BNA əlilliyi olan şəxslərin sosial inteqrasiyasına çalışır - FOTO
“Əlilliyi olan şəxslərin sosial müdafiəsi və tibbi-sosial reabilitasiyası dövlətin sosial siyasətinin mühüm tərkib hissəsidir. Ölkə başçısının uğurla həyata keçirilən sosial siyasətinə uyğun olaraq son beş ildə şəhər nəqliyyatında müyəssərliyin təmin olunması üçün də mühüm layihələr icra olunmaqdadır”. Bu barədə Bakı Nəqliyyat Agentliyindən məlumat verilib. Bildirilib ki, məqsəd əlilliyi olan şəxslərin sosial inteqrasiyası, onların cəmiyyətin həyatında digər vətəndaşlarla bərabər əsasda dolğun və effektiv iştirakına nail olmaqdır. “Ümumilikdə son 5 ildə 160-dan çox küçədə pandus quraşdırılıb. Mühüm sosial əhəmiyyət kəsb edən bu layihənin icrası sayəsində əlilliyi olan şəxslərin şəhərin küçə və prospektlərində hərəkəti asanlaşıb. Pandusların mailliyi səkilərə uyğun olaraq 8-10 faiz arasında dəyişir və sürüşməyə davamlı səthdən ibarətdir.
Sosial baxımdan vacib hesab edilən digər bir layihə isə “İdeal səki”dir. Bu layihə çərçivəsində səkilərdə hərəkətə maneə yaradan hallar tam olaraq aradan qaldırılır və səki boyunca görmə üzrə əlilliyi olan şəxslərin rahatlığı üçün hiss edilən plitələr döşənir. Hazırda 10-dan artıq küçədə səkilər bu formada yenidən qurulub və bu işlər davam etdirilir”.
Bakı Nəqliyyat Agentliyi küçə və prospektlərlə yanaşı yeni nəqliyyat infrastrukturlarında da müyəssərliyin təmin olunmasını vacib faktor hesab edir. Buna misal olaraq “Koroğlu Nəqliyyat Mübadilə Mərkəzini” qeyd etmək olar: “Son 5 ildə sərnişindaşımalarda müyəssərliyin təmin olunması üçün də təbdirlər görülməkdədir. 2015-ci ildən bu günədək paytaxta gətirilən 960-dan artıq avtobusun hamısında pahdus mexanizimləri mövcuddur. Ümumiyyətlə sərnişin avtobusları üçün müəyyən olunan norma və standartlarda müyəssərliyin təmin olunması da var”.
Azərbaycan Əlil Təşkilatları İttifaqının rəhbəri Davud Rəhimlinin “Qafqazinfo”ya bildirdiyinə görə, müyəssərlik məsələsi əlilliyi olan şəxslər üçün ən vacib sahələrdən biridir.
Bu insanların sərbəst hərəkətinin, müstəqil həyatının təmin olunması üçün ətraf mühitin uyğunlaşdırılması və müyəssərliyin mühüm rolu var. Bu istiqamətdə respublikada qanunvericilik sahəsində müəyyən işlər görülüb.Artıq təşkilat tərəfindən hökumətin sifarişi ilə ətraf mühitin əliliyi olan şəxslər və çətin hərəkət qabiliyyəti olan insanlar üçün müəyəssərlik qaydaları hazırlanıb və hökumətə təqdim olunub.
Qanunların icra istiqamətinə gəlincə isə, D. Rəhimli hesab edir ki, bu sahədə hələ də müəyyən problemlər var, Bakı şəhəri və ölkənin digər şəhər və rayonları əlilliyi olan şəxslərin tam sərbəst hərəkəti üçün uyğunllaşdırılmayıb. Lakin Bakı Nəqliyyat Agentliyinin bu sahədə atdığı addımlar digər qurumlar üçün nümunə ola bilər:
“Çox yaxşı haldır ki, bu sahədə müsbət təcrübələr var. Bakı şəhərində BNA-nın şəhərin yol keçidlərinin, səkilərinin əlilliyi olan şəxslər üçün uyğunlaşdırılmasında xüsusi rolu var. Bir çox hallarda onlar digər qurumlar üçün nümunədirlər. Hətta beynəlxalq standartalardan da yuxarı səviyyədə işlər həyata keçirirlər. Bakı şəhərinin mərkəzi hissələrindən başlayaraq yavaş-yavaş kənarlara doğru bu işlər görülür. BNA-nın gördüyü bu işlər sayəsində əlilliyi olan şəxslərimiz sərbəst şəkildə hərəkət edə bilərlər. Arzuolunandır ki, BNA-nın bu təcrübəsi digər təşkilatlara da ötürülsün, icra hakimiyyəti orqanları və infrastruktur sahəsində çalışan digər qurumlar da bu sahədə onlardan nümunə götürsünlər. Arzu edərdik ki, bu iş daha yüksək templə getsin. Çox yaxın vaxtlarda Bakı və digər şəhərlərimiz də əlilliyi olan şəxslərimizin hərəkəti üçün uyğun olsun. Bu insanlar da öz həyatlarında qura bilsinlər”.
Qeyd edək ki, BNA hərəkət məhdudiyyəti olan şəxslər üçün şəhər nəqliyyatında müyəssərliyin təmin olunması ilə yanaşı həm də əlillərin işlə təminatı məsələsinə də diqqət ayırır. İndiyə qədər 32 nəfər əlilliyi olan şəxs BNA-da daimi işlə təmin olunub. Bir nəfər əlilliyi olan gənc könüllülük prqoramında iştirak edir və işlə təmin olunacaq.