"BNA sayəsində daşıyıcı şirkətlər boğaza qədər borcun içindədir" - Ekspert
Bu gün yollardakı tıxaclara görə getdiyimiz mənzil başına mütləq gecikirik. Bir çoxumuz hər səhər bu səbəbdən işdə rəhbərlik tərəfindən danlanırıq da...
Paytaxtda tıxac problemi artıq adi hala çevrilib. Yeni tədris ilinin başlaması ilə ictimai nəqliyyata tələbatın, həmçinin hərəkət sıxlığının daha da artdığını müşahidə edirik. Bu gün Bakıda tıxaclar və avtobuslardakı insan sıxlığı hər birimizi narahat edən ciddi məsələdir. Məsələ sosial mediada və mətbuatda nə qədər gündəmdə saxlanılsa da, sərt tənqidlər edilsə də, hələ də öz həllini tapmayıb.
Şikayətlərlə bağlı əlaqədar qurumlara müraciət etdikdə isə şablon cavablarla qarşılaşırıq.
Mövzu ilə bağlı Redaktor.az-a münasibət bildirən nəqliyyat eksperti Elməddin Muradlı dedi ki, bu gün ictimai nəqliyyatın inkişafı əməldə yox, ancaq sözdə, gəlişigözəl cümlələrdədir.
“Bu gün ictimai nəqliyyat inkişaf etmir. Bakı Nəqliyyat Agentliyi, digər qurumlar və onları dəstəkləyən bəzi şəxslər sözdə ictimai nəqliyyatın güclənməsi, inkişafı barədə danışır, amma əməldə biz bunu görmürük. BNA sayəsində bu gün daşıyıcı şirkətlərin hamısı boğazına qədər borcun içindədir, böyük məbləğdə, uzunmüddətli kreditlər götürə bilmirlər. Çünki həmin marşrut xətləri onlara çox qısa müddətdə verilir. Yəni BNA sənədi o qədər qısamüddətli verir ki, şirkət gedib borc istəyəndə bank deyir ki, sənəd etibarlı deyil, çünki müddət qısadır, bəlkə 3 ay sonra bu xətt başqa şirkətə veriləcək? BNA daşıyıcı şirkətləri bu hala sala-sala ictimai nəqliyyatı inkişaf etdirəcəyik deyir. Bu inkişaf deyil. Bu məqsədyönlü şəkildə ictimai nəqliyyatı çökdürməkdir və demək olar ki, bu gün ictimai nəqliyyat çöküb. Daşıyıcı şirkətlər bu gün öz ciblərindən pul xərcləyir, hətta avtobuslarını satışa çıxarır. Bəziləri məcburiyyətdən avtobuslarının bir qismini xəttə buraxmır. Bunun harası inkişafdır? Bu tənəzzüldür”.
Ekspert bildirdi ki, bütün bu səbəblərdən insanlar şəxsi avtomobilə üstünlük verirlər ki bu da yollarda hərəkət sıxlığını artırır:
“Əlinə imkan düşən adam 3-4 min manat tapır, ilkin ödənişlə gedir maşın tapıb alır ki, canı ictimai nəqliyyatdan qurtulsun. Bu gün avtomobil alan 10 nəfərdən sorğu etsək, 4-ü avtobuslardakı bu vəziyyətdən bezib maşın aldığını deyəcək. Xüsusən də, işgüzar xanımlar maşın almaqda daha həvəslidir. İnsan işə nə qədər gecikər, nə qədər söz götürər? Məcbur kreditə girib maşın alırlar ki, yollarda qalmasınlar.
BNA-nın bu cür siyasəti nəticəsidir ki, avtomobilləşmə sürətlə artır. Təxminən il yarım əvvəl ölkədə rəsmi qeydiyyatda olan maşınların sayı 1 500 000 civarında idisə, bu rəqəm artıq 1 700 00-ə çatıb. Bu cəhətdən baxanda görürük ki, o maşınların 700 000-i Bakı şəhərindədir. Onlardan 600 000-i rəsmi qeydiyyatdadır, 100 000 civarında maşın isə gündəlik Bakıya gəlib-gedir. Paytaxtın yol infrastrukturuna baxanda görürük ki, mövcud yol şəbəkəsi bu qədər avtomobil tutumuna dözmür. Ona görə də bu problemlər yaranır”.
E. Muradlı onu da vurğuladı ki, bu gün paytaxtın metro şəbəkəsinin inkişaf etdirilməsinə də böyük ehtiyac var:
“Bir metro stansiyası 8 ilə tikilir. Tağı Əhmədov metronun sahibi olanda 1 stansiyanı 8 ilə tikdi, amma özünə bina tikdirəndə 1 ilə hazır etdi, təhvil verdi, satdı, pulunu da qoydu cibinə. Yəni özünə lazım olanda işi tezləşdirə bilir. Bu gün təəssüflər olsun ki, metronun inkişaf strategiyası yoxdur. Metro şəbəkəsini genişləndirmək üçün boş, öncədən planlanmış sahə lazımdır. Amma bu gün Bakıda xaotik tikinti gedir. Harada gəldi bina tikilir, elektrik, rabitə və digər infrastruktur şəbəkəsi qurulur. Metro stansiya tikiləndə də hesablanır, görürlər ki, baha gəlir geri addım atılır. Bunun üçün 20-30 il öncədən strategiya ortaya qoyulmalı idi. Tağı Əhmədovun milyonlar yığmağa başı qarışdı, metronu bazar etdi. İndiki rəhbərlik də ancaq boş-boş sözlər danışır, vədlər verir, amma ortada da heç nə yoxdur. Avtobus bu gündə, metro da bu vəziyyətdə. Yəni ictimai nəqliyyat bu gün bərbad vəziyyətdədir”.
E.Muradlı paytaxtdakı tıxac probleminin həlli üçün bəzi islahatların həyata keçirilməsinin vacibliyini də qeyd etdi:
“Bu vəziyyətdən çıxmaq üçün ya Bakını söküb yenidən tikməliyik, ya paytaxtı başqa şəhərə köçürtməliyik, ya da şəhərdəki böyük infrastruktur layihələri , dövlət qurumları, ictimai iaşə obyektləri, böyük müəssisələri, ali məktəbləri şəhərdən kənara keçirtmək lazımdır”.