Bu maşınlar 10 ildən sonra tarixə qovuşacaq - Avtomobil sektorunu nələr gözləyir?
Avropa Komissiyası artıq 2035-ci ildən etibarən bütün karbon emissiyalı avtomobillərin Avropa qitəsində istehsalı və satışını qadağan etdi. Həmin tarixdən etibarən qoca qitədə yalnız sıfır karbon emissiyalı avtomobillər satışa çıxarılacaq. Bəs bu qərar daxili yanma mühərriklərinin sonunu gətirirmi? Cavab həm HƏ, həm də YOX ola bilər.
Avtosfer.az xatırladır ki, 2021-ci ilin iyulunda Avropa İttifaqı ölkələri 2050-ci ilədək karbon neytrallığına nail olmaq üçün prioritet tədbirləri elan etmişdi. Bunların başında da avtomobillərin daha təmiz güc qurğuları ilə təchizatı dayanırdı. Təxminən 1 il ərzində 27 ölkənin parlamentləri müəyyən təkliflər versələr də, əsas müddəalara heç kim toxunmadı. Düzəlişlər də əsasən vatla bağlı idi.
Sənədə görə, 2030-cu ilədək təzə avtomobillərdən xaric olunan karbon qazı 55% azalmalı, 2035-ci ildə isə göstərici 100% olmalıdır. Texniki dildə desək, 2035-ci ilin yanvarın 1-dən konveyerdə qalmaq hüququ yalnız elektromobillər və hidrogen mühərrikli avtomobillərə nəsib olacaq. Başqa sözlə, metan, propan və ya avropalıların sevimlisi olan E85 yanacağı ilə işləyən nəqliyyat vasitələri tədricən tarixə qovuşacaq. Avtomobil istehsalçılarına isə yeni bazar açılacaq. Avropa qitəsinin təzə avtomobilə illik ehtiyacı 10 milyon ədəddir.
Qanunun Aİ-nin “Rəsmi Jurnal”ında çap olunmuş mətninə nəzər yetirsək belə bir vəziyyəti müşahidə edərik: belə ki, qanun karbon neytrallığı təmin edən yanacaqlardan istifadəni qadağan etmir. Bura ilk növbədə sintetik yanacaq və hidrogen daxildir. Bu istisna barədə də Avrokomissiya yaxın vaxtlarda əlavə izahat verəcək. Həmçinin illik istehsal həcmi mindən çox, on mindən az minik avtomobili və ya 22 000 yüngül kommersiya avtomobili istehsal edənlər də istisnadan faydalana biləcək. Eyni qayda illik satış həcmi 1000 avtomobili keçməyən istehsalçılara da şamil olunur. Bura bir qayda olaraq “Bugatti”, “Lamborgini”, “Ferrari” kimi lüks seqment istehsalçıları daxildir. Onların da əsas bazarı Avropadan kənarda formalaşır. Digər tərəfdən, 3 il sonra qüvvəyə minəcək Avro-7 standartına isə yalnız son model hibridlər cavab verə biləcək.
Yeni qaydaların məqsədi
Avropa Komissiyasının statistikasına görə, İttifaqdakı karbon emissiyalarının 30%-i avtomobillərin payına düşür və bu həcm davamlı olaraq artır. Quru nəqliyyatının xaric etdiyi işlənmiş qazların 60%-i avtombillərin payına düşür. 280 milyon avtomobilin şütüdüyü Avropada dünyadakı illik dəm qazının 10%-i formalaşır. Dünya üzrə karbon emissiyalarının 1,45%-i Avropa ittifaqında istismar edilən minik və yüngül kommersiya avtomobillərinin payına düşür.
İnfrastruktur məsələləri
Elektromobilə keçid asan proses deyil. Təxminən 120 il ərzində formalaşmış sistemi bir neçə ilə dəyişmək real görünmür. Strategiyaya görə Avropa yollarında hər 60 kilometrdən bir 300 kilovatt gücündə azı 1 doldurma məntəqəsi quraşdırılmalıdır. 60 kilovatlıq 1 batareyanın 2 dəqiqədə doldurulması üçün 1,8 meqavatt güc tələb olunur. Bu da 1500 mənzilin eyni anda istifadə etdiyi gücə bərabərdir.
İşin ekoloji tərəfinə gəlincə, elektromobilin ekoloji, yəni yaşıl olması üçün onun istehsal mərhələsində sərf edilən elektrik də təmiz mənbələrdən gəlməlidir. Ən böyük çətinlik isə batareya istehsalında tətbiq edilən elementlərin hasilatı zamanı ətraf mühitin çirklənməsidir. Brüssel bu məsələni də xüsusi diqqətdə saxlamağa çalışır.
Yuxarıda qeyd etdiyimiz hidrogen yanacağına gəlincə: bu qazın yanması zamanı havaya yalnız su buxarı xaric olur. Lakin onun istehsalı böyük elektrik xərci tələb edir. İstehsal zamanı həm də böyük istilik hasil olunur (dəmir yolunda bunun həlli tapılıb – müəl.).
Hidrogen özünü dəmir yolunda sınaq zamanı doğrultsa da, eyni şeyi avtomobil sektorunda demək mümkün deyil. Bu elementi sıxılmış halda saxlamaq metandan daha çətindir.
Sonda, 2035-ci ildə tətbiq ediləcək qaydalar hələ ənənəvi daxili yanma mühərriklərinin muzeyə və ya metal emalı məntəqəsinə veriləcəyi anlamına gəlmir. Avropa normalarına görə hər bir şirkət istehsalı dayandırılmış modelin ehtiyat hissələrinin bazarda mövcudluğunu azı 8 il təmin etməlidir. Digər tərəfdən, yük avtomobillərinin təmiz enerjiyə keçidi 2040-cı illərin sonuna nəzərdə tutulur. Bu barədə hələ ki, konkret qərar yoxdur. Bu da deməyə əsas verir ki, əsrin ortalarınadək dünya və Avropa yollarında daxili yanma mühərrikli avtomobillərə rast gəlmək mümkün olacaq.
Avropadan kənarda isə vəziyyət başqa olacaq. Bu gün Rusiya, Türkiyə, İran və Özbəkistan kimi ölkələrdə 70-80-ci illərin modeli olan avtomobillər başqa adla (Lada Largus, Lada Niva, Renault, Peugeot, Khazar, Ravon, Mahindra) kütləvi istehsal olunur. Afrika ölkələrində isə avtomobillərin əksəriyyəti heç Avro-1 standartına cavab vermir.
Vüqar Yaşaroğlu