Bəli, biz də Avtosfer.az saytı olaraq onun açıqlamasını yaydıq. Eyni zamanda, onun açıqlaması ilə bağlı fikirlərimizi də bölüşmək hüququmuz var. Biz də yol polisi ilə bağlı neqativ halları tez-tez işıqlandırırıq, yazırıq, gündəmə gətiririk. Lakin bu o demək deyil ki, yol polisi lazımsız bir qurumdur. Lazımdır, özü də hər an. Ancan mövcud neqativ hallar aradan qaldırılmalıdır və biz əminliklə deyə bilərik ki, tədricən bu problemlər həllini tapır. Çünki biz bu işləri daim müşahidə edirik və görünən odur ki, irəliyə atılan addımlar çoxdur. Burada əməkdaşların peşəkarlığı, bədən quruluşu, sürücülərlə ünsiyyəti, xarici dil bilməsi, etik davranış qaydalarını qeyd etmək yerinə düşər. Həmçinin, onu da vurğulamaq lazımdır ki, bu gün xüsusən də Bakı şəhərində yol polisi əməkdaşlarının fəaliyyəti rəhbərlik tərəfindən müxtəlif texniki vasitələrin köməyi ilə nəzarətdə saxlanılır. Yerdə qalır, sürücülərin intizamlı olması.
Razi müəllim iddia edir ki, yol polisi yollarda hərəkəti tənzimləmək yox, pul yığmaqla məşğuldur. Lakin insan gərək başının üstündə Allahı unutmasın və yollarımızda, küçələrimizdə yağışın, qarın, istinin təsirinə baxmadan xidmət aparan yüzlərlə yol polisi əməkdaşının haqqına girmək düzgün deyil. Acı da olsa etiraf etmək lazımdır ki, həmin əməkdaşların arasında elə yollardaca müxtəlif xəstəliklər tapanlar var, sağlamlığını yollarda qurban verənlər heç də az deyil. Bizim hansı birimizi yolda 40 dərəcə istidə xidmətə cəlb etsələr, bir-iki saat dayanıb qaçarıq. Amma onlar dözürlər.
Bir anlıq təsəvvür edin ki, Azərbaycanda yol polisi yoxdur. Küçələrdə, yollarda nələr baş verər? Kim harada istədi maşın saxlayacaq, necə gəldi sürəcək, kimin maşını bərk gedirsə sürüb gedəcək. Bir balaca sıxlıq yaranan kimi qaydaları kənara qoyub öz bildiyi kimi hərəkət edən minlərlə sürücü var. Bəs onları kim idarə edəcək? Bəs, o tıxacları kim açacaq?
Deyirlər, hər yerdə kamera varsa, yol polisi nəyə lazımdır? Məgər, kamera sərxoş sürücünü qeydə ala bilir? Maşını sənədsiz sürənlər kameraya düşə bilir? Müxtəlif heyvan səsi çıxaran səs siqnallarının qoşulduğu avtomobilləri kamera nə edəcək? Bu qədər polis varkən hər gün az qala 100-dən çox sərxoş sürücü aşkarlanır. Bu sürücülərin hər biri qəza törədə biləcək potensial insanlardır və elə əksər ağır qəzalarda bunu sübuta yetiriblər.
Əksər sürücülər də razılaşır ki, qayda pozmasan yol polisi saxlamaz. Saxlayırsa, bu, nadir hallarda baş verə bilər. İndi sürücülər də əvvəlki kimi deyil. Əksəriyyəti hüquqlarını bilir. Bilməyənlərə də hər gün biz və başqa dostlarımız internetdə, radio və televiziyalarda izah edir, təbliğat aparır. Bəlkə də bu gün təbliğat o qədər də yüksək səviyyədə deyil. Amma iş gedir.
Bu gün yol polisinin işinin ən yüksək səviyyədə olduğunu demək də düzgün deyil. Ola bilər ki, texnologiyanın tətbiqi, vətəndaşlarla ünsiyyət, bəzən haqsız yanaşmalar var. Bunu DYP rəhbərliyi də etiraf edir və təsadüfi deyil ki, hər il onlarla yol polisi əməkdaşı cəzalandırılır, hətta işdən çızarılan, daxili işlər orqanlarından qovulanlar da var. Bütün bunlar vətəndaşların müraciətləri əsasında araşdırılır və təsdiqini tapan şikayətlər üzrə konkret addımlar atılır.
Son vaxtlar yol polislərinin üzərinə çox gedilir. Onların demək olar ki, bütün hərəkətləri izlənilir. Bir tərəfdən rəhbərlik, bir tərəfdən də əlində telefon və ya kamera ilə çəkiliş aparan vətəndaşlar. Üstəlik, hər tip insanla işləmək, iş rejiminin ağırlığı da yol polisi əməkdaşlarına əlavə yükdür. Gün ərzində 12-13 saat işləyən polisdən normal və ya yüksək səviyyəli iş gözləmək də doğru deyil. Onların normal iş rejimi, istirahəti olarsa, o zaman normal və dəqiq iş tələb edə bilərik. Amma ümumilikdə, bu gün yol polisi əməkdaşı o formanı geyinibsə, döş nişanı taxıb xidmətə çıxıbsa yazılan və yazılmayan bütün qayda-qanunlara əməl etməlidir. Vətəndaşlarl ünsiyyətdə son dərəcə diqqətli olmaq lazımdır.
Bütün bu deyilənlər heç də əsas vermir ki, yol polisinin işi lazım deyil. Başqa ölkələrdən nümunələr gətirilirsə, demək lazımdır ki, artıq Gürcüstan əvvəlki iş prosesinə qayıtmağa doğru gedir. Çünki ölkəni kameralarla nəzarətdə saxlamaq effekt vermədi. Ukraynada isə sərxoş sürücülərin törətdiyi qəzalarda ölənlərin sayı minlərlədir.
Razi Nurullayevin təklifləri arasında bəyəniləsi məqamlar da var. Lakin bunlar təkcə bizim və ya DYP-nin istəyindən asılı deyil. Bunlar dövlətin siyasətidir. Məsələn, sürücülük vəsiqələrinin verilməsi ilə bağlı işi daha dah təkmilləşdirmək olar. Evakuator məsələsi də sürücülərin "yaralı yeri"dir və bu barədə də düşünməyə dəyər. Çünki insanlar doğrudan da əziyyət çəkirlər.
Son olaraq qeyd etmək istərdim ki, yol polisinin fəaliyyəti bizə lazımdır. Sadəcə, işi günün tələblərinə uyğun şəkildə və daha mükəmməl formada qurmaq lazımdır. Bu gün tam səmimi şəkildə demək olar ki, qayda pozan, sürət həddini aşan, qarşı yola çıxan, svetoforun qırmızı işığından keçən sürücülər qayda pozmazdan əvvəl ilk növbədə sağa-sola baxırlır. Niyə? Çünki bilmək istəyirlər ki, yol polisi varmı? Kamera-radar varmı? Yol polisi və kamera varsa qayda pozmurlar, yoxdursa, öz bildikləri kimi edirlər. Sonra da yollardan evlərə meyit daşınır, insanlar şikəst olur, ailələr başsız qalır, maddi ziyana düşürlər.
İndi siz qərar verin; bizə yol polisi lazımdır, ya yox?
Elməddin Muradlı