"Bölgələrdə avtomobillərə elektrik doldurma stansiyalarının sayı azdır" - Ekspert çıxış yollarını AÇIQLADI
“Azərbaycanda elektromobillər üçün doldurma stansiyalarının sayının az olması bu sahənin inkişafına mənfi təsir edir”.
Bu fikirləri manset.az-a açıqlamasında nəqliyyat eksperti Elməddin Muradlı deyib.O, qeyd edib ki, elektromobillərlə bağlı Prezident İlham Əliyev tərəfindən imzalanmış “Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019–2023-cü illər üçün Dövlət Proqramı”nda xüsusi yanaşma var:
“Cənab Prezidentin tapşırığı bundan ibarət idi ki, 2019-2023-cü illər ərzində bu tipli avtomobillərin ölkəyə gətirilməsi stimullaşdırılsın, onların ölkədə servis xidməti və elektrik doldurma məntəqələri daha da genişlənsin. Artıq 2023-cü il dövlət proqramının icra mexanizmi başa çatır. Hələ də ortada tutarlı bir iş yoxdur”.
Ekspertin sözlərinə görə, elektromobil alan sürücülərin ən böyük problemi bölgələrdə elektrik doldurma məntəqələrinin sayının az olmasıdır:
“Sadəcə elektrik doldurma sistemi məsələsində problem yaranır. Bəzi inkişaf etmiş ölkələr bu tipli avtomobilləri satarkən vətəndaşa ucuz qiymətə üzərində elektrik doldurma qurğularını da verir. Bunu da vətəndaş aparıb evinin yaxınlığında bir yerə quraşdırır. Beləki vətəndaş o avadanlığı özü ilə hər yerdə gəzdirməlidir. Bölgələrdə bununla bağlı vəziyyət çox pisdir. Bölgələrdə elektrik doldurma məntəqələri barmaqla sayılacaq qədərdir. Vətəndaşlar ev şəraitində avtomobili şarj edirlər. Bu da çox təhlükəlidir. Bu yaxınlarda Bakıda taksi maşını evdə şarj edərkən yanğın baş verdi. Burda hər cürə təhlükəli vəziyyət yarana bilər. Telefonu şarj etdiyimiz elektrik yuvasına avtomobili qoşa bilmərik. 8 saata yığılan enerji 500 km bəs edir. Amma sürəti yüksəldəndə enerji çox gedir deyə 400-ə km-ə düş bilir. Tutaq ki, hər hansı rayona getdiz və avtomobilin enerjisi bitdi. Oturub 8 saat və ya 10 saat avtomobilin şarj olmasını gözləməlisiz”.
Elməddin Muradlı hesab edir ki, dövlət tərəfindən bütün yanacaq doldurma məntəqələrinə elektrik doldurma paneli quraşdırılması ilə bağlı tapşırıq verilməlidir:
“ Məsələnin ən rahat çıxış yolu yanacaq doldurma məntəqələrinin üzərinə elektrik doldurma stansiyalarının yaradılması ilə bağlı şərt qoymaqdır. Rayon icra hakimiyyətləri bu işdə maraqlı olmalıdırlar. Əslində bu bir biznesdir, gələcəyə hədəflidirsə burada dövlətin marağı olmalıdır. Bu qazanc güdüləsi bir məsələ deyil. Bu gün insanlar sadəcə maraqlanırsa, əmin olun 5-10 ildən sonra indiki ənənəvi yanacaq doldurma məntəqələrində gördüyümüz növbələr elektro avtomobillər üçündə yaranacaq. Hətta artıq hibrit avtomobillərin yeni versiyaları gəlir ki, o da enerji ilə çalışacaq.
Bu dövlət proqramı olduğuna görə dövlətin həyata keçirməli olduğu bir işdir. Təbii ki, bu məsələdə özəl sektorun da marağı ola bilər. Dövlət şərt qoya bilər ki, siz elektrik doldurma məntəqələri yaradırsız, biz sizə vergi güzəşti tətbiq edirik. Sahibkar da maraq göstərir və bunu qurur. Məsələn, yanacaq doldurma məntəqələri böyük ticarət mərkəzlərinin həyətində və s. yerlərdə quraşdırıla bilər”.